Arzusu ürəyində qalan böyük sənətkar - Elza İbrahimovanın sirli həyatı (MÜSAHİBƏ)

Arzusu ürəyində qalan böyük sənətkar - Elza İbrahimovanın sirli həyatı (MÜSAHİBƏ)
  15 Noyabr 2016    Oxunub:46407
O, Allahın yaratdığı bir Allah idi. Musiqinin Allahı... Onun bəndələri isə 7 not idi. Sözünü, söhbətini, gileyini-güzərını, sevgisini,sevincini, nakamlığını insanlara deyil, notlara deyirdi.

Hər gün barmaqları ilə sığalladığı pianosu onu bizdən daha yaxşı tanıdı. İnsanlar isə bu barmaqlardan süzülüb gələn musiqilərdən nə qədər boylansalar da, ona əlləri çatmadı. Həmişə zirvədə musiqi Allahı, biz isə ona sitayiş edən bəndə kimi qaldıq.

Gül açar dünya gülər, aləmə nur tökülər
Siz yadımıza düşəndə Elza xanım !


AzVision.az-ın müsahibi Azərbaycanın və Dağıstanın xalq artisti, mərhum bəsətkar Elza İbrahimovanın qardaşı Çingiz İbrahimovdur.

-Çingiz müəllim necəsiniz?

-Yaxşıyam, hər şey qaydasındadır. Xalq necə, mən də elə yaşayıram.

-Hazırda nə işlə məşğulsunuz?

-1997-ci ilə qədər, 17 il Hökumət Evində 3 nazirlə çalışmışam. Hazırda isə çalışmıram. O zamanın adamıyam, o mühitlə böyüyən adamam. Bu mühitə çətinliklə inteqrasiya oluram. İdmanla məşğulam, hər gün 10 km gəzirəm. Gəzməsəm, hesab edirəm ki, gün mənim üçün boş keçib.



-Bizdə olan məlumata görə, Elza xanımın yaradıcılığının qorunub saxlanması üçün ciddi işlərlə məşğul olursunuz. Onun mahnılarını yaşatmaq üçün “Youtube” kanalı açmaq sizin təşəbbüsünüzdür?

-Bəli. Həmin kanalı 2012 -ci ildə açdırmışam. Onun əsərlərinin ilk dinləyicisi mən olmuşam. Elza xanım bir əsərini mən qulaq asmamış təhvil vermirdi. Hərdən mənə deyirdi ki, “sənin bu yer xoşuna gəlir,yoxsa o yer”. Deyirdim ki, ikisi də xoşuma gəlir. Sən hansını istəyirsən, seç.

-Sizin də musiqi təhsiliniz var?

-Musiqi təhsilim sona qədər olmayıb. Birinci dəfə anam məni skripka sinfinə yazdırmışdı. Orada bir qədər oxuduqdan sonra bəhanə uydurdum ki, oturub ifa etmək istəyirəm. Növbəti dəfə məni piano dərslərinə yazdırdılar. Onu da sona kimi davam etdirmədim. Çox şıltaq, nadinc uşaq idim. Bir bahanə ilə aradan çıxmaq istəyirdim. 4 ilə yaxın olar ki, pianoya yaxın durmuram. Bacımın ölümü mənim üçün böyük ürək ağrısıdır. Pianoya yaxın durmaq istəyirəm, ancaq əllərim getmir.



-Yadımdadır, bir dəfə demişdiniz ki, Elza xanımdan sonra sanki mənəviyyatımı itirmişəm...

-Bəli. Münasibətimiz çox gözəl idi. Mənə desəydi ki, özünü suya, oda at, sözsüz atardım. Qızıla bərabər şəxsiyyətli insan idi. O, tək bacım deyildi, həm də anam idi. Eyni zamanda güclü sənətkar idi.

Tofiq Quliyev, Səyid Rüstəmov, Rauf Hacıyev, Cahangir Cahangirov kimi bəstəkarların sırasına metereoid kimi sürətlə gəlib düşmüşdü. Cavan xanımın gəlib böyük bəsətkarların sırasına qoşulması zarafat deyil, böyük hadisədir.

-Gəlin, bir qədər keçmişi xatırlayaq. Belə istedad ona kimdən miras qalmışdı?

-Atamın da, anamın da musiqi duyumu olub. Eyni zamanda anamın nənəsi Sonaxanım da qəşəng qarmon ifaçısı olub.



Atam dəmiryolçu olub, böyük vəzifələrdə çalışıb. 1941-1943-cü illərdə Təbrizdə Dəmir Yollarının İstismar Şöbəsinin rəisi olub.



Biz əslən Dağıstanlıyıq. Ancaq atam da, anam da Bakıda olub. Ailədə iki bacı, bir qardaş olmuşuq. Digər bacımın adı Leyladır. Peşəsi mama- ginekoloqdur.

-Eşitdiyimə görə, əsrarəngiz musiqilərin müəllifi olan Elza xanım çox az danışan, az dinən bir xanım olub. Bu, doğrudurmu?

-Az danışan adam idi. Bəlkə də elə olmasaydı, bu cür mahnılar da yaranmazdı. O, hisslərini sözə deyil, musiqiyə çevirirdi. Onunla mənim aramda 10 yaş fərq var idi. Amma heç zaman bunu hiss etmədik. Sanki onunla yaşıd idik. Elə adam olurdu ki, saatlarla danışardı. Elə adam da var idi ki, onunla danışmaqdan imtina edə bilərdi. Soruşurdum ki, niyə danışmırsan? Deyirdi ki, `içəridən çürükdür`. Onun həm də güclü hissiyatı var idi.



- Elza xanımın qızı Zəhra anasının yolunu davam etdirirmi?

-Anası qoymadı. Dedi ki, mən çox əziyyət çəkmişəm. Qızımın əziyyət çəkməsini istəmirəm. Hazırda qızı Zəhra xanım tibb sahəsində çalışır. O da musiqi məktəbini bitirib. Anası ilə bağlı kitab üzərində çalışır. Onun yaradıcılığı, həyatı haqqında məlumatları kitab halında toplayır. Sponsor tapa bilsək, kitabı buraxdıracağıq. Sizə bir sirri də açım ki, Elza xanım qarmonda gözəl ifa etməyi bacarırdı. O, həqiqətən əvəzolunmaz idi.



-Eşitdiyimə görə, Elza xanım şəxsi həyatı haqqında danışmağı sevməyib...

-O, şəxsi həyatı haqda danışmağı xoşlamırdı. Ailəli olub, ancaq həyat elə gətirib ki, erkən yaşlarında ayrılıb. Görünür, xarakterləri düz gəlməyib. Hər bir insanın özünəməxsus xarakteri, xasiyyəti var. Biri riyaziyyatçı, biri yazıçı, bir rəssam, biri evdar qadındır. Bəstəkar riyaziyyatçıya, rəssam da ədəbiyatçıya oxşaya bilməz. Xarakterlər fərqli olur.

- Rusdilli olsa da, Azərbayacan dilində yazılmış şeirləri uğurla seçirdi.

-1995-ci ildə bacımla birlikdə Bəxtiyar Vahabzadənin evinə getmişdik. Elza xanım onun şeirinə musiqi bəstələmişdi. Bəxtiyar müəllimin xasiyyəti çox sərt idi. Xoşlamırdı ki, kimsə öz dilini qoyub, rus dilində danışsın. Biz onun evində hardasa bir saata yaxın olduq. Söhbət ancaq rus dilində getdi. O, bir kəlmə də demədi ki, söhbət niyə rus dilində gedir. Bu dərəcədə Elza xanıma hörmət var idi. Hətta bacımdan soruşdu ki, “necə olur ki, siz mənim gənclik illərimdə yazdığım mahnını məndən daha çox duydunuz?”. Elza xanım gülümsədi, amma heç nə demədi.

Şahmatda 64 xana var. Bu xanaların içində milyonlarla gediş var. Ancaq 7 not ilə gediş etmək, yenilik gətirmək çətin məsələdir. Bəstəkarlıq Allahın vergisidir. “Üç badam, bir qoz” tipli mahnıları mən də yazaram. Amma professional, akademik üslubda bacarmaram.



-Belə məlumat var ki, Elza xanım konservatoriyaya getmək istəmirmiş. Ananız “sənə çitdən don tikəcəm” deməsindən sonra razılaşıb. İstiyərdim bu barədə ətraflı danışasınız.

-Düzdür. Birinci dəfə daxil olanda başqa bir fəndən, deyəsən, tarixdən kəsilmişdi. İkinci il getmək istəmirdi. Anam deyib ki, “mən sənə çit paltar tikərəm. Xahiş edirəm, sən özünü ikinci dəfə də sına”.

Ondan əvvəl isə Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə A.Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini bitirib.

Elza xanım iki aya yaxın Cövdət Hacıyevin sinfində oxuyub. Cövdət müəllim sinfinə hər adamı qəbul etmirdi. Daha sonra anam onu dahi bəstəkar Qara Qarayevin sinfinə köçürtdü. Q.Qarayevin `Yeddi gözəl` baletində məşhur bir vals vardı. Anam o valsı çox sevirdi.

Bacım 6 il o, konservatoriyada təhsil aldı. 1964-cü ildə oranı bitirəndə Elza xanım konservatoriyanın zalında fortepiano ücün konserti müşayət edib. Qara Qarayev deyirdi ki, “Elza istisna olan bəstəkardır”.

-Elza xanım estrada janrına tanqo ritmini gətirən ilk xanım bəstəkardır . Sovet dövründə hesab edirdilər ki, burjua ahəngi olan əsəri səhnəyə qoymaq olmaz. Eşitdiyimə görə, bu səbəbdən tanqo ritmində olan “Qurban verərdim” mahnısının səhnələrə çıxışı asan başa gəlməyib.

-Bu mahnısı anamın xoşuna gəlirdi. Sözləri Rafiq Zəkaya məxsusdur. Elza xanımın bu mahnısına görə, Akif İslamzadəyə bədii şura tərəfindən töhmət verilmişdir. O, tanqo ritmini sevirdi. Ondan sonra 10-12 tanqo ritmində mahnı yazmışdı. Hansı ki, çoxunuzun o mahnılardan xəbəri yoxdur, səslənməyib. Bizlər üçün böyük musiqi xəzinəsini yadigar qoyub.

Xatırladım ki, bədii gimnast, Bakıda keçirilən birinci Avropa Oyunlarının gümüş medal mükafatçısı Marina Durunda onun “вспоминая тебя” əsərinin müşayiəti ilə çıxış etmişdi.



-2009-cu ildə Maykl Ceksona rekviem yazıb.Pop kralını bu dərəcədə sevirdi?

-2009-cu ildə rekviemi yazıb, ancaq onun səslənməsi 2012-ci ildə, ölümündən 3 ay sonra, mayın 18-də baş tutdu. Sanki Elza xanımın Maykl Ceksona yazdığı rekviem özünə həsr olundu. Dədəqorqud Milli Fondu və Azərbayacan Dünyası Beynalxalq Jurnalının qərarı ilə Bəsətkarlar İttifaqında bacım ölümündən sonra `Mehriban ana` ordeni ilə təltif olundu. Bu rekviem də elə o mərasimdə məşhur pianoçu və bəstəkar İsfar Sarabskinin müşayiəti ilə səsləndi.
Elza xanım Maykl Cekson haqqında deyirdi ki, belə musiqiçi nadir hallarda dünyaya gəlir.

-Bəstəkar xanım həmçinin "Afət", "Şeyx Şamil" və "Yanan laylalar" operaların, romansların, sonataların, kvartetlərin də müəllifi idi. Yəni sözün hər mənasında Elza xanım musiqinin tanrısı idi. Təəssüf ki, onun "Yanan laylalar"ı səhnələşdirmək arzusu ürəyində qaldı. Sizcə, bu əsərin səhnələşdirilməsinə kim mane olub?

-“Yanan laylalar” librettosunun müəllifi Ramiz Heydər idi. 30 il Elza xanım o əsərin səhnələşdirilməsini arzuladı. 1988-ci ildə yazmağa başladı, 1991-ci ildə bitirdi. Əsər Qarabağ faciəsinə həsr olunub. Əsərin səhnələşdirilməsinə cürbəcür bəhanələrlə imkan verilmirdi.

Elza xanım öz evində xalq artisti Firudin Mehdiyevlə, Baba Mirzəyevlə, Safura Əzimi ilə, Əli Usubovla, Urşan Qurbanovla bu operanı məşq edirdi. Bəsətkarlar itifaqında iki dəfə təqdimatı olub. Azərbayacanın xalq artisti, professor, Opera və Balet teatrının keçmiş direktoru Azər Rzayevin imzası ilə rəsmi surətdə qəbul edilib. O, bildirmişdi ki, müqavilə bağlamaq lazımdır, bu, gözəl əsərdir. Ancaq alınmadı. Heç nədən xəstələnməyən Elza xanım bir ayın içində əsəbdən əridi, ağır depressiyaya düşərək rəhmətə getdi.

Bu əsərlə bağlı AzƏrbayacanın 30-a yaxın adlı- sanlı adamları o vaxt Mədəniyyət Nazirliyinə, Opera və Balet Teatrına müraciət etdi.



İstəmirdilər ki, Elza xanım qabaqda olsun. Tək səbəb paxıllıq idi. Elza xanın bu səbəbdən həyatdan küskün getdi.
Elza xanım 55 yaşında əməkdar incəsənət xadimi, 70 yaşında isə xalq artisti adına layiq görülüb. Bəs bu yaşa qədər yaşamasa nə olardı? Ona verilən evdə yaşamaq qisməti olmadı. Həmin ev hələ də boşdur.

-Elza xanım narazılığını gətirirdimi?

-Sözün açığı, bu barədə heç kimə heç nə demirdi. İncisə də bunu büruzə vermirdi.

-Həmin əsərin bundan sonra səhnələşdirilməsi mümkündürmü?

-Bu işin xərci var. Təxminən 120 min vəsait olarsa, səhnələşdirmək mümkün olar.



-2018 ci ildə onun 80 illik yubileyi olacaq. Yubileylə əlaqədar hansı tədbirlər görüləcək?

-Əslində bu təşəbbüs məndən çıxmamalıdır. Elza xanım 50 ildən artıq Azərbayacan xalqına xidmət edib. Onun adını əbədiləşdirmək lazımdır. Bakının küçələrindən birinə ad vermək, yaşadığı evdə memorial lövhə, büstü olmalıdır. Nazirlər Kabinetinə bu barədə müraciət olunub. Nəticə yoxdur.

- Ömrünün son günlərində kimləri xatırlayıb, “sən yadıma düşəndə” deyirdi?
-Soruşmurdum. Bilirdim ki, cavab ala bilməyəcəyəm. Heç mahnılarını kimlərə həsr etdiyni soruşmağa dilim gəlməzdi. Sərt cavab verə bilərdi.



-Ona aid olan royalı harada saxlayırsınız?

-Nəinki royalını, 7 yaşında olarkən alınmış pianosunu da saxlayıram. Planımda var ki, onun evində yaradıcılıq guşəsi açım. Ona aid şeyləri orada yerləşdirim. Hazırda evi təmirsizdir, bunu etməyə vaxt lazımdır.

-İşində olduğu kimi qızı Zəhra xanıma qarşı da belə tələbkar idi?

-Əlbəttə, fədakar və tələbkar idi. Bundan savayı Elza xanım gözəl ana idi. Deyim ki, qızı xaraktercə anasına oxşayıb.



-Bəstkəralardan kimləri bəyənirdi və ya dinləyirdi?

-Qara Qarayevi, Raxmaninovu, Çaykovskini, Şopeni çox bəyənirdi. Yazıçılardan isə Lev Tolstoyu, Mirzə Ələkbər Sabiri, Anton Çexovu, , Hüseyin Cavidi, Səməd Vurğunu oxuyurdu. Bəstəsi olan “Mehribanım” mahnısı kimi mehriban, sadə insan idi. Mən onun qızıl taxdığını görmədim.

Hərdən otururdu, birdən beyninə nəsə gəlirdi, tez qələmi götürüb kağız parçasına yazırdı. Onun iş üçün xüsusi otağı da yox idi. Gənc müğənnilərdən Teymur Əmrah,Rəşad İlyasov , Sevda Yahyayeva , Zabitə Əliyeva onun mahnılarını oxuyublar. Bu yaxınlarda xanımın son bəsətlərindən biri `Bağışla məni` mahnısı gənc və istedadlı Aygül Ağayevanın ifasında uğurla qarşılanıb.



Şahanə Rəhimli
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər:  





Xəbər lenti