“Ölmüş atı nallamaq” üçün mitinq – TƏHLİL

“Ölmüş atı nallamaq” üçün mitinq – TƏHLİL
  18 Avqust 2013    Oxunub:1850
Böyük ehtimalla, gələn həftənin əvvəli Milli Şuranın axırı olacaq. Çünki Mili Şura hansısa ideya üstündə qurulan təşkilat deyil. O, Rüstəm İbrahimbəyovu vahid namizəd kimi dəstəkləmək üçün bir-birinə zidd maraqların, insanların zorla bir çərçivəyə sığışdırıldığı qurumdur. Rüstəm isə gəlmir. Çünki dediyinə görə, çox ciddi işlə məşğuldur – kino montaj edir.

Bir anlıq vəziyyəti təsəvvür edin: burada vaxt bitir, seytnota düşmək təhlükəsi var, Milli Şuranın başbil(məy)ənləri əsəbdən dırnaqlarını gəmirirlər, İbrahimbəyov isə Rusiyada rejissor kreslosunda oturub, qarnını sığallayaraq, film montaj edir. Əla vahid namizəddir!!!

Artıq hamıya 100 faiz aydındır ki, bu adam ölkəyə qayıtmayacaq və beləliklə, radikal müxalifətin tarixindəki ən qara ləkəyə, ən böyük axmaqlığa çevriləcək. Ölkədə olmayan birini vahid namizəd seçirsən və o da axıra qədər ölkəyə qayıtmır... Daha siyasətdə bundan da o yana abdallıq ola bilməz. Əslində, bu qərarı verən müxalifət liderləri belə biabırcılıqdan sonra bir də özlərinə “siyasətçi” deməməlidirlər.

İndi vəziyyət belədir: avqustun 19-da Milli Şuranın iclası olmalıdır ki, vahid namizəd müəyyənləşsin. Amma hamının mövqeyi indidən aydındır: Klassik Xalq Cəbhəsi, Açıq Cəmiyyət Partiyası, Liberal Partiya və “El” hərəkatı Rüstəm İbrahimbəyovun sözüylə Eldar Namazovun namizədliyinə dəstək verəcək. Müsavat bundan qəti şəkildə imtina edir və seçkiyə Milli Şuradan kənar öz namizədi ilə qatılmağa üstünlük verir. AXCP isə nə Qəmbərə, nə də Namazova dəstək vermir və seçkiləri boykot etməyi üstün tutur. Yəni Milli Şurada nəinki vahid namizəd yoxdur, hətta vahid namizədliyə vahid namizəd də yoxdur.

Bu, faktik olaraq Milli Şuranın parçalanması deməkdir.
Beləliklə, əlvida, Şuroçka, sən yaxşı qız olmadın!!!

Ona görə də, indiki vəziyyətdə Milli Şuranın mitinq keçirməyi bəysiz toy kimi bir şeydir. Sabah öləcək qurumun bu gün keçirəcəyi aksiya kimə və nəyə lazımdır?
Və ümumiyyətlə, Milli Şura seçkiyə vahid namizədlə qatılmaq üçün düşünülmüş formatdır. Namizəd yoxdursa, bu qurumun mitinqi hansı məntiqlə keçirilir? Ona görə də, bu aksiyaya qatılmaq istəyən varsa, hesab etsinlər ki, faktik olaraq ölən atı nallamağa gedirlər.

Tariyel Həsənov
AzVision.az



Teqlər:  





Xəbər lenti