Anatoli Brodski: “Məni bakılı kimi tanıyırlar”

Anatoli Brodski: “Məni bakılı kimi tanıyırlar”
  14 Avqust 2013    Oxunub:1581
Görüşümüz təsadüfən Azərbaycanın Yekaterinburqdakı Baş konsulluğunda baş tutdu. Yekaterinburqa səfərimiz zamanı Anatoli Brodski keçmiş dostuna – baş konsul Sultan Qasımova baş çəkmək üçün konsulluğa gəlmişdi. Beləcə biz tanış olduq. Brodskini Azərbaycanla bağlayan keçmişi, yaradıcılığı bizi ondan müsahibə almağa sövq etdi.


- Anatoli Davidoviç köhnə nəsil sizi yaxşı tanıyır. Harada doğulmusunuz? Yaradıcılığa necə başlamısınız?

- Mən Azərbaycanda – Bakıda doğulmuşam. Bu valehedici şəhərdə 23 il yaşamışam. Daha sonra hər məzuniyyətim Bakıda keçib, çünki bacım orada yaşayırdı. Valideynlərim dünyasını tez dəyişib. Yaradıcılığa keçmiş Zabitlər evindəki mahnı və rəqs ansamblında başlamışam. Orada 3-4 il ansamblın solisti işləmişəm. Qürurla demək istəyirəm ki, məndən əvvəl ansamblın solisti Müslüm Maqomayev olub. Bir müddət sonra məşhur rejissor Şəmsi Bədəlbəyli məni musiqili komediya teatrının ansamblına dəvət etdi. Orada mən Aleksandr Alleqrovla birlikdə işləmişəm. Azərbaycan sektorundan Nəsibə Zeynalovanı, Anatolu Qəniyevi, Siyavuş Aslanı xatırlayıram.

- Bəs Yekaterinburqa necə gedib çıxdınız?

- Yekaterinburqa getməzdən qabaq mən Rusiyanın dörd teatrında işləmişəm. 1972-ci ildə Volqoqrad teatrında çalışmışam. 1986-cı ildən isə Yekaterinburqda işləyirəm. Burada mən Rusiyanın əməkdar artisti adını almışam.

- Siz həmişə baş rolları ifa etmisiniz, epizodik rolları necə?

- Mən həmişə baş rolları oynamışam. Bəzən ikinci dərəcəli rolları da ifa etmişəm. 1986-cı ildən Sverdlovsk dövlət akademik musiqili komediya teatrının solistiyəm. Teatrın səhnəsində 30-dan çox rol ifa etmişəm.

- Azərbaycan mədəniyyəti ilə sıx bağlısınız. Həmçinin Yekaterinburq telekanalında yayımlanan “Azərbaycana aparan yol” verilişinin aparıcısı olmusunuz.

- Bəli. Veriliş hər həftə yarım saat ərzində verilirdi, eyni zamanda onun təkrarı da göstərilirdi. Həmin veriliş iki il yarım yayımlanıb. Bakıdan əməkdaşlar gəldilər və Azərbaycanın dövlət televiziyası ilə onun formatı, mövzusu barədə ətraflı danışıqlar oldu. Məni isə aparıcı olmağa dəvət etdilər. Veriliş “OTV”, “ATN” və “Rossiya-24” kanalları ilə göstərilirdi.

- Bu qədər uzun müddətdən sonra Bakını necə xatırlayırsınız?

- Bakı həmişə gözəl olub, gündən-günə isə daha da gözəlləşir. Bakıda cəmi üç gün qaldım. Məşq, konsert, görüşlər, müsahibə və s. Amma vaxt tapıb Rus dram teatrına baş çəkdim və Aleksandr Şarovski ilə görüşdüm. Sonra həyətimizə daxil oldum? hər şey yerində idi... Bizim həyətdə təxminən on ailə çox mehriban yaşayırdı. Mən uşaqlığım və gəncliyimlə bağlı xatirələrə daldım... Bakı və İçərişəhər mənim uşaqlığımdır - ilk sevgi, ilk görüş, əyləncə, bulvar və çimərlik yadıma düşdü.

- Yekaterinburqda bakılı olmaq necə hissdir?

- Bu suala necə cavab verəcəyimi bilmirəm. Həmyerlilərlə hər dəfə görüşəndə məni Sverdlovsk teatrında məhz bakılı kimi tanıdıqlarını söyləyirəm. Mənim qrim otağımda tez-tez Azərbaycan musiqisi səslənir.

- Bakıya Rusiyanın müxtəlif şəhərlərindən teatrlar gəlir. Bəs Sverdlovsk dövlət akademik teatrının Bakıya səfəri gözlənilirmi?

- İstərdim ki, iki ölkə teatrı arasında yaradıcılıq əlaqələri olsun. Amma qastrol məsələləri ilə teatrın rəhbərliyi məşğul olur. Mən Bakıda tez-tez olmaq istəyərdim, amma bu məndən asılı deyil.

- Əgər sizi Azərbaycan teatrının səhnəsində rol ifa etməyə dəvət etsələr razılaşarsınız?

- Bu yaşda çox çətindir. Əgər cavan olsaydım məmnuniyyətlə razılaşardım.

- Anatoli Davidoviç emosional söhbət üçün sizə təşəkkür edirik.

- Məni uşaqlığıma və gəncliyimə qaytardığınız üçün mən sizə təşəkkür edirəm.

Sevda BABAYEVA
Bakı - Yekaterinburq-Bakı
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti