Türkün ilk məbədi: Orhon sahilindən Reportaj+Fotolar
(Yazının əvvəlini BURADAN oxuya bilərsiniz)
...Təqribən 300 kilometr yolu qət edəndən sonra, Orhon çayının sahilində dayanırıq. Tanrı bu yerləri necə gözəl yaradıb. Orhon çayı haqqında Kulteginin və Bilgə xaqandan qalan daş kitabələrdə yazılır. Bu çayın ətrafında Böyük Göy Türk imperiyasının əsgərləri, əhalisi yaşayıb. Tanrının əhvalının ən gözəl vaxtında yaranıb bu yerlər.
Orhon çayı, onunla üzbəüz dağ və onun yamacları buralara elə bir gözəllik bəxş edib ki, insan gözü baxdıqca doymur. Çayın sahilində dincələndən sonra yolumuza davam edirik.
Hava qaralar-qaralmaz Erdenet şəhərinin yanından keçirik. Şəhərin yaxınlığında görünən metallurgiya kombinatını xəbər alırıq. Napil bəy deyir ki, 1974-cü ildə Sov.İKP MK-nın Baş katibi L.İ.Brejnev bu ölkəyə səfər edərkən burada dağ-mədən kombinatının haqqında iki müttəfiq və dost ölkə arasında saziş imzalanır. O gündən sonra qəsəbə şəhər statusunu alır. 1978-ci ildə kombinatın açılışı olur. Elə həmin ili burada dəmir yolu xətti də fəaliyyətə başlayır.
Yollar, bizə yol verin
Gecə saat 01:12-də bizim olduğumuz avtobus asfalt yolu arxada qoyub, dərə-təpə, dağ yamaçları ilə Bayan-Aqt qəsəbəsinə yol alır. Yollarda heç bir işarə yoxdur. Hərdən bir sürücü Suxbattardan mənzilə nə zaman çatacağmızı soruşanda deyir ki, 1 saat qalıb. Bir az dağ yolları ilə gələndən sonra güclü yağışa düşürük. Qara-qara buludlar göy üzündə yolları seçməyə imkan vermir. Arxamızca gələn digər avtobus və avtomobillərin də sürücüləri bir-birinin işığına yol gedirlər.
Maraqlı orasıdır ki, Yağışla dolu gölməçələrdə, yollarda avtomobillərin təkəri batmır. Deyirlər ki, Suxbattar bu yolları gözüyumulu tanıyır. Birdən hiss edirik ki, gecənin bir aləmində yolu azmışıq. Karvanımız gəldiyimiz yolu geri dönür. Bizim avtobusda olan sərnişinlərin kefi çox yixarıdır, lətifə danışırıq. Hətta azıb qalacağımız halda, bu kimsəsiz-səssiz və rabitə, işıq olmayan yerdə nə ilə qidalanacağımız haqqında düşünəndə, zarafat edərək belə qərara gəlirik ki, hər dəfə bir adamı kəsib yeyəcəyik. Ən çox narahat olduğumuz isə odur ki, avtobusun yanacağı qurtarsa, +3 dərəcə soyuq havada səhəri necə açacağıq.
Bizim olduğumuz avtobusda narahatçılığımız zarafatla ötüşdüyü vaxtda, sən demə Türkiyədən olan qonaqların araında sözün əsil mənasında narahatlığı yaranıb. Burada yeri gəlmişkən bir məqamı da qeyd edim ki, fərqli statusa malik Darhan bəy bu səfərdə özünü qonaqların hər biri ilə eyni səviyyədə tutur, hətta arxada gələn rahat CİP avtomobilinə də otura biləcəyi halda, hər birimizlə bərabər olub, avtobusda gəlməyə üstünlük verib.
Türklərin ilk məbədi
Sürücü səhər saat 7-nin yarısında bizi Bayan Aqt turist mərkəzinə gətirib çıxaranda, hamımız onu əl çalmaqla alqışlayaraq maşnlardan yerə endik. Ətrafda həzin bir sakitlik var idi. Avqust ayının gəlişi otların üzərinə səhər şehi salıb. Ətrafda elə bir hava var ki, insan ciyərlərinə çəkdikcə rahatlanır.
Bizi çadır evlərdə yerləşdirirlər. Çadırların ortasından odun sobasının tüstüsü çıxır. Ekspedisiyada cəmi iki qadın olduğumuzdan mən və Haticə Şirin üçün yataq yeri ən birinci həll edilir. Buraların sahibəsi lap bahalı otellərdə işlədilən ağ döşəküzü və örtüklə yatağımızı hazırlayır. Odun sobasının qarşısına da xüsusi qabda odun gətirilir. Və bir anın içərisində çırta-şırtla yanan odunun istisinə isinirik. Yol boyu üşüməyimiz də yaddan çıxır.
Günorta saat 11-də bizə xidmət edən briqada yenə çay süfrəsi hazırlayır, yeməyimizi yeyib Şviit Ulana yol tuturuq. Bu kompleksin varlığını ilk dəfə olaraq Monqolustan Milli Elmlər Akademiyası ilə birlikdə Beynəlxalq Türk Akademiyası üzə çıxarıblar. Çoxluq Monqolustan tərəfdən olmaqla, türk dünyasının da bir neçə arxeoloqu buradakı qazıntılarda işə başlayıblar. İlkin nəticələri dünyaya çatdırmaq, dünyanı xəbərdar etmək üçün professor Darhan Kıdıralı bizi yığıb bu müqəddəs məkana gətirib.
Kompleksə çatanda bizi yerli əhali milli geyimlərində və ətrafda qalanmış iki tonqalla qarşıladılar. Bu yerlərdə xoş məramlı qonaqları belə qarşılayarlar. Od yandırmaq həm də təmizlənmək adətindən irəli gəlir. Yerli inanclara görə, pis niyyətli insanlar bu ocaqların arasından keçib gedə bilməzlər. Biz uyğun ayinlərə əməl edib, Qırmızı Qala-Şiveet Ulan kompleksinin üst hissəsinə çıxırıq. Məbədin aşağısında iki üzbəüz dağın ətəyində həm Xanuy dərəsi yerləşir, həm də bu dərəni iki hissəyə bölən Xanuy çayı axır. Bu çay Selengə qoluna birləşərək, gedib Orhan çayına tökülür. Məbədin hansı tərəfinə dönürüksə, gözəllikdən gözlərimiz qamaşır. Tanrı Yer üzünə bu qədər gözəlliyi verməyə xəsislik etməyib. Bəlkə elə ona görə də bu yerlərin insanları belə səxavətli, açıq ürəkli, mal-dövlətə biganədirlər. Onlar 40 dəqiqəyə söklüb yığılan bir çadırla kifayətlənərək, sahibləri olduğu mal-heyvana baxmaqdan başqa heç nəyin fərqinə varmırlar. Onlar üçün bir mütləq həqiqət var: Təbiəti və Göyləri incitməmək!
Məbəd kompleksinin ətrafını gəzirik. Bələdçi girişdə 10 ədəd iri daş parçalarından olan hörmə divarların nişanələrini göstərir. Bu daş parçaları dairəvi kompleksin hər tərəfində keşikçi kimi düzülüblər. Bundan əlavə, məbəd və ya müqəddəs məkan adlandıracağımız bu yerdə insan formasında yonulmuş 8 ədəd balbal daşı, 2 şir heykəli, 2 it heykəli, 5 ədəd isə daşlardan yonulmuş qoyun heykəli var.
Heykəllərdən birinin yanında anasına sığınmış quzu abalası da dayanıb. Və bir də ki, yerdə uzadılmış həmin o Məngu Daş. Bu daşın üzərində 63 tamqa (damğa) var. Bu damğalar Türk soylarının varlığını yenidən yaşadan Aşina evinə məxsusdur. Aşina einin sahibi isə Kutluq xaqan olub. 6-cı əsrin sonlarında türk ellərini bir araya yığaraq, qurultay keçirib. Qurultayı keçirən Kutluq xaqana bu xeyirxah əməlinə görə o zaman El Teriş də deyərdilər. Yəni eli bir araya yığan.
Professor Darhan Kıdıralının fikrincə, kompleks Göy Türklərin birinci dövlətçiliyi zamanından mövcud olub:
- Buralar türkün daş məktublarında, yazılı mənbələrdə adı keçən Ötükənin özüdür. Çünki indi məbəd adlandırdığımız bu dairəvi kompleksin ortasında dayananda, uzanana üfüqlərin, görünən dağların hər yerinə olan məsafə eyni ölçüdə görünür. Və tam arxayınlıqla demək olar ki, dayandığımız nöqtə dünyanın mərkəzidir. Ən maraqlı hadisə isə odur ki, bü yuksəkliyin üzərindən buludlar yerə baxıb keçərlər, bu məbədin üzərində yağmazlar.
Arxeoloqlarımızın üç ay ərzində apardıqları axtarış nəticəsində isə həmin tarixin kiçik bir pəncərəsini aça bilmişik. Bu məbədin ətrafında qurbangah, ocaq qalamq üçün yer ondan xəbər verir ki, Tanrıçılıq dini hələ İkinci Göy Türklərin zamanından mövcud olub. O zamandan qalan daş kitabələrdə də bu dinin mövcudluğuna işarələr var.
Burada arxeoloji qazıntılar zamanı tapılan bütün hər şey, dünyada beşinci din kimi tanınacaq Tanrı dininin daha əvvəl mövcid oldiuğuna sübutdur. Dünyada 3000 danışan dil var, onların təkcə 200-ünün əlifbası mövcuddur. Bu gün biz də bu nadir tapıntılarımızla, türklərə “Sizin kitabınız olmayıb” deyənlərin də cavabını vermiş oluruq. Məlum olur ki, bizim kitablarımız və yazılarımız daha qədimdir. Burada yeni aşkar olunan tapıntıları görən ekspedisiyada iştirak edən alimlərin hər biri belə qənaətə gəldilər ki, Ötükəndə qədim türklərin çox güclü bir dövləti və imperiysı olub.
Darhan Kıdıralı onu da dedi ki, İslam dinini türk torpaqlarına yaymağa gələn missionerlər türklərdən onların allahlarının harada olduğunu soruşanda, qədim türklər onlara “Allahı təsəvvür etmək olmur”- deyə göyləri göstərmişdilər. Bəlkə elə buna görə də, türklər İslam dinini belə asanlıqla qəbul edə bilmişdilər. Bütün bu sübutlara baxmayaraq, bizim burda çox uzun və sanballı araşdırmalarımız olacaq.Məbədin içərisində hələ çox sirrlər yatır.
Məbədin baş arxeoloqu Napil Bazılxan daş heykəllərə diqqət çəkərək bildirdi ki, bu heykəllərdən qoyun və şir füqurlarından bütün türk ölkələri ərazilərində mövcud olub. Yerli əhali isə bu gün Tanrının və Göylərin onlara acığı tutmasın deyə bu daşların yerləşdiyi yerə gəlib onların yanına süd və düyü də qoyurlar.
Bu məkana ziyarətə gələndə burada pis fikirləşmək, bəd sözlər danışmaq olmaz. Tanrı belə inanları sevməz. Bir çox insan və heyvan fiqurlarının başlarının bədəndən ayrılmasını isə, o çinlilərin bu yerlərə yürüşü zamanı fəlakət gətirdikləri ilə əlaqələndirdi. Çinlilər belə hesab ediblər ki, bu daşların ruhu var. Belə heykəllərdən qorxublar və onları sındıraraq, mövcud heykəldəki gücləri özlərinə çəkiblər.
Bundan əlavə, 18-ci əsrdə bu yerlər aşkar olunana qədər isə ərazidə 15 dəfədən çox talan və çapqınlar olub. Bura gəlib-gedənlər məbədin bir çox sirlərini və eksponatlarını daşıyıb aparıblar. Biz indi, daha çox daş yazılar tapmağa ümidliyik. Və yəqin ki, Sveet Ulan-Kutluq Xaqan Məbədi bundan sonra bir çox sirrlərini bizə açacaq, biz isə dünyanı təccübləndirə biləcəyik.
(Ardı var)