Təcili yardıma müraciətlər artıb - Ötən ilin statistikası (VİDEOXƏBƏR)

Təcili yardıma müraciətlər artıb - Ötən ilin statistikası (VİDEOXƏBƏR)
  06 Yanvar 2017    Oxunub:3574
Ötən il ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 681 mindən çox müraciət daxil olub. Müraciət edənlərin 63 mindən çoxu xəstəxanaya yerləşdirilib.

AzVision.az xəbər verir ki, bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimin müavini İradə Əliyeva bu gün keçirilən mətbuat konfransında deyib. İ.Əliyeva qeyd edib ki, uşaqlar üçün edilən çağırışların sayı 83 mindən çoxdur. 13 mindən çox uşaq xəstəxanalara yerləşdirilib.

“Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində ağır vəziyyətdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 2000 nəfərdən çox olub. Miokard infarktı ilə müraciətlərin sayı 1000, hospitalizasiya 940-a yaxın, insultla müraciətlərin sayı 3300, hospitalizasiya 2950, doğuşla bağlı müraciətlərin sayı 3310, avtoqəza zamanı xəsarət alanların sayı 2420, hospitalizasiya 2125-dən artıq olub. Evdə qalan xəstələr haqqında ərazi üzrə müvafiq poliklinikalara məlumat verilib. Çağırış zamanı aşkar edilən zahı və hamilə qadınlar barəsində qadın məsləhətxanasına məlumat verilib”.



İ.Əliyeva bildirib ki, təcili tibbi yardıma ehtiyacı olan 180 nəfər yaşayış yeri məlum olmayan şəxs, ilkin tibbi yardım göstərildikdən, müxtəlif ixtisaslı bir neçə həkimin ətraflı tibbi müayinəsindən keçdikdən, təmiz geyimlə təmin edildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilib.

“Təcili Yardım Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən təcili tibbi yardım göstərilməsi məqsədi ilə istifadə olunan dərman preparatlarının siyahısı müalicə metodik şöbə tərəfindən mütəmadi olaraq araşdırılır və yeni dərman preparatları ilə əvəz olunur və ya əlavə edilir. Ağır xəstələrin evdə rentgen müayinəsinin aparılması məqsədi ilə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası rəqəmsal və plyonkalı rentgen apparatları ilə təmin olunub. Portativ rentgen aparatının olduqca əhəmiyyətli cəhətləri var. Belə ki, ağır yataq xəstələrini bəzən tərpətmək olmaz və ya mümkün deyil, bu zaman rentgen müayinəsinin aparılmasına tibbi göstəriş olarsa, ev şəraitində rentgen müayinəsi aparılır. Həmçinin ev şəraitində laborator müayinə apara bilən xüsusi briqada mövcuddur və əhaliyə yüksək səviyyədə xidmət edir. Tibbi müəssisənin maddi-texniki təchizatı yüksək səviyyədədir. BŞT və TTYS bir neçə növ sanitar avtomobillərlə - kütləvi hadisələr zamanı 6 nəfəri birdən daşıya bilən, qarlı-buzlu yollarda sürülə bilən, laborator, reanimasion sanitar avtomobillərlə təmin edilib”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti