“Bizi ildə bir dəfə xatırlamayın...” - REPORTAJ

“Bizi ildə bir dəfə xatırlamayın...” -  REPORTAJ
  26 Fevral 2013    Oxunub:2353
Hardasan, ay ana, laylan düşüb yadıma,
Mən dönməzə gəldim, Allah çatsın dadına.
Halımı görsəydin, doğmazdın məni,
Mən nə səni satdım, nə də vətəni...


...Dinləyə-dinləyə, yaza-yaza anlayırsan, analar bir olmurmuş, balası ölən analar da bir olmurmuş...Balası düşmən gülləsindən ölən, ölüsü bir diyarda, özü bir diyarda olan, canından bir parçasının cəsədini meyitlər arasında gəzən analar bir başqa olurmuş. Dağ olurmuş, yaman dağlı olurmuş o analar...O analardan biri də sinəsi şəhid oğlu Canan boyda dağlı Hürü anadı.

Boz binada rəngli bəy otağı...

Abşeron rayonunun Novxanı qəsəbəsində Əlvan-metal pansionatında yaşayır Hürü ana. Xocalı kimi el-obasından olub bu boz küçənin küncündə, uçuq-sökük bir binada davam edir ömrünə o ana, əgər ömür demək olarsa...Və Xocalıda xəyal etdiyi bəy otağını da bu uçuq binada qurub-yaradıb elə bil. Bəlkə, buna görə, bu qaranlıq içərisində yeganə işıqlı künc bu otaq idi...Baş ucunda şəhid oğlunun və Xocalıda itirdiyi doğmalarının şəkilləri ilə bəzədiyi otaq. Gəlin cehizi çıxaracağı sandıqdan indi oğlunun ölüm kağızını çıxarır Hürü ana...

“28 yaşı var idi, amma nə qədər elədimsə, evləndirə bilmədim. Dedi, ay ana, ermənilərin bu haqq-hesabında mən necə evlənim axı? Evlənmədi anası ölmüş...”,- deyir və...

...Əslində Cananın vətənə xidməti Xocalıdan başlamırdı. O, 2 il də Əfqanıstanda hərbi xidmətdə olmuşdu. Hər gün oğlunun ölüm xəbərini alacağı qorxusuyla yaşayırmış Hürü ana. Canan gözlənilməsə belə, sağ-salamat qayıdır. Ancaq qayıdandan qısa müddət sonra Qarabağ müharibəsi başlayır və Canan belə bir vəziyyətdə döyüşə qoşulmaya bilmir: “Əfqanıstanda o qədər döyüşdü, qaldım yaman günə, dedim neyləyim? Ata yox, əmi yox...5 uşağı tək böyütmüşəm...Döyüşə də 3 oğlum birdən getdi . Biri poçtda işləyirdi, biri raket atırdı, Canan da aeroportda idi”.

Düşmən gülləsi ilə çıxdaş olan oğul...

Artıq Xocalıda vəziyyət günü-gündən gərginləşirdi: “Biz fevralın 13-ü çıxdıq ordan, oğlanlarım qaldı. Kimlər ki hadisə olacağını bilib çıxmaq istəyirdi, pal-paltarını əllərindən alıb tökürdülər yerə. Qoymurdular şəhərdən çıxmağa. Deyirdilər heç kim çıxmayacaq, ölən burda öləcək”. Elə öldülər də...

Canan isə faciə törədilən gecə aeroportda son nəfəsinədək döyüşüb. O təkcə döyüşməyib, neçə-neçə həmkəndlisinin xilaskarı olub. Kənddən onları meşə yolu ilə apardığı yerdə ayağından güllə yarası alıb. O vəziyyətdə yenə də yoluna davam edib, ancaq ikinci düşmən gülləsinə qədər... (Öz diliylə desək, elə bu güllə də çıxdaş etdi onu zülmlə böyütdüyü beş övlad içərisindən)

Oğlununun meyitini tapşırmağa bir qarış torpaq arayan ana...

...Hürü ana isə 22 gün oğlunun ölümündən xəbərsiz bütün Qarabağda onu soraqlayıb. Cananın ölüm xəbərini Sabirabadda alan ana oğlunun meyitini axtarmağa başlayıb cəsədlər içində. Ancaq hələ bu da Hürü ananın sonuncu axtarışı olmayıb. Balasının cansız bədənini tapşırmağa bir qarış torpaq da axtarıb: “Əlim hər yerdən üzülmüşdü, axırda gətirib Əlibayramlıda basdırdım. Bilmirdik axı harda qalacağıq, yaşayacağıq. 40 gündən sonra da çıxdım gəldim bura...”

“Milli qəhrəman” adı təsəlli olacaqdı anaya...

...Neçə-neçə yazmadığımız məqamları dinləyərkən düşünürsən ki, əslində Xocalıda nəinki düşmənlə üz-üzə vuruşanlar, elə təkcə o qorxunu yaşayan körpəsi də, qocası da, qadını da qəhrəmandır. Ancaq oğul itkisi ilə bərabər Hürü ananı bir də Canana bu adın çox görülməsi yaralayır: “O cür döyüşdü, canından keçdi, amma Milli qəhrəman adı verilmədi ona. Onsuz da mənə olan olub, o boyda oğul itirmişəm. Heç nə onu geri qaytarmayacaq. Amma bircə o mənə balamın təsəllisi olardı. Əfqanıstanda da, burda da döyüşdüyünə görə medalları var. Müraciət eləmişdim Milli qəhrəman adına görə də. Dedilər Milli Məclisdə təsdiq eləsələr, ad veriləcək. O da təsdiq edilmədi. O vaxt uşaqların heç biri yanımda yox idi, bilmirdim hara gedəm, kimə müraciət edim, aciz idim...Heç əsas onun hayında da deyildim axı. O vaxt hərə öz dərdində idi, bacı da, qardaş da...”

“Ən ağırı bala dərdidi...”

Dərdi bir deyildi, iki deyildi Hürü ananın. Özü demiş, o boyda müsibəti yaşamaq, yad yerə gəlib düşmək, doğmalarını itirmək, hərəsi bir dərd idi. Amma “ən ağırı bala dərdidi” deyir: “Heç zad gözümə oturmur, bircə o balam... Oğlumu öz torpağımda basdıra bilməmək də ağırdı, a bala... Elə gülürəm, danışıram, sonra özüm-özümdən iyrənirəm ki, mən niyə güldüm, niyə qaşım-qabağım açıldı, niyə getdim məclislərə? Axı o boyda oğul itirmisən, gülmək sənin harana yaraşır?”

Xocalıdan Xocalıya xatırlanmaq...

...İnsan öz vətənində də qürbətdəymiş kimi olur bəzən. Elə Hürü ana və digər xocalılılar kimi: “Bura uyğunlaşmaq çox çətin oldu, hələ də çətindi, çox çətindi. Özümüzü burda hələ də qürbətdə hiss edirik, gecələr yuxularımızdan çıxmır. Yata da bilmirəm, onu ona calayıram, bunu bura çəkirəm, olmur ki, olmur, a bala...”
İncikdi Hürü ana, hamıdan, hər kəsdən. Dərdi sinəsinə sığmayan ananı bir də axtarılmamaq, fevraldan fevrala xatırlanmaq incidir: “Bir dəfə maraqlanmırlar ki, o boyda torpaq qoyub gəlmisiz, oğul itirmisiz, nətər yaşayırsız, nə edirsiz? Soruşan yoxdu. Xocalıdan Xocalıya yada düşürük ancaq”.

Şəhidlərinin adını tuta bilmir onlar...

Xocalılıları incidən bir şey də var, onların ağrılarını, dərdlərini cılızlaşdırıb dillərə salmaq, Xocalı faciəsindən istifadə etmək... Deyirlər, birdən elə adamlar Xocalıdan, qəhrəmanlıqdan danışır ki, onlar öz şəhidlərinin, qəhrəmanlarının adını çəkmək istəmirlər. “Heç Xocalını görməyənlər deyir ki, mən belə meyitlər, yaralılar daşımışam, aeroportu mən partladıb çıxmışam. Durub deyirlər ki, mən milli qəhrəmanam. Belə yerdə mən necə öz şəhidimin, qəhrəmanımın adını tutum? Tuta bilmirəm”, - deyir Cananın xalası qızı Süsən.

“Atamın qəbrini gətirərdim...”

Süsən soyqırımı gecəsi yaralıları belində daşıyanlardan olub. Elə özü də ayaqlarından olmaq üzrəymiş. O da Xocalıda uşaqlığını, gəncliyini, torpağını, doğma olan nəyi varsa, qoyub gəlib. O da çox şey itirib, amma Xocalı soyqrımının ondan aldığı ən böyük varlıq Canandır. Xocalıda qalan ən dəyərli şey isə üzünü belə görmədən itirdiyi atasının qəbridir. “Əlimdə olsa, o məzarı gətirərdim” deyir ağlayaraq: “Əynimdə tək xalatımla, ayaqqabı belə geyinmədən çıxıb qaçmışdım evdən. Bir şeyimizi gətirə bilmədim ki, bu gün and içəndə deyim ki, bunu Xocalıdan gətirmişəm...”

Hər il ölüb-dirilmək...

Fevral ayını təqvimdən silmək istəyir Süsən Cəfərova, çünki hər il bu ay gələndə o dəhşətli anları bir daha yaşayır, yanında ölənləri bir daha xatırlayır, bir daha ölüb-dirilir: “Elə biz də ölə bilərdik, həyatımızı Füzuli adlı oğlan vardı, ona borcluyuq, indi rəhmət oxuyuram ona. Çox itkimiz oldu, elə Füzuli də yollarda öldü, hələ ermənilər onun dirisini istəyirmiş ki, niyə camaata kömək edib...”

Yaşamağa ümidi olmayan qəhrəmanlar...

Cananın bacısı Təranə Frzəliyeva isə deyir ki, əslində heç kim orda qəhrəmanlıq göstərməyə çalışmırdı ki, sonra ad alım, şan-şöhrət qazanım. Çünki heç kəsin bir an sonra sağ qalacağına belə ümidi yox idi. Ümidləri elə orada, o çovğunda buza dönəni, öləni də oldu, ürəklərinin dərinliyində son ümidləri ilə birgə sağ qalıb bu gün o ağır xatirələrini birtəhər sözlərə düzəni də: “Elə bilirdim ki, insanın anası hardadısa, oradı onun torpağı, oradı ona doğma. Amma torpaq yaman şirin şeymiş...Hələ də elə bilirəm ki, bu gün-sabah çıxıb gedəcəyik burdan. Hələ də evimizdə nəyin harda olduğunu xəyal edirəm. Lent kimi gözümün önündən keçir hər şey...”

Deyirlər, 21 ildir burda yaşasalar da, hər şey yaddı, ögeydi onlara. Xocalını heç bir yer, heç nə əvəz edə bilmir. O şirin ləhcəni axtarırlar hər danışanda, “burdakıların bəyənmədiyi o dağ adamlarının kobudluğunu” arayırılar hər Allah bəndəsində. Həmyerlilərinin istisini, nəfəsini heç kimdən ala bilmirlər. Soyuqdu onlara, üşüyürlər...Elə o gecədəki kimi, corablarının belə daşda-kəsəkdə cırılıb, qarda-boranda donan yalın ayaqlar kimi...

Qeyd: Şəhid Canan Binnət oğlu Fərzəliyev 1962-ci ildə Xocalıda anadan olub. Orta məktəbi bitirdikdən sonra 1980-82-ci illərdə hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra Xocalı xüsusi təyinatlı milis dəstəsi yarananda Xocalı aeroportunda milis işçisi kimi işləməyə başlayıb. 25 fevral rus-erməni birləşmələri aeroporta hücum edəndə Xocalı uğrunda döyüşlərdə fəal iştirak edib.
Faciədə Naxçıvani kəndi yaxınlığında döyüşdə qəhrəmancasına həlak olub. Məzarı Əlibayramlı kənd qəbiristanlığındadır. 25 fevral 1997-ci ildə “İgidliyə görə” medalı ilə təltif edilib.

Sevinc Fədai
Leyla Əliyeva

Novxanı qəsəbəsində xocalıların yaşadığı Əlvan Metal Pansionatından hazırlanan fotoreportaja buradan baxa bilərsiniz


Teqlər:  





Xəbər lenti