Övladları onun yolunu gözləyir - Milli Qəhrəmanın həyat hekayəsi (VİDEO+FOTOLAR)

Övladları onun yolunu gözləyir - Milli Qəhrəmanın həyat hekayəsi (VİDEO+FOTOLAR)
  29 Aprel 2017    Oxunub:83650
Bu gün aprel döyüşlərində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Milli Qəhrəman Samid İmanovun ailəsi üçün özəl gündür. Şəhidin qızı Fidanın 3 yaşı tamam olur.
Balaca Fidan 2 ildir ad gününü atası olmadan qeyd edir. O, hələ də atasının işdən gələcəyini, ad gününə hədiyyələr alacağını gözləyir...

AzVision.az-ın əməkdaşları Fidanın doğum gününu təbrik etmək üçün Milli Qəhrəmanın ailəsinə baş çəkib, şəhidin xanımı Badam İmanova və qaynı Əkrəm Məmmədovla həmsöhbət olublar.

Söhbət zamanı Samidin igidliyindən, ailəyə diqqətindən söz açılıb, döyüş xatirələri yada salınıb.





Şəhid xanımı Badam İmanova: “Samid geri qayıtsa, yenə də bu yolu seçər. Çünki o, vətənə and içmişdi, heç vaxt sözündən dönməzdi. Samid vicdanı, qüruru, mənliyi ilə sona qədər gedərdi. O, seçdiyi yoldan heç vaxt geri qayıtmazdı”



Qeyd edək ki, Mayor İmanov Samid Gülağa oğlu 1981-ci ildə Neftçala rayonunun Sovetabad qəsəbəsində anadan olub. 1998-ci ildə Neftçala rayonunun 1 saylı orta məktəbini bitirdikdən sonra Ali Hərbi Məktəbə daxil olub. 2003-ci ildə Ali Hərbi Məktəbi fərqlənmə diplomu ilə bitirib.



Samid İmanov göstərdiyi qəhrəmanlıqlara görə kursant vaxtı məhrum prezident Heydər Əliyev və Ali Baş Komandan İlham Əliyev tərəfindən iki dəfə qəbul edilib və ona qiymətli saat bağışlanıb.



Samid İmanov Türkiyə Cümruhiyyətində “Daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası”, “Komando təlimi və paraşütdən sərbəst atlamaq” kurslarında, habelə “Anadolu-2007”, “Anadolu Qartalı -2007” birgə taktiki təlimlərində, Pakistanda “Ləpirçi və antiterrorist” kurslarında, İsveçrə krallığında “Dağ təlimi” kursunda, Rumıniya Respublikasında “Dağa dırmanma üzrə təlimatçı” kursunda iştirak edib.

2004-cü ilin iyun ayından xüsusi təyinatlı hərbi hissədə qrup komandirinin müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini vəzifələrində çalışıb.



Xidməti müddətində 6 medalla təltif olunan az saylı hərbçilərdən olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun bir müddət muhafizə xidmətinin rəisi olub, daha sonra öz istəyilə yenidən xüsusi təyyinatlı hərbi hissəyə qayıdıb, hərbi hissənin qərargah rəisi və xüsusi təyinatlı qoşun komandanının köməkçisi vəzifəsini icra edib. 2014-ci il avqust ayında erməninin təxribatının qarşısın almaq üçün Samid İmanovun dəstəsi əməliyyat keçirib və 20-yə yaxın ermənini məhv edərək geriyə qayıdıb.



2016-ci ilin aprelin 3-dən 4-nə keçən gecə Milli Qəhrəmanın son döyüşü olub. Tərtərin Talış kəndi ətrafındakı atışmada yaralanan cəsur komandir əsgərlərinin onu döyüş meydanından çıxarmasına etiraz edib, yaralı gizirinin xilas edilməsi əmrini verib. Əsgərlərinin etirazına baxmayaraq, əmrin icra edilməsi ücün qəti göstəriş verib. Ərazidən uzaqlaşan qrup qısa zamanda təhlükəli olmasına baxmayaraq, yenidən qayıdıb, amma komandiri yerində tapa bilməyiblər.



Samid İmanov əsgərləri ərazidən uzaqlaşandan sonra ələ keçməmək üçün oradan aralanıb, lakin aldığı yaralardan qanaxma nəticəsində dünyasını dəyişib.

Milli Qəhrəman 9 aprel 2016-cı ildə Neftçalanın Şəhidlər Xiyabanında dəfn olunub. 1 qızı və 1 oğlu yadigar qalıb.

Anar Kəlbiyev
Foto: Elvin Abdulla
Video: Əhməd Xəlilov/ Bəxtiyar Məmmədov

Qalereya




Teqlər: Milli-Qəhrəman   Şəhid   Aprel-döyüşü  





Xəbər lenti