Vergi Məcəlləsindəki dəyişikliklər nədən ibarətdir? (VİDEOXƏBƏR)

Vergi Məcəlləsindəki dəyişikliklər nədən ibarətdir? (VİDEOXƏBƏR)
  29 Dekabr 2016    Oxunub:10884
Milli Məclis tərəfindən qəbul olunaraq ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanun vergi sistemində həm həcm, həm də mahiyyət baxımından olduqca ciddi dəyişikliklərə əsas verir.
AzVision.az xəbər verir ki, bunu vergilər nazirinin müavini, 3-cü dərəcəli vergi xidməti müşaviri Sahib Ələkbərov bildirib. Bütövlükdə Vergi Məcəlləsində 201 dəyişikliyin aparıldığını qeyd edən nazir müavini Məcəlləyə 115 yeni maddənin əlavə olunduğunu, 83 maddəyə isə dəyişiklik edildiyini və 3 maddənin ləğv olunduğunu bildirib. Qeyd olunub ki, edilmiş dəyişikliklərdən 123-ü vergi inzibatçılığının, o cümlədən, vergi uçotunun təkmilləşdirilməsi və şəffaflaşdırılması, 34-ü vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8-i isə vergi yükünün azaldılması, vergi güzəştləri və vergidən azadolmalarla bağlıdır.



S.Ələkbərov vurğulayıb ki, ölkə Prezidentinin bu ilin avqust ayında imzaladığı “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Sərəncamına əsasən hazırlanmış əlavə və dəyişikliklərin əsas məqsədi sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın formalaşdırılması, nağdsız əməliyyatların həcminin və vergi mühtinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, ixracın stimullaşdırılması, dürüst və şəffaf uçotun qurulmasıdır.



Vergilər Nazirliyinin vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin rəisi, baş vergi xidməti müşaviri Samirə Musayeva Vergi Məcəlləsində nəzərdə tutulan vergi güzəştləri və azadolmalarla bağlı dəyişikliklərin vergi ödəyicilərinin vergi yükünün azaldılmasına, onların dövriyyə vəsaitlərindən səmərəli istifadə etmələrinə şərait yaradacağını, sahibkarlığın inkişafına dəstək verəcəyini vurğulayıb. Qeyd edilib ki, icbari tibbi sığorta və səhiyyə (tibb) xidmətləri göstərən qurumların gəlirləri mənfəət vergisindən müddətsiz, buğdanın idxalının və satışı, buğda unu və çörəyin istehsalı və satışı, quş ətinin satışı isə 3 il müddətində ƏDV-dən azad edilib:





"Bankların restrukturizasiya və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərinin təqdim edilməsi 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilib. Banklar tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividendin, diskont və faiz gəlirlərinin gəlir vergisindən azad edilməsi müddəti 2023-cü ilin fevral ayınadək artırılıb. Sahibkarların vergi yükünün azaldılması ilə yanaşı, onların dövriyyə vəsaitlərinə qənaət edilməsi, habelə, ixracı stimullaşdırmaq məqsədilə ixrac fəaliyyəti ilə məşğul olan şəxslərin apardıqları əməliyyatlardan yaranan ƏDV üzrə artıq ödənilmiş vergilərin qaytarılması müddətləri də azaldılıb".



O, qeyd edib ki, məcəlləyə edilmiş mühüm dəyişikliklərdən biri də sahibkarlıq fəaliyyəti subyektləri arasında malların, işlərin və xidmətlərin təqdim edilməsi zamanı elektron qaimə-fakturanın təqdim olunmasıdır: `Bu tələb ƏDV ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün 2017-ci ilin aprelindən, bütün digər vergi ödəyiciləri üçünsə 2018-ci ilin yanvarından qüvvəyə minəcək. Vergi Məcəlləsinə edilmiş bu dəyişikliklər sahibkarlar arasında aparılan əməliyyatların rəsmiləşməsi prosedurunun sadələşməsinə, operativliyinin təmin edilməsinə, inzibatçılıq xərclərinin azaldılmasına, sahibkarların xərclərini təsdiq edən sənədlərə malik olmaqla gələcəkdə vergi orqanları ilə fikir ayrılıqlarının qarşısının alınmasına və şəffaflığın təmin olunmasına xidmət edəcək`. Bundan başqa məcəlləyə güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərin Azərbaycan mənbəyindən gəlirlərə aid edilməsini və həmin ödənişlərdən ödəmə mənbəyində əlavə 10 faiz dərəcə ilə verginin tutulmasını nəzərdə tutan müddəalar daxil edilib.



Elektron ticarətin vergiyə cəlb olunması ilə bağlı qanunvericiliyə edilmiş əlavə və dəyişiklikləri şərh edən S.Musayeva biildirib ki, elektron ticarət qaydasında qeyri-rezidentlərdən işlərin və xidmətlərin təqdim edilməsi, habelə, elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin keçirilməsinə görə ƏDV alıcısının olduğu yerdə tətbiq ediləcək. Bu dəyişikliyin əsas məqsədi rəqabət şərtlərinin eyniləşdirilməsindən və uçot sisteminin qurulmasından ibarətdir. Məcəlləyə edilmiş dəyişikliklərdən biri də kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması ilə bağlıdır. Kənd təsərrüfatı məhsullarının istehsalçıları vergilərdən azad edilsə də, onların məhsulları ticarət şəbəkələri tərəfindən pərakəndə qaydada satılarkən bu məhsulların da tam dəyəri ümumi qaydada ƏDV-yə cəlb edilir, bu da pərakəndə satış qiymətində bahalaşmaya səbəb olurdu. Qeyd edilənləri nəzərə alaraq, kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədilə pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar tərəfindən Azərbaycanda istehsal edilmiş kənd təsərrüfatı məhsullarının satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanacaq.

Vergi Məcəlləsində yer alan daha bir yenilik sabit veriginin tətbiqi ilə bağlıdır. Qeyd olunub ki, sabit vergi fərdi qaydada, yəni muzdlu işçi cəlb etmədən müəyyən fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərə tətbiq ediləcək. Belə ödəyicilər kiçik həcmdə gəlirlərə malik şəxslərdir. Bəzi fəaliyyət növlərinin sabit vergiyə cəlb olunması ilə bağlı Vergi Məcəlləsinə edilmiş dəyişikliyin əsas məqsədi bu sahədəki uçotun təkmilləşdirilməsi və belə şəxslərin vergi yükünün minimallaşdırılması məqsədini daşıyır. Bu fəaliyyətlə məşğul olan fiziki şəxslər vergi öhdəliklərini bəyannamə təqdim etmədən, kiçik bir sabit məbləğ ödəməklə həyata keçirəcəklər.

Aytən Zəhra
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər:  





Xəbər lenti