“Böyük” pullar problem yaradacaqmı? – TƏHLİL

“Böyük” pullar problem yaradacaqmı? – TƏHLİL
  27 Fevral 2013    Oxunub:2369
Bugün ölkədə əhaliyə verilən pensiya və əməkhaqqlarının məbləğləri əksər hallarda 200 manata çatmasa belə, dövriyyədə olan nəğd pul kütləsinin strukturunda üzərində iri rəqəmlər yazılan əskinaslar, xüsusən də 100-lüklər çoxluq təşkil edir. Bu da dövriyyədə olan nəğd pul kütləsi həcminin yüksək olmasından irəli gəlir.

Əhali də nəğd vəsait yığımında iri pullara üstünlük verir ki, bunu xərcləyən zaman pərakəndə satış şəbəkələri ilə münasibətdə süni problemlər yaranır. Bu mənada, Azərbaycan Mərkəzi Bankın (AMB) tədavüldəki 100 manatlıqların azaldılması məqsədilə sözügedən əskinasların banklardan nəğd çıxarılışına bu ilin fevralın 1-dən etibarən, hər biri üzrə 30 qəpik rüsum tədbiq etməsi başadüşülən qərardır. Ancaq bu, AMB sədri Elman Rüstəmovun ölkəmizdə üzərində iri rəqəmlər əks olunan – 200 və 500 manatlıq əskinasların dövriyyəyə buraxılacağı haqda keçən ilin aprel ayında verdiyi məlumata zidd gəlir.
Hərçənd, bugünlərdə E. Rüstəmov bunun hələ ki təklif səviyyəsində olduğunu və reallaşdırılmasının uzun vaxt tələb etdiyini deyib, həmin məlumat bir çoxları tərəfindən, xüsusən, manatın alıcılıq qabiliyyətinə mənfi təsir edəcəyi baxımından, birmənalı qarşılanmadı.

O vaxt biz də yazdıq ki, milli pul vahidinin üzərindəki rəqəmlər inflyasiya ilə heç bir əlaqəyə malik olmasa da, hər halda, ona real olaraq məhz, nələr almaq mümkün olduğunu göstərir.
Başqa sözlə desək, əskinasların üzərində nominal göstəricilər istehlak bazarında qiymətlərin yaranmasında iştirak etməsə də, onun bilavasitə alıcılıq qabiliyyətini müəyyənləşdirir.
İndi sual yaranır ki, 100 manatlıq əskinasların banklardan nəğd şəkildə çıxarılışı zamanı hər biri üzrə 30 qəpik rüsumun tətbiq edilməsi dövriyyədə digər nominalda əskinasların artmasına şərait yaratmaqla yanaşı, istehlak qiymətlərinin də yüksəlməsinə rəvac verə bilərmi?

AMB-in sözügedən qərarının əsas məqsədlərindən birinin həm də ölkə daxilində hesablaşmalarda nəğd puldan istifadəni maksimum dərəcədə azaltmaqdan və bunu stimullaşdırmaqdan ibarət olduğu bildirilir. Bəs, onda bu, devalvasiya siyasəti ilə necə uyğunlaşdırılacaq?

Bir tərəfdən, sahibkarlığın inkşafı və ölkədə iqtisadi artımı stimullaşdırmaq üçün real pul-kredit siyasətinin yumşaldılmalı, manatın məzənnəsinin çox da möhkəm saxlanılmamalı olduğunu deyirik, digər tərəfdən isə nəğd pul çıxarılışına rüsum qoyulur...

Son 7 il ərzində 100 manatlıq əskinasın tədavüldə xüsusi çəkisinin 75%-ə çatdığı deyilir. Şübhəsiz ki, dövriyyədəki nəğd pul kütləsinin strukturunda hər hansı bir əskinasın rolu və payı artırsa bu, hesablaşmalarda səmərəliliyin aşağı düşdüyünə və digər nominalda olanlara tələbin əslində, düzgün ödənilmədiyini göstərir.

Xatırladaq ki, hazırda dövriyyədə olan əskinaslar Prezidentin “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” 7 fevral 2005-ci il tarixdə imzaladığı fərmana əsasən, 1 yeni AZN = 5000 köhnə AZM nisbətində olmaqla 2006-cı il yanvarın 1-dən istifadədədir.

Ancaq nəzərə almalıyıq ki, 2006-cı ildən ötən dövr ərzində ölkə iqtisadiyyatının bütün sahələri inkişaf etmiş, ümumi daxili məhsul istehsalı ilə yanaşı, dövlət büdcəsinin, əhalinin pul gəlirlərinin, o cümlədən dövriyyədəki nəğd pul kütləsinin həcmi sürətlə artıи və 7 il bundan əvvəl ilə müqayisədə hazırda kəskin fərqlə yüksək səviyyəyə çatıb. Odur ki, ölkədə iri nominallı əsginaslara tələb də xeyli artmış və son vaxtlar onların dövriyyəsi kəskin şəkildə sürətlənib.
Belə şəraitdə isə həmin növ əskinasların əlavə çapına ehtiyac yarandığından buna sərf olunan dövlət xərcləri istər-istəməz genişlənir. Bundan çıxış yolu isə ya, daha iri nominallı əskinaslar buraxılmasından, ya da ki, nəğd hesablaşmaları getdikcə məhdudlaşdırmaqdan keçir.

Ölkədə 200 və 500 manatlıqların dövriyyəyə buraxılacağı haqda məlumat verərkən E.Rüstəmov, buna başqa ölkələrdə də rast gəlindiyini demişdi. Ancaq hər şeyin ölkədə nəğdsiz hesablaşmaların genişləndirilməsindən asılı olduğu sirr deyil. O səbəbdən ki, qeyri-nəğd hesablaşmaların genişləndirilməsi tədbirləri ilə dövriyyəyə iri nominallı əskinasların buraxışı əslində, biri-birinə ziddiyyət təşkil edir.

Düzdür, bunları dövriyyədəki nəğd pul kütləsi həcminin infyasiyaya yol açmasına qarşı yönəltmək mümkündür. Amma dövriyyədəki nəğd pul kütləsinin strukturunda bütün növ nominalda olan əskinaslar üzrə mövcud pay səviyyəsi əgər, optimal və bərabər səviyyədədirsə, ödənişlərdə, o cümlədən hesablaşmalarda heç bir əskinas üstünlük təşkil etmirsə, yeni rəqəmli banknotların çapına heç cür ehtiyac yarana bilməz. Ona görə də fikrimizcə, AMB tərəfindən 100 manatlıq əskinasların banklardan nəğd çıxarılışı üzrə 30 qəpiklik rüsumun tədbiqi yalnız taktiki əhəmiyyət daşıya bilər ki, bu qərar, ölkədə istehlak bazarında qiymətlərin yüksəlməsinə təkan verməsə də ola bilsin, manatın məzənnəsini bir az da möhkəmləndirməklə, iqtisadi artımı stimullaşdırmaqdan ötrü real pul-redit siyasətini tələb olunan səviyyədə yumşalmaq tədbirlərinə bir qədər çətinlik yaratsın.

Bütün deyilənlərə rəğmən, dövriyyədə pul kütləsi həcmini azaltmaq və onun hərəkətinin səmərəsini artırmaq və yaxud da bu sahədə dövlət xərclərini azaltmaq üçün hər halda bu cür inzibati addımlara da ehtiyac var ki, bunlar əslində, komleks şəkildə həyata keçirilməlidir.

Bunlardan biri də, heç olmasa əhaliyə dövlət büdcəsindən ödənilən pensiya və əməkhaqqları iri nominalda əskinaslarla verilməməsindən keçir.

Təkrar edirik ki, onsuz da əksəriyyət üzrə bunların məbləğləri heç 200 manatı keçmir. Başqa sözlə desək, söhbət, əhalinin əsas alıcı qüvvəsindən gedərsə, ölkəmizdə vətəndaşların əksəriyyətinin əslində, iri pullara ehtiyacı yoxdur.

Əmək haqqları və pensiyalar daha çox artarsa, yalnız o zaman 100, hətta 200 və 500-lüklərə tələb barədə problem yarana bilər.
Hesablaşmalarda nəğd ödənişlər minimuma endirilərsə, hətta bundan da yan keçmək olar...




Pərviz Heydərov

İqtisadi İnkişaf Nazirliyinin
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun
“Makroiqtisadi tədqiqatlar” şöbəsinin baş mütəxəssisi



Teqlər:  





Xəbər lenti