Paralel kainatlar varmı? – ELMİ CAVAB

Paralel kainatlar varmı? – ELMİ CAVAB
  17 Yanvar 2017    Oxunub:45764
Elmdə elə mövzular var ki, sanki çox asanmış kimi görünür, bir növ `popsa`laşır, filmlərdə, bədii əsərlərdə süjetə çevrilir. Hər kəs elə bilir ki, vəssalam, bu haqda məlumatlıdır, əslində isə söhbətin nədən getdiyini də təsəvvür etmir. Belə mövzulardan biri də paralel kainatlar, yaxud, paralel dünyalar, paralel reallıqlar mövzusudur.

Biz məsələyə sırf elmi yondən yanaşacaq və sadə dillə izah etməyə çalışacağıq.

İçində yaşadığımız kainatın təxmini diametrini təsəvvür etməyə çalışın. Kobud götürsək, 14 milyard il bundan qabaq Böyük Partlama olubsa, onun nəticəsində yaranan kainatın radiusu 14 milyard işıq ilindən çox ola bilməz. (Bu yazıda `kainat` deyərkən mən Böyük Partlama nəticəsində meydana gələn materiyadan formalaşmış kosmik strukturu nəzərdə tuturam.) Demək, “bizim” kainat mərkəzi nöqtəsi Böyük Partlama olan 14 milyard işıq ili raduslu nəhəng sferanın içində yerləşir. Bu sferanın diametri – yəni bir ucundan digər ucuna məsafə 28 milyard işıq ili olacaq. Lap yaxşı. Bəs fəzada 50 milyard, 100 milyard işıq ili o tərəfdə nə var? Axı kosmik məkan sonsuzdur...

Sonsuzluq – elmdə xüsusi kateqoriyadır. Biz sonsuzluq haqqında demək olar ki, heç nə bilmirik. Yer kürəsi üçün tam doğru olan Nyuton fizikası kosmosda işləmədiyi kimi, ənənəvi riyaziyyat da sonsuzluqda işləmir. Ona görə də, sonsuzluqdan danışanda ortaya müxtəlif məntiqi və elmi paradokslar çıxır. Təəssüf ki, bizim hələ sonsuzluğu təhlil edəcək riyazi metodlarımız yoxdur.

Amma suala qayıdaq: diametri maksimum 28 milyard işıq ili olan “bizim” kainatdan 100 milyard işıq ili o tərəfdə, 500 milyard işıq ili o tərəfdə, 1 trilyon işıq ili o tərəfdə, 100 trilyon işq ili o tərəfdə nə var, nə ola bilər?

Mümkündürmü ki, “Böyük Partlama” tək deyil, sonsuz məkanda sonsuz sayda Böyük Partlamalar baş verir? Lap elə indi, siz bu yazını oxuyarkən 50 trilyon işıq ili uzaqlıqda daha bir Böyük Partlama baş verdi və yeni kainat yarandı... Ola bilərmi?

Elm bunu istisna etmir. Bu fikri müdafiə edən nəzəriyyə “Multivers nəzəriyyəsi” adlanır. Həmin nəzəriyyəyə görə, bizim kainata başlanğıc verən Böyük Partlama sonsuz sayda o cür partlamalardan sadəcə, biridir. Şəxsən mən məhz bu nəzəriyyənin tərəfdarıyam, çünki o, kainatın “həssas köklənmə” fenomenini asanlıqla izah edə bilir. Yəni sual budur: Bizim kainatın fundamental fiziki parametrləri sanki bilərəkdən elə köklənib ki, burada həyat yarana bilsin. Elə isə bunu kökləyən kimdir? Bu sual Multivers nəzəriyyəsi çərçivəsidə öz əhəmiyyətini itirir: Əgər sonsuz məkanda sonsuz sayda kainatlar yaranırsa, onların birində parametrlərin həyat üçün əlverişli alınmasında təəccüblü heç nə yoxdur. Çünki sonsuzluqda hər şey mümkündür.



Amma mövzudan uzaqlaşmayaq. Multivers nəzəriyyəsi paralel kainat, yaxud, paralel reallıq demək deyil. Bu, elə bizim içində olduğumuz reallıqdır, sadəcə, o qədər uzaq məsafələrdən söhbət gedir ki, onu yoxlamaq, yaxud hansısa bir formada əlaqə yaratmaq mümkün deyil. Yüz milyard işıq ili elə bir məsafədir ki, heç kainatların ömrü bu qədər olmur. Biz yüz milyard işıq ili uzaqlıqda nəyinsə olub-olmadığını yoxlamağa qalxsaq, indiki vasitələrlə cavab əldə edənə qədər içində yaşadığımız kainat ömrünü başa vuracaq.

Paralel kainat tamam ayrı bir nəzəriyyədir. Bu, nəhəng məsafələrlə yox, əksinə, çox kiçik ölçülərlə - kvant dünyası ilə bağlıdır. Məhz kvant aləmində müşahidə olunan bəzi paradoksları izah etmək üçün paralel reallıqların mövcud ola biləcəyi fikri irəli sürülmüşdü.

Təsəvvür edin ki, hansısa bir qərar qəbul etməlisiniz. Məsələn, evə metro ilə gedim, yoxsa avtobusla? Bu ilk baxışdan sadə seçim sizin həyatınızda sonsuz variantlar çoxluğu yarada bilər. Məsələn, avtobusa mindiniz, orada keçmiş sinif yoldaşınızla rastlaşdınız, o, düşüb bir az parkda gəzməyi təklif etdi, gəzərkən əks cinsdən bir insanla tanışlıq alındı... Həyatınızı dəyişəcək səbəb-nəticələr ardıcıllığı yaşandı. Amma metro ilə getsəniz, necə olacaqdı?

1954-cü ildə Prinston universitetinin tələbəsi, sonralar tanınmış fizik Hyu Everett kvant mexanikasında müşahidə olunan paradokslara – xüsusilə də superpozisiya prinsipinə,- mücərrəd riyazi modellərlə yox, real dünyanın anlayışları çərçivəsində izahat tapmaq istəyir. Məsələn, niyə elementar zərrəciyin dəqiq yerini hesablaya bilmirik?
(Kvant mexanikasının çaşdırıcı qatlarına getmədən, qısaca deyək ki, elementar zərrəciklərin bir neçə parametri olur: sürəti, mövqeyi, spini və s. Onların birini müəyyən edəndə, o biriləri hesablamaq mümkün deyil.)



Everett belə bir ehtimal irəli sürür: elemantar zərrəciklər ola biləcəkləri bütün mümkün yerlərdə eyni zamanda mövcuddurlar, sadəcə, hər ölçmə zamanı potensial variantlardan ancaq biri reallaşır. Və hər dəfə hansısa variant reallaşanda kainat ikiyə ayrılır: onun birində foton A nöqtəsində qalmaqda davam edir, ikincisində isə eyni foton B nöqtəsindədir. “Bizim” kainatdakı alim eyni fotonu A, digər – paralel kainatdakı alim isə B nöqtəsində tapır. Bu kainatlar, aydındır ki, sonsuz sayda olacaq və onların hər biri realdır, digərlərindən asılı olmayan şəkildə mövcuddur.

Sual çıxır: bu, elementar zərrəcik üçün mümkündürsə, materiya da elementar zərrəciklərdən ibarətdirsə, onda bütövlükdə kainat üçün niyə mümkün olmasın?

Əgər Everettin bu yanaşması düzdürsə, o deməkdir ki, bizim hər birimizdən sonsuz sayda var, hər biri öz kainatında müstəqil şəkildə mövcuddur. Və indi kainatların hansısa birində Vüsal Məmmədov ateist deyil, beşqat hacıdır; digər bir paralel kainatda isə Ancelina Coli ilə baş-başa verib, 9 dənə yetim zənci balasını böyüdürlər.

Buradan çox dərin və uzağa gedən nəticələr çıxır. Çünki əgər Everettin nəzəriyyəsində hətta qismən də olsa, həqiqət varsa, biz “Reallıq nədir?” kimi sərt və ciddi bir sualla üzbəüz qalırıq. Əgər paralel kainatlar gerçəklikdirsə, elə bir reallıq da var ki, orada siz bu məqalənin oxucusu yox, müəllifisiniz. Başqa bir reallıqda Donald Trampın seçki kampaniyasını siz maliyyələşdirmisiniz. Digər reallıqda artıq tibb o həddə çatıb ki, siz ölümsüzsünüz. Və əgər bunların hamısı reallıqdırsa, onda `əsl` reallıq hansıdır?

Bəs real foton hansı idi?! Hamısı!

Qayıdaq bayaqkı `metro, yoxsa avtobus` dilemmasına. Everettin nəzəriyyəsinə görə, Siz həmin qərarı qəbul edən anda kainat ikiləşib. Avtobusla gedən Siz bir reallıqda, metro ilə gedən Siz isə başqa, paralel reallıqda həyatınıza davam etmisiniz. Bunların hər ikisi də eyni dərəcədə realdır.

Bu nəzəriyyə doğru ola bilərmi? Belə deyək: elm onun doğru ola biləcəyini istisna etmir. Yəni paralel kainatların mövcudluğunu qadağan edən heç bir fundamental qanun yoxdur. Amma digər tərəfdən, bu, hələ özlüyündə paralel dünyaların var olması anlamına da gəlmir. Çox təəssüf ki, biz bu nəzəriyyəni yoxlaya, təsdiq və ya təkzib edə bilmirik. Amma bu, hər halda, fərziyyə yox, məhz nəzəriyyədir, real müşahidə olunan paradoksu izah etmək üçün irəli sürülən və elmi olaraq mümkünlüyü rədd edilməyən bir nəzəriyyə.

Everettin sağlığında (o, 1982-ci ildə bezmiş və həyatdan küskün halda dünyasını dəyişib) bu nəzəriyyə ən yaxşı halda elmi fantastika sayılırdı. Amma elementar zərrəciklərin təbiətini izah etmək üçün “sim nəzəriyyəsi”nin, çöxölçülüyün (alimlər elementar zərrəciklər dünyasında 3 yox, 11, hətta 26 məkan ölçüsünün ola biləcəyindən danışırlar) ciddi qəbul edildiyi müasir dünyada Everettin fikirlərinə də ciddi yanaşılır. Çağdaş dünyanın Stiven Houkinq, Brayan Qrin, Maks Teqmark, Mitio Kaku, Nil de Qrass Tayson, Leonard Sasskind kimi çox işıqlı beyinləri paralel kainatların mövcud ola biləcəyinin mümkünlüyünü istisna etmirlər.

Amma istər-istəməz sual çıxır: paralel reallıqlar varsa, ora necə düşmək olar? Bu sualın əsasında xeyli ezoterik təlimlər qurulub. Amma hazırda sualın elmi mahiyyəti yoxdur. Nə qədər ki, paralel reallıqların varlığı eksperimantal metodla təsdiqlənməyib, ora düşməyin hansısa yolu haqqında elmi müzakirə açmağa da dəyməz.

Vüsal Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti