`Ümidlərimi 2017-ci ilə saxlamışam` - Teymur Məmmədov (VİDEO)

`Ümidlərimi 2017-ci ilə saxlamışam` - Teymur Məmmədov (VİDEO)
  03 Dekabr 2016    Oxunub:11243
“Deyirik ki, Şuşaya qayıdanda kollektivimiz tam yaradıclıq gücü ilə işləyəcək”
Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru Teymur Məmmədov AzVision.az-ın əməkdaşları ilə həmsöhbət olub:

-Teymur müəllim, 2016-ci il sizin üçün necə keçdi?

- 2016-cı il çətin il oldu. Görək də, ümidlərimizi 2017-ci ilə saxlamışıq. Aktyorların vəziyyəti də ilə görə dəyişir.

-Sizin vəziyyətiniz necədir?

-Belə də babat. Allaha şükürlər olsun ki, hələ dözmüşük, yaşayırıq. Ümid edirik ki, yaxşı olacaq.

-Niyə belə pessimitsiniz?

-Ölkədə, dünyada baş verən hadisələr, müharibələr, torpaqlarımızın işğalda olmağı, teatrımızın, kollektivimizin qaçqın- köçkün Şuşa tearı kimi fəaliyyət göstərməsi mənə ağır gəlir.

Əsas binamızda təmir işləri gedir. Növbəti ilin birinci rübünə kimi təmirin bitəcəyinə ümid edirik. Şuşaya qayıtmaq ümidi ilə yaşayırıq. Deyirik ki, Şuşaya qayıdanda kollektivimiz tam yaradıclıq gücü və potensialı ilə işləyəcək.

-Hazırda hansı rollar üzərində çalışırsınız?

- Əməkdar artist, teatrımızın baş rejissoru Loğman Kərimovun quruluş verdiyi “ Kamança” əsərini səhnələşdiririk. “Kamança”da baş verən hadisələrə bu günün izi ilə yanaşma olub. Cəlil Məmmədquluzadəyə məxsus olan bu əsər öz müasirliyini saxlayır. Tamaşada “Qəhrəman yüzbaşı” rolunu oynayıram.

Eyni zamanda böyük ədibimiz Nəcəf bəy Vəzirovun “Dələduz”əsərini teatrıın rejissoru Lalə xanım səhnələşdirir. Burada müasir insanın başına gələn hadisələrdən, adamların bir-birini aldatmasından, etibardan düşmələrindən, nəyinsə, kiminsə xatirinə dostluğu danmalarından bəhs edilir. Orda “Mirzədadaş” rolunu oynayıram.

Bizim teatr təmirdə olduğu üçün Bakı teatrları bizə məkan verir. Bu yaxınlarda Beynəlxalq Muğam Mərkəzində tamaşamızın premyerası oldu.

-“Qız atası”ndan başqa hansı seriallardan dəvət almısınız?

-Eyni vaxtda bir neçə serialda görünmək maddi cəhətdən lazımlı olsa da, adam özünü də, tamşaçını da yorur. “Qız atası”nın çəkilişləri hələlik davam edir. İnşallah bu səpkidə davam edəcəyik.

-Azərpaşa Nəmətov bu yaxınlarda çıxışı zamanı Teatr Xadimləri İttifaqına üzv olan aktyorların üzvlük məsələsindən danışdı. Siz reaksiya verdiniz ki, o vaxtkı aktyorlarda üzvlük haqqı vermək üçün pul olub.

- Üzvülük haqqı cüzi məsələdir. Qaçqın- köçkün teatrı olmağımıza baxmayara,q şəxsən biz ödəniş edirik. Üzvlük haqqını gecikdirmirik. Yaxşı olardı ki, burada hansı teatrların nəzərdə tutulduğu açıqlanardı. Ən aztəminatlı teatrların üzvləri pul verir, amma prezident təqüdü, mükafatı alan hansısa aktyor vermir.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti