Ermənilərin `Dəmir günbəz` qorxusu - Dövlət Departamentinə şikayət edildi - (VİDEOXƏBƏR)

Ermənilərin `Dəmir günbəz` qorxusu - Dövlət Departamentinə şikayət edildi - (VİDEOXƏBƏR)
  15 Fevral 2017    Oxunub:5182
Azərbaycanın İsraildən “Dəmir günbəz” raketdən müdafiə sistemini almasına dair apardığı danışıqlar Ermənistanı ciddi narahat edir. Bu səbəbdən ABŞ-ın Erməni Milli Komitəsi (ANCA) “Dəmir Günbəz”in bir hissəsi olan ABŞ avadanlıqları və texnologiyalarının üçüncü ölkəyə ötürülməsinin qarşısının alınması üçün Dövlət Departamentinə müraciət edib.

AzVision.az xəbər verir ki, ANCA Azərbaycana mümkün silah satışının “ABŞ-ın regional maraqlarını təhlükə altında qoyduğunu” əsas gətirib.

Fevralın 13-də Dövlət Departamentinin hərbi-siyasi məsələlər üzrə bürosuna göndərilən məktubda komitə ABŞ-dan rəsmi olaraq “Dəmir günbəz”in satışına qarşı çıxmasını istəyib: “Bu razılaşma ABŞ-ın maraqlarını pozacaq, regional münaqişə riskini artıracaq və anti-amerika qüvvələrinə müasir silahdan istifadə etmələrin imkan yaradacaq” - deyə iddia edilib.

Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov mətbuata açıqlamasında bildirmişdi ki, İsrail yaxın vaxtlarda Azərbaycana “Dəmir günbəz” raketdən müdafiə sistemini verəcək. Deputatın sözlərinə görə, həmin silah sistemi Azərbaycana yola salınmaq üçün artıq hazırdır.

“Bu raketdən müdafiə sistemi “İsgəndər” raketlərinin yerə düşməsinə imkan verməyəcək” - Yevda Abramov vurğulayıb.

Qeyd edək ki, “Dəmir günbəz” raket kompleksi İsraildə istehsal olunur. Kompleks uçuş məsafəsi 4-70 kilometr olan idarəolunmayan taktiki raketlərdən müdafiə sistemidir. Əsas funksiyası hava hücumundan müdafiədir. Raket kompleksinin hər bir batareyası 150 kvadrat kilometrlik ərazini qoruyur. 2011-ci ilin martından İsrail ordusu bu raketlərdən aktiv şəkildə istifadə etməyə başlayıb. 2014-cü ilin sonuna olan məlumata görə, “Dəmir günbəz” vasitəsilə 1200 raket vurulub.

Hazırda bu, kompleksdən yalnız İsrail və Sinqapurda istefadə edilir. İndiyədək “Dəmir günbəz”in 10 bataryası istehsal olunub. Hər bir bataryanın dəyəri 50 milyon dollardır. Onun ağırlığı 90 kiloqram, uzunluğu 3 metrdir.

“Dəmir günbəz” Azərbaycana müxtəlif silah sistemlərinin satışını həyata keçirən “Rafael” və “Israel Aircraft Industries” (İAİ) şirkətləri tərəfindən yaradılıb. Azərbaycan adıçəkilən şirkətlərlə 2013-cü ildə müqavilə bağlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti