Üçlük gəlinən `üçlük`

Üçlük gəlinən `üçlük`
  13 Avqust 2013    Oxunub:1854
Və yaxud bir həftədə üç səfər
Sahib Alıyev
Xüsusi olaraq AzVision.az üçün

Moskvadakı üçlük - Söyün Sadıqov, Rüstəm İbrahimbəyov və... gəlin, o adamı belə adlandıraq: “heç kim” (artıq o, doğrudan da heç kimdir) oturub Putinin Azərbaycana səfərinin başa çatmasından sonra onlara veriləcək tapşırığı gözləyirlər. Bakıdakı “üçlük” də gözləyir. Rüstəmbəyovun taxta çıxacağı təqdirdə azı iki il ölkənin baş naziri, Milli Məclisinin spikeri və Prezident Adminstrasiyasının rəbəri postuna əyləşəcəkləri vəd edilən cənabları nəzərdə tuturam - Əli Kərimli, İsa Qəmbər və Eldar Namazov.

Fəqət hər şey indidən gün kimi aydındır. Moskvadakı “üçlüyə” hansı tapşırığın verilməsindən asılı olmayaraq, Bakıdakı “üçlük”dən heç kim ona vəd edilən postu tuta bilməyəcək. Əməliyyat artıq sona çatıb. Bakıdakı “üçlüy”ə üçlük gəliblər.

Amma ədalət naminə deyək ki, bu, üçlük gələnlərin özlərindən asılı məsələ deyil. Necə deyərlər, onlar tapşırıq quludurlar, nə əmr edilibsə, onu da yerinə yetiriblər. Yəni oradakı “üçlük” də, burdakılar da çox cılız fiqurlardır. Baxmayaraq ki, aralarında İbrahimbəyov kmi dünyada tanınmış birisi də var idi. Ssenarist kimi. İni isə başqa cür tanınır.

Bəlli olur ki, Söyün Sadıqov Rusiya gizli servisinin gözündə Moskvada otrub Azərbaycandakı proseslərə müdaxilə edən, daha dəqiqi bu haqda tapşırıq alan digər iki nəfərdən daha qiymətli imiş. Çünki o, əməkdaşlığa cəlb edilənlərdən yox, əməkdaş olub. Yerı gəlmişkən həmin struktur əməkdaşlığa cəlb ediləni heç zaman əməkdaş qismində mətbəxə soxmur. Belələrinin vəzifə pilləsində lap baş nazirin müavini postunadək yüksəlmələrinə dəstək verilir, amma servisin özündən uzaqda saxlanılırlar. Çünki birisi asanlıqla agent olursa, onun iki və yaxud üçqat agentə çevirilməsi elə də çətin deyil. Və lazım gələndə belələrini qurban vermək də o sıradan.

Bir sözlə, Moskva və Bakıdakı bu “üçlük”lərin onları oynadanların gözündə 3 qəpiklik qiymətləri olmadığı meydana çıxdı. Faydalanıldılar, vəssalam.

Adlarını açıqladıqlarımı qoyuram bir qırağa, açıqlamadığımın üzərində dayanıram. Hamı gördü Azərbaycanda sayılıb-seçilənlər cərgəsinə qatılan, burada var-dövlət yiyəsi olan bu adam Rusiyaya köçəndən az sonra verilən bircə tapşırıqla necə başladı nala-mıxa vurmağa. Bir tərəfdən sədaqət andı içir, digər tərəfdən isə and içib biət etdiklərini bir gün gedəcəklərilə hədələyirdi. İbrahimbəyov kimi ona da Azərbaycanın başına gətiriləcəyi ilə bağlı verilən vəd üçlük gəlmək idi. Eləsi onu bu vəzifəyə əyləşdirənlərdən azca güclü birini görən kimi başlayacaqdı onlara işləməyə. O üzdən belələrinin Moskvanın gözündə üç qəpik dəyərləri yoxdur. Əllərinə fürsət düşən kimi üçlük gələcəklərini bilir və ona görə də üçlük gəlirlər.

Yəqin oxuculardan kimsə mənim “azvision.az” da “Sədaqətlilik liderlikdir” adlı yazımla tanışdır. Orada qeyd etmişdim ki, sədaqətsizdən lider olmur. Beləliklə, Bakıdakı üçlüyün Moskva ilə bağlı gözləntiləri fıs çıxdığı kimi, Moskvadakı üçlüyün də Bakıya gəlmək, özü də fərqli statusda gəlmək arzuları elə arzu olaraq da qaldı. Rusiya Prezidenti Vladimir Putin Bakıya başqa bir üçlüklə, komandasının üç önəmli təmsilçisi İqor Seçin, Sergey Şoyqu və Sergey Lavrovla gəlir. O adamlarla ki, Rusiya Prezidentinin sözlərini çatdıran da, ona söz çatdıran da elə məhz bunlardır.

Putinini ən yaxın adamı və “Rossneft”in prezidenti İqor Seçindən, müdafiə və xarici işlər nazirləri Şoyqu və Lavrovdan başqa Rusiya prezidenti ilə Bakıya gələnlərin içərisində daha bir neçə önəmli şəxsin olduğu görüb də demək olar ki, bu səfər gözlərini həsrətlə Moskvaya dikib oradan vəzifə payı gözləyən Bakıdakı “üçlüy”ə yaxın qəzetlərdə birazdan Azərbaycanın artıq Rusiyanın orbitinə keçməsi kimi qiymətləndiriləcək. Cəmi 3-4 ayın içində rusafobdan rusofilə çevirilənlərdən bunu gözləmək tam təbiidir. Amma, əgər nəzərə alsaq ki, Putinini səfərindən öncə gələn il Avropa Birliyinə rəhbərlik edəcək İtaliya kimi bir ölkənin baş naziri Bakıda idi və Rusiya Prezidentinin səfəri başa çatar-catmaz Qəbələdə türk dövlətlərinin zirvə görüşü keçiriləcək, bunun belə olmadığını və olmayacağını söyləmək üçün əlavə arqumentlərə ehtiyac qalmır.

Aydındır ki, artıq öz peyki də olan Azərbaycan, obrazlı desək öz, orbitindədir və orada qalmaqda da davam edəcək. Putinin səfəri isə sadəcə, bəzi anlaşılmazlıqların aradan qaldırılmasına , iki ölkənin daha səmərəli və daha proqnozlaşdırılan əməkdaşlığına yol açmaq üçündür. Və orası da unudulmamalıdır ki, hər üçündə harasa səfər edən Azərbaycan Prezidenti deyil, səfər edilən ölkə onun ölkəsidir.


Teqlər:  





Xəbər lenti