Anatollu Qəniyevin oğlu: `Atama fəxri ad verilməyib` (MÜSAHİBƏ)

Anatollu Qəniyevin oğlu: `Atama fəxri ad verilməyib` (MÜSAHİBƏ)
  29 Noyabr 2016    Oxunub:28707
Bu dəfəki müsahibəmizdə səsinin gözəlliyi ilə ruhumuzu oxşayan, doğmalıq ifadə edən mərhum müğənni Anatollu Qəniyevdən, onun sənət yolundan danışdıq. Həmsöhbətimiz ustad sənətkarımızın oğlu, Xalq artisti Heydər Anatolludur.

-İlk olaraq sizdən başlayaq. Yaradıcılığınızda hansı yeniliklər var?

- Bildiyiniz kimi, uzun illər Müdafiə Nazirliyinin nümunəvi orkestrinin solisti olmuşam. Yaradıcılığım davam edir. Hazırda Rəşid Behbudov adına Mahnı Teatrının və Azərbaycan Dövlət Televiziyasının solistiyəm. Başım dövlət tədbirlərinə, konsertlərə qarışıb. Hərdən bir ötən illərin mahnıları yadıma düşür. Onları yenidən ifa etmək istəyirəm.

-Övladlarınız yolunuzu davam etdirirmi?

-Böyük oğlum nəfəs alətləri ifaçısıdır. Kiçik oğlum isə televiziya işçisidir.

-Xarici görkəminizə görə atanıza çox oxşayırsınız. Xaraktercə ondan hansı xüsusiyyətləri götürmüsünüz?

-Bunu mən deyə bilmərəm. Bizi tanıyan insanlar deyə bilər ki, mənim xasiyyətim necədir. Atamın ümumiyyətlə pis cəhəti olmayıb. Onun nə yaxşı cəhəti olubsa, onu özümə götürmüşəm.



- Atanızın maraqlı adı olub. Eşitdiyimə görə Andolu sözündən götürülüb. Sizi Anadolu türklərinin nəslindən hesab etmək olar?

- Keçən əsrin əvəllərində ulu babalarım Anadoludan bura köçüblər. Atamın əvəllər adı Anadolu olub. Ancaq SSRİ vaxtında belə adlara pis baxırdılar, pantürküzm deyirdilər. Atam isə tanınmış adam idi, ona görə də adında kiçik hərfi dəyişiklik etməli oldu, Anatollu yazdırıb.



- Atanızın səsində xüsusi bir avaz, yumşaqlıq, ürəyə yayılan şirinlik var idi. Belə gözəl səs ona kimdən miras qalmışdı?

-Atamdan öncə nəslimizdə müğənni olmayıb. Onun səsi nə başqa bir müğənninin səsinə bənzəyib, nə də ona bənzəyən səs olub. Bu gün də yoxdur. Atamın xüsusi tembiri var idi. Bu günə kimi o tembir heç kimdə olmayıb.

-Anatollu Qəniyevi kim kəşf edib, səhnəyə gətirmişdi?

- Atamın uşaqlıq dostları deyirdilər ki, onun kiçik yaşlarından istedadı və oxumağa həvəsi olub. Əsgərlikdən qayıdandan sonra yaxın dostu olan Mobil Əhmədov onu Bülbülün yanına aparıb. Bülbül atama qulaq asıb, deyib ki, “Allah sənə hər şeyi verib, bircə təhsil lazımdır”. Bundan sonra atam Asəf Zeynallı adına Musiqi Texnikumuna qəbul olunub.

Orada vaxtı ilə Bülbülün tələbəsi olmuş Firudin Mehdiyev atama dərs deyib. Texnikumu bitrəndən sonra Azərbaycan Dövlət Radio Televiziyasının solisti olub. Bəstəkar Cahangir Cahangirov, Şəfiqə Axundova onun üçün mahnılar yazmağa başlayıb. O, qısa müddətdə Azərbaycanda tanınıb. Sonradan Tofiq Əhmədovun rəhbərlik etdiyi estrada orkestrinin və Dövlət Flarmoniyasının, Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olub. Ömrünün sonuna kimi orada işləyib.



-Yəqin ki, eviniz gəlişli-gedişli olub, yaradıcı aura içində böyümüsünüz. Hamımızın musqilərini sevə- sevə dinlədiyimiz bəstəkarları siz yaxından görmüsünüz.

-Bizə kimlər gəlib -getmirdi ki? Atam uşaqlıqda məni yanında gəzdirirdi. Rəşid Behbudov, Maestro Niyazi, Şövkət Ələkbərova, Sara Qədimova, Tükəzban İsmayılova, Leyla Şərifova kimi gözəl sənətkarlarımızı görmüşəm. Leyla Şərifova Bakıdan köçüb, Almaniyada yaşayır.



-Atanız biləndəki gözəl səsiniz var və onun yolunu davam etdirmək istəyirsiniz, münasibəti necə oldu?

- Atamın yanında çox vaxt oxumurdum. Nədənsə onun yanında oxumaqdan çəkinirdim. Cəsarət etmirdim. Bir dəfə təsadüfən bildi ki, yaxşı səsim var. Münasibəti pis oldu. İstəmirdi müğənni olum, bu sahəyə gedim. Halbuki, məni uşaqlıda özü fortopiano sinfinə yazdırmışdı.

-Narazılığı nə ilə bağlı idi?

-Konkret səbəb demirdi. Yəqin ki, özünün çəkdiyi əziyyətləri mənim də çəkməyimi istəmirdi. İllərlə sənətdə oldu, xalqına xidmət etdi, ancaq sonda ona heç bir fəxri ad verilmədi. Bəlkə də belə şeylərə görə, sənətə gəlməyimi istəmirdi.

- Halbuki, Türkmənistana solist kimi dəvət ediləndə orada Anatollu Qəniyevə fəxri ad vermək istəyirmişlər...

-Türkmənistandan onu Aşqabad Flarmoniyasının solisti olmaq üçün dəfələrlə çağırmışdılar. Atama orada ona fəxri ad vermək istəyirdilər. Bundan əlavə ev də verəcəkdilər, şərait yaradacaqdılar. Atam razı olmadı. Dedi ki, Bakısız yaşaya bilmərəm. Dərbənd şəhərinə tez-tez toylara, konsertlərə dəvət edilirdi.



-Maraqlıdır , o zamanlar müğənnilərin toya getməsinə necə baxırdılar?

-Anatollu Qəniyev qədər toya gedən müğənni olmayıb. Elə olurdu ki, ayın hər günü toya dəvət edirdilər. Adamlar var idi ki, istəyirdi atam toyunda oxusun. Ona görə atamın qrafikinə uyğun toy təyin edirdilər. Anatollu Qəniyevə görə, toyu səhər edən insanlar olub. Onun boş vaxtı olmurdu. Atam ilk dəfə toylarda qadınla kişi məclisini birləşdirib. O vaxtdan bəri restoranlarda qadınlar və kişilərdə bir məclisdə oturublar.

60-cı illərdə müğənnilərin toya getməyinə nədənsə pis baxırdılar . Yəqin toya ciddi yanaşmırdılar.



- Atanız xanım müğənnilərdən kimlərləsə duet oxuyubmu?

-Elmira Rəhimova və Flora Kəriomva ilə duet oxuyub. Flora xanim özü də deyib ki, ilk dəfə səhnəyə Antollu Qəniyevlə çıxıb. Hamının bildiyi “Tələbəlik illəri” mahnısını atam Flora xanımla birlikdə oxuyub. Elmira xanımla isə Telman Hacıyevin “Qonşular” mahnısını ifa ediblər.

-Atanızın indiyə qədər üzə çıxmayan mahnıları varmı?

-Var. İllər sonra onun bir neçə mahnısını tapdım. Hansı ki, həmin mahnıların olmasından xəbərsiz idim. Təəssüf ki, atamın videoyazıları çox azdır.

-Hansı mahnını atanızla birlikdə oxumaq istəyərdiniz?

-Bu barədə düşünməmişəm. Sözün açığı, bilmirəm. Atamla mahnı oxumaq barədə fikrimiz var idi. O, qəfildən dünyasını dəyişdiyi üçün alınmadı.



- Yeri gəlmişkən, atanıza fəxri ad verilməməsi ilə bağlı sual vermək istərdim. Hansı səbəbdən ona ad verilməmişdi? Atanızın buna münasibəti necə idi?

-Atam heç vaxt bu barədə danışmırdı. Xalq onu o qədər sevirdi ki, hansısa ada ehtiyac duymurdu. 1966-cı ildə onun təqdimatı verilmişdi. Xırda bir səbəbə görə adı siyahıdan çıxarıldı. Sənətkara xalq qiymət verir. Atam sağlığında xalqdan ən yüksək qiymət almışdı. Ona niyə ad verilməməsi barədə heç yerdə danışmırdı.

Yaşar Nuriyev bir dəfə demişdi ki, “mənim atam layiq olduğu adı, mükafatı almadı. Amma mən onun yerinə hamısını aldım”. İndi mən onun sözünü təkrar edirəm.Dövlətimizin mənə verdiyi fəxri adların hamısını atama həsr edirəm. Məni elan edəndə “Heydər Anatollu” deyirlərsə, onun da adına gedir. Dövlət başçımıza buna görə təşəkkür edirəm.

-Tələbələri var idimi?

-Yox, atam dərs deməyib. Amma ola bilər ki, kimsə ondan bəhrələnib.

-Eşitdiymə görə, Anatollu Qəniyev çox zarafatcıl olub...

-Onun yanında heç kim qaşqabaqlı, qanı qara otura bilməzdi. Deyib-gülən, şən insan idi. O, məclislərdə maraqlı lətifələr danışardı. Mənim yadımda çox qalmayıb. Bu barədə dostları danışır. Mirzə Babayevlə çox yaxın olub. Atam onu “Batya” çağırırdı. Mirzə Babayev də mənə “Sən mənim nəvəmsən” deyirdi.

Anatollu Qəniyevi hamı çox istəyirdi. Rusiyaya qastrola gedəndə flarmoniyanın administratorları deyirdilər ki, Anatollunu mütləq siyahıya salın. Həm rus dilli olduğu üçün, həm də zarafatlarına görə dəvət olunurdu.



-Atanız kimlərə qulaq asırdı? Hansı musiqilərdən zövq alırdı?

-O, əsasən caz və kassik musiqlərə qulaq asırdı. Evdə valları çox idi. Almaniyada, Kubada, Ərəb ölkələrində, Polşada qastrol səfərlərində olanda vallar alırdı. Atam 1940-1950-cı illərin opera müğənnilərini sevirdi.

-Çox adam elə bilir ki ,”Yenilməz Batalyon” filmindəki mahnını Anatollu Qəniyev oxuyub, əslində ifa xanəndə İslam Rzayevə məxsusdur.

-Filmdə Ceyhun Mirzəyevin səsləndirdiyi mahnını ilk dəfə atam oxuyub. Ancaq Moskvada filmə baxış zamanı bildiriblər ki, Ceynun Mirzəyevin üzü ilə atamın tembiri düz gəlmir. Ona görə səsi dəyişmək məcburiyyətində qalıblar. Bu səbəbdən mahnını İslam Rzayev oxumalı olub. İslam Rzayevlə atam dost idilər. O, Oqtay Ağayevlə isə birlikdə vokal sinfində təhsil alıb.



Atam, həmçinin “Qanun naminə”, “Koroğlu”, “Alma –Almaya bənzər”, “Möcüzələr adası“ filmlərində də oxuyub. Sonuncu filmdə Mirzə Bayevlə birlikdə məzəli mahnı oxuyublar.

“Ulduzlar sönmür” filmində isə “Çıx yaşıl düzə” mahnısını atam ifa edib. “Qərib cinlər diyarında” filmində cinlərdən birinin, rəhmətlik aktyor Ələsgər Məmmədoğlunun oynadığı cin obrazının səsini də o, oxuyub. Bunu musiqiçi dostum Marif Qasımov mənə dedi. Mən də bilmirdim. Bu yaxınlarda öyrəndim .

-Ailə başçısı kimi sizə vaxt ayıra bilirdimi?

-O, yüksək səviyyədə ata, ailə başçısı idi. Boş vaxtı olan kimi birlikdə gəzirdik. Yay vaxtı bizi bulvarda restorana aparırdı, kurort yerlərə göndərirdi.

- Rəhmətə gedəndə cəmisi 54 yaşı olub. O vaxta qədər hansısa ürək sancmasından, ağrıdan şikayəti olurdumu? Belə qəfil ölümə səbəb nə idi?

- Heç bir xəstəliyi yox idi, ölümünə qədər ağrısı, şikayəti olmadı. Gözləmədiyim anda atam bizi tərk etdi. Bu il onun 85 illiyidir. Heyif ki, biz onu çox tez itirdik.



Şahanə Rəhimli
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti