`ASAN Kommunal` nədir? - (VİDEOXƏBƏR)

`ASAN Kommunal` nədir? - (VİDEOXƏBƏR)
  28 Dekabr 2016    Oxunub:38534
“ASAN Kommunal” mərkəzi Azərbaycan Respublikası Prezidentinin 4 may 2016-cı il tarixli Fərmanında verilmiş tapşırığa müvafiq olaraq yaradılıb.

AzVision.az xəbər verir ki, “ASAN Kommunal” mərkəzində 3 qurum - “Azərişıq” ASC, “Azərsu” ASC, “Azəriqaz” İB tərəfindən ümumilikdə 45 növ xidmət göstəriləcək.

Göstəriləcək əsas xidmətlər məişət abonentlərinin elektrik, su, qaz şəbəkəsinə qoşulması ilə əlaqədar müqavilələrin bağlanması və texniki şərtlərin verilməsi, elektrik, su və qaz sayğaclarının quraşdırılması, dəyişdirilməsi, sayğaclar üçün smart kartların verilməsi, bərpası və yenilənməsi, məcburi köçkün olan abonentlərə pulsuz limitlərin verilməsi, abonentlərin şəxsi məlumatlarında dəyişikliklərin edilməsi, qüsurlu ödənişin bərpa edilməsi, abonentin ödəniş tarixcəsinin verilməsi və sairədir.

Gələcəkdə istilik təchizatı, rabitə-telefon xidmətləri, poçt, kabel televiziyaları, internet xidmətləri və kommunal sahədə fəaliyyət göstərən digər dövlət və özəl qurumların xidmətləri “ASAN Kommunal” mərkəzlərdə təşkil edilə bilər.



“ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti vətəndaşların kommunal xidmətlər göstərən təşkilatlarla ünsiyyətindəki bürokratik əngəlləri aradan qaldıracaq, asan şəkildə və korrupsiya hallarına yol verilmədən müvafiq xidmətlərdən istifadəsini təmin edəcək. Beləliklə, bu mərkəzlərin yaradılması kommunal xidmətlərin göstərilməsi sahəsində böyük islahatdır.

Kommunal sahədə xidmətlərin asanlaşdırılması ümumilikdə hökumətin sosial siyasətinin tərkib hissəsidir. Dövlət hər zaman olduğu kimi sosial proqramların həyata keçirilməsinə böyük əhəmiyyət verir və 2017-ci ilin büdcəsi bir daha nümayiş etdirir ki, sosial sahəyə xüsusi diqqət gələn il də davam etdiriləcək.



“ASAN Kommunal” mərkəzlərinin açılması vətəndaşlara xidmətlərin “ASAN” modelinin daha da geniş sahələri əhatə etməsi istiqamətində dövlət siyasətinin davamlı olduğunu göstərir.

“ASAN Kommunal” mərkəzlərində göstərilən bütün növ kommunal xidmətlərə görə vətəndaşlar ödənişləri bank, ödəmə terminalları və “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirəcək. Bu isə öz növbəsində bu xidmətlərin göstərilməsində şəffaflığı artıracaq, korrupsiya və digər neqativ halların qarşısını alacaq.

“ASAN Kommunal” mərkəzlərin açılması həm də yeni iş yerlərinin yaradılması deməkdir. Birinci mərkəzdə 105 nəfərin çalışması nəzərdə tutulur və bu mərkəz Bakı şəhərinin Nəsimi, Nərimanov və Binəqədi rayonlarında qeydiyyatda olan ümumilikdə 653.600 vətəndaşa xidmət göstərəcək. Lakin yeni “ASAN Kommunal” mərkəzlərin yaradılması davam edəcək. Tezliklə Bakı şəhərinin Əhmədli qəsəbəsində və şəhərin dəmiryolu vağzalında da “ASAN Kommunal” mərkəzləri yaradılacaq. Beləliklə, yaxın zamanlarda 3 “ASAN Kommunal” mərkəzi fəaliyyət göstərəcək. Gələcəkdə regionlarda da belə mərkəzlərin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, ilk “ASAN Kommunal” mərkəzi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Azərişıq” ASC və “Azərsu” ASC-nin vəsaiti hesabına yaradılıb. Mərkəz 2 mərtəbədən ibarət olmaqla (ümumi sahəsi 2800 m2) Bakı şəhəri, ak. H.Əliyev küçəsi 34 ünvanında yerləşir.

AzVision.az



Teqlər:  





Xəbər lenti