`Qorxurdu ki, onu da güllələyəcəklər`- Eldar Qasımovla MÜSAHİBƏ (VİDEO)

`Qorxurdu ki, onu da güllələyəcəklər`- Eldar Qasımovla MÜSAHİBƏ (VİDEO)
  28 Dekabr 2016    Oxunub:24301
“Ziyalıları yığıb aparırdılar, ailə üzvülərinin onların dirisindən, ölüsündən belə xəbərləri olmurdu”

“Eurovision-2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov nənəsi, mərhum xalq artisti Firəngiz Şərifova ilə bağlı AzVision.az-ın suallarını cavablandırıb.

Gənc müğənni müsahibə əsnasında nənəsi ilə bağlı indiyədək heç yerdə deyilməyən maraqlı faktları açıqlayıb.

Məlumat üçün bildirək ki, aktrisa Firəngiz Şərifova Azərbaycanın tanınmış teatr aktyoru, teatr və kino rejissoru, kino redaktoru Abbas Mirzə Şərifzadənin və xalq artisti, aktrisa Mərziyyə Davudovanın qızıdır. Represiya qurbanı olan Abbas Mirzə Şərifzadə 1938-ci ildə güllələnib. Firəngiz Şərifova hər iki sənətkarın yolunu uğurla davam etdirib.

- Firəngiz Şərifova oynadığı rollarla hamının sevimlisi olmağı bacarıb. Xüsusən də, nənə obrazlarına görə, o, təkcə sizin deyil, hamımızın nənəsidir.

-Bu sözü çox adamdan eşitmişəm. Düşünürəm ki, Firəngiz Şərifova mənim yaşımda olan insanların da nənəsidir. Yaşı ilə əlaqədar son zamanlar daha çox nənə rollarını oynayırdı. O, həyatda da səhnədə və ya filmdə canlandırdığı nənə kimi idi.

-Siz onun oğul, yoxsa qız nəvəsisiniz?

-Oğul nəvəsiyəm.



- Eşitdiyimə görə, çox az danışan və gözəl yumor hissi olan qadın imiş.

-Çox düz buyurdunuz. Danışmağı çox xoşlamırdı. Evimizə qonaqlar gəlirdi, deyirdilər, gülürdülər. Nənə onları sadəcə dinləyirdi. Amma yeri gələndə hansısa sözü, cümləni deyib hamını güldürməyi bacarırdı. Bəzən isə otağına çəkilib, işləri ilə məşğul olurdu.



- Bir yerdə yaşayırdınız?

-Bəli, birgə yaşayırdıq. Ancaq son zamanlar mən daha çox öz evimdə qalırdım.

-Nənəniz öz uşaqlığından, gəncliyindən sizə və ya övladlarına nələri danışırdı?

-Mən onun jurnalistlərə verdiyi müsahibələrində yaxından iştirak etmişəm. Həyatı haqqında hətta kitab yazmışdılar. Həmin kitabda onun valideyinlərindən, həyatından, kariyerasından bəhs edilirdi. Deyərdim ki, əksər məqamları mən yaxşı xatırlayıram.



-Atasını xatırlayırdımı? Mən bilən, Firəngiz xanım kiçik olanda atası ilə bir neçə dəfə eyni səhnəni bölüşüb.

-Ulu babam nənəm Firəngiz xanımı 5 və ya 6 yaşı olanda səhnəyə çıxardıb. Səhnədə onun ya qızını,ya da bacısı rolunu oynayıb. İllər keçdikdən sonra nənəm öz anası Mərziyyə Davudova ilə də eyni səhnəni bölüşüb.

-Nənəniz evin tək övladı olub?

- Abbas Mirzə və Mərziyyə Davudova nikahından bir nənəm olub.

-Bəs özünün neçə övladı var ?

-3 övlad. İki oğlu və bir qızı var.

-Övladlarından nənələrinin və ya analarının yolu ilə gedən olubb?

-Yox, övladları başqa istiqamətə gediblər. Tibb sahəsində çalışırlar. Onlar öz işlərinə peşəkarcasına yanaşırlar.



-Anası Firəngiz xanımı hələ uşaq olanda Üzeyir Hacıbəyovla görüşdürüb. Üzeyir bəy onu yoxlayıb və bu qızın çox istedadlı olduğunu deyib. Firəngiz xanım bu görüşlə nələri danışırdı?

-Bəli, danışırdı. O vaxt mən uşağ olduğumdan nənəmin dedikləri dəqiqliklə yadımda qalmayıb. Amma bu haqda müsahibələrindən oxumuşam. Yadımdadır ki, uşaq olanda özlüyümdə onların bu səhnəsini təsvir edirdim. Bilirəm ki, Uzeyir bəy onu çox bəyənib. Nənəm hətta xareoqrafiya məktəbində də oxuyub, baletlə məşğul olub.

Sizə onu da deyim ki, babam Balağa Qasımov da çox istedadlı adam olub. Cavan yaşlarından Opera və Balet teatrında klarnet ifaçısı kimi çalışıb. Həmçinin klarnet üzrə dərs deyib. Bir müddət Gənc Tamaşaçılar Tearının və Azərbaycan Musiqili Komediya Teatrının direktoru kimi fəaliyyət göstərib.



-Ulu babanız Abbas Mirzə Şərifzadənin repressiya qurbanı olmasından sonra onlar üçün bir çox qapılar bağlanıb. Mərziyyə xanıma ayaqda qalmaq, öz qızını tək böyütmək asan olmayıb. Babanızdan sonrakı həyatları necə keçib?

-Nənəm həmişə söhbət edəndə deyirdi ki, o vaxtlar ən çətin illər olub. Ziyalıları yığıb aparırdılar, ailə üzvülərinin isə onların dirisindən, ölüsündən belə xəbərləri olmurdu. Ulu babamı aparandan sonra Mərziyyə Davudova balaca boxça yığıb həmişə evin bir küncündə saxlayırmış ki, indi gəlib onu da aparacaqlar., güllələyəcəklər. Həmişə qorxu içində yaşayıblar. Amma şükürlər olsun ki, Mərziyə xanım və nənəm repressiyadan canlarını qurtara biliblər. Pis günlər arxada qalıb. Nə edək, bu da bir tale imiş .

-Firəngiz xanımla birgə çalışan aktyor Ağaxan Salmanov bir dəfə belə açıqlama vermişdi ki, nənənizin sarışın olması və milli üz cizgilərinə sahib olmaması onun Azərbayacan filmlərində az rol olmasına səbəb olub.

-Bu faktı bilmirəm. Bəlkə də qeyri- standart üz cizgisi o zamanlar ekranda çox da yaxşı görsənmirdi. Ancaq teatrda çox rollar oynayıb.



-Evdəki məşqlərini xatırlayırsınızmı?

- Məşqlərini daha çox öz otağında edirdi. Oynadığı obrazın sözlərini özü də kril əlifbası ilə əllə yazırdı. Bu yolla öz persenajını hiss edirdi.

Yadıma bir əhvalat düşdü. 7-8 yaşım olardı. Nənəm bir dəfə məşqdən qayıdırdı, qapını mən açdım. Gördüm ki, saçı tamam fərqlidir, ağappaqdır. Bir neçə saniyə nə baş verdiyini anlamadım. Çox qorxdum. Dedim, nənə, sənə nə olub. Başa saldı ki, məşqdir, rol üçün belə ediblər.

-Tamaşalarına baxmağa gedəndə yerinizdən heç nənənizi çağırdığınız olubmu?

-Yox. Bəlkə də içimdən çağırmaq keçib. Ancaq valideyinlərim mənə ciddi tərbiyə etmişdilər. Mən ona aktrisa kimi baxırdım. O, hər bir rolunda özünü əks etdirirdi.

-Nənəniz 50-ci illərdə Uşaq Xalq Teatrının rəhbəri olub. Görünür, uşaqları çox sevirmiş...

- Uşaqları çox sevirdi. Qardaşımla məni öz övladlarından çox istəyirdi. Buna baxmayaraq, hərdən sərt ola bilərdi. Əksər hallarda sözü üzə deyən insan idi. Bu, onun çox çətin və lazımlı xüsusiyyətlərindən biri idi. Ancaq bizi görəndə, onun davranışı, duruşu, üz cizgiləri mülayim xarakter alırdı.

-Nəzərə alsaq ki, nənəniz vokal üzə təhsil alıb. Sizin üçü hansısa mahnını özəl olaraq oxuyurdumu?

-Mən ona deyirdim ki, ay nənə, sən vokal sinfində oxumusan, mənə də öyrət. Deyirdi, ay bala, bilirsən bu nə vaxt olub? Hər şey yadımdan çıxıb. Amma mənə aktyorluq baxımından çox kömək edirdi. Bildiyiniz kimi, mən Yuli Qusmanın “Qorxma mən səninləyəm” filminin ikinci hissəsində iştirak etmişdim.

-Firəngiz xanım “Nənənin kələyi” tamaşasında çox bilmiş, heç kimin aldada bilməyəcəyi nənə obrazını yaradıb. Bəs həyatada necə ona yalan danışanda tezmi sezirdimi?

-Əlbəttə. Nənələr həyatı görən insanlardır. İstər şəhərin göbəyində, istərsə də kəndin o tayında yaşasınlar. Fərqi yoxdur.

Maraqlı bir hadisəni sizə danışım. Nənəm Yeni il günü həmişə qardaşımla məni günortalar yatızdırardı ki, gecə saat 1-ə kimi otura bilək. Mən nə uşaq baxçasında, nə də evdə günortalar yata bilirdim. Uzanmışam, yerimdə qurcalanıram. Birdən gördüm ki, nənə gəlir. Mən də özümü yuxluğa vurdum. İçəri girdi, başa düşdü ki, yatmamışam. Oxlovu götürüb üstümə gəldi. Bütün mənzili qaçdıq. Həmin vaxt çox qorxdum. Ancaq indi yadıma düşəndə çox gülürəm. Nənəm məni oxlovla döymək istəyirdi.



-Aktyorlar, aktrisalar bəzən rejissorların onlara rol verməmələrindən şikayətlənirlər. Onun heç narazılığı olurdumu?

Yox. Xatırlamıram. Ona teatrda həmişə tələbat olub.

-Evinizə sənətkarlardan kimlər gəlib -gedirdi?

-Deyirlər, bu sənətdə rəfiqələr olmur. Ancaq onun yaxın dostları var idi. Aktrisa Almaz Mustafayeva ilə yaxın rəfiqə idi. Uşaqlıqda soruşurdum ki, “nənə Almazka bu gün gələcək?”. İndi adlarını yadıma sala bilmirəm. Qadın, kişi fərqi yox idi. Nənəmin və babamın sənət dostları həmişə bizə gəliblər.



-Nənənizin özünə məxsus xanım xatınlığı olub. O, sənət yoldaşlarından seçilə bilib.

- Nənəm həmişə özünə baxırdı. Saçlarına boya qoyurdu. Sırğası, üzüyü, geyimləri öz yerində idi. Sözün əsil mənasında bir xanım idi. Başqa cür ola da bilməzdi. Zahiri görünüşünə böyük diqqət göstərirdi. Mənə deyirdi ki, həmişə formada olmalısan. Bu, sənin həyat tərzin olmalıdır. Kimsə səndən nümunə götürə bilər.

-Bəs sizin sənətə necə münasibət göstərirdi?

- Rusiyanın tanınmış artistlərini göstərib, deyirdi ki, gör nə vəziyyətdə öldülər. Evdə meyitlərini tapdılar. Dünyada bu sənətə qiymət verən yoxdursa, bizdə ümumiyyətlə, yoxdur... İndi mən onu başa düşürəm.

Ancaq mənim yoluma xüsusi bir çəpər qoymadı. Deyirdi ki, sən bununla yaşayırsan. 100 manat da qazansan, sən bu işin xəstəsisən. İstədiyin işlə məşğul olmalısan. Mənə elə gəlir ki, mənim səsim olmasaydı, bu sənətdə bacarığım olmasaydı, heç doğulmazdım, yaranmazdım.

Hansısa müsahibədən, televiziya çəkilişindən qayıdandan sonra `dəlilik` edirdim. Nənəyə sataşırdım. Telvizoru göstərib, deyirdi, `sən ora get. Sən orada əsil Eldar olarsan. Sən onun üçün yaranmısan`.



Xəstə olanda deyirdi ki, “mənə nə dərman, nə də yaşamaq üçün vasitələr lazımdır. Bu həyatda, bu bədəndə artıq öz missiyamı bitirmişəm. Mən sizə oradan kömək edə bilərəm. Oranın gücləri buradan üstündür”.

Hər gün bir orqanı sıradan çıxırdı. Axırıncı günlər başını qaldıra, uzana bilmirdi. Qabırğaları yerindən çıxırdı. Çətin günlər yaşayırdı. Nənəm bu vəziyyətdə belə deyirdi ki, mənim saçımı kəsin, üzümə düşür, qəşəng görsənmirəm.



Axrıncı gün ondan soruşdum ki, bizi sevirsən? Cavab verdi ki, `mən sizi sevmirəm, sizdən ötürü ürəyim gedir`. Danışdım, çox təsirləndim. Mən belə insanam ki, tək olanda ürəkdən ağlayıb, ürəkdən gülürəm. Bütün hislərimi içimdə yaşayıram. Heç kimlə paylaşmıram. Nənələrimin, babalarımın olmamasını hiss etmirəm. Onların sevgisi, baxışları həmişə mənimlədir.

Şahanə Rəhimli
Foto: Elvin Abdulla
Video: Əhməd Xəlilov
Montaj:Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər:  





Xəbər lenti