Sərkisyan çətin səfər qarşısında – TƏHLİL

Sərkisyan çətin səfər qarşısında – TƏHLİL
  31 Avqust 2013    Oxunub:1567
Ermənistanda keçirilən mitinqlər getdikcə daha çox bölgələrə yayılır. Son prezident seçkilərində Serj Sərkisyanın əsas opponenti olmuş “İrs” partiyasının sədri Raffi Hovansiyanın çağırışı ilə indi orada mitinqlər yalnız paytaxt İrəvanda deyil, həm də regionlarda keçirilir. Yoxsulluğa və ölkədə baş alıb gedən qiymət artımına qarşı çıxan etirazçılar “Sərkisyana istefa”, “Qiymət artımına son qoyulsun” kimi şüarlar səsləndirirlər.

Hadisələrin nəzarətdən çıxacağından təşvişlənən Ermənistan hakimiyyəti hüquq-mühafizə orqanlarını hazır vəziyyətə gətirərək, paytaxtın əsas küçələrində hərəkəti məhudlaşdırıb. Bununla belə, İrəvanın “Azadlıq” meydnına toplaşan aksiya iştirakşıları hökumət əleyhinə ciddi ittihamlar irəli sürüblər. Bunlardan ən əsaslısı müstəqil siyasət yürütmək iqtidarında olmayan hakimiyyətin milli maraqlarını xarici dövlətlərə, xüsusilə də Rusiyaya qurban verməsi iddiasıdır.

Son altı ayda ölkədə daha da pisləşmiş iqtisadi vəziyyət və kəskin şəkildə dərinləşən sosial təbəqələşmə nəticəsində seytnota düşən Ermnənistan hökuməti vəziyyəti yüngünlləşdirmək üçün növbəti borclar axtarışındadır. Amma tapa biləcəkmi? Son iki ildə Ermənistana gələn ianələrin praktiki olaraq kəsilməsi ondan xəbər verir ki, yox. İrəvanın beynəlxalq ermən diasporundan topladığı ianələrin həcmi də ildən-ilə azalır. Analitik Sərkis Atspanyanın fikrincə, əsas səbəb Ermənistan hakimiyyətinin diasporaya sağmal inək kimi baxmasıdır ki, bu da beynəlxalq erməni diasporunda kəskin qəzəb doğurur.

Brüsseldən 1,5 milyard dollar həcmində kredit almaq cəhdləri isə İrəvanın qərbpərəst xarici siyasət yürütməsi tələbi ilə şərtləndirilir. Elə noyabrda Ermənistanın Avropa İttifaqı ilə Assosaiativ saziş və azad ticarət zonası barədə müqavilə imzalamağa hazırlaşması da bu məqamla bağlıdır. Və görünür bu heç də yeganə şərt deyil.

Belə ki, hakim Respuka partiyasının üzvü, Ermənistan parlamentinin dövlət-hüquq məsələləri üzrə komissiyasının sədri David Harutyunyan ölkədə parlament respublikasına keçidin baş verə biləcəyi ehtimalını səsləndirib. İstisna deyil ki, bu da vəd olunan kreditlər qarşılığında Brüsselin tələbidir.

Və sözsüz ki, bir də qalır daim öz vassalı olan Ermənistanı dolandıran və İrəvanın ikibaşlı oyunlarını diqqətlə izləyən Rusiya. Moskva son zamanlar İrəvanın kreditlər barədə saysız-hesabsız yalvarışlarının qarşılığında Ermənistandan Gömrük və Avrasiya İtttifaqlarında yer almasını tələb edir. Əks təqdirdə nəinki heç bir ianənin olmayacağını bildirir, hətta Ermənistana satılan qazın qiymətin qaldırmaqla vəziyyətin bir az da pisləşəcəyini sərgiləyir.

Düzdür Ermənistanın energetika və təbii sərvətlər naziri Armen Movsisyan bunu kompensasiya etmək üçün Moskvanın ölkəsinə 149 milyon dollar həcmində kredit ayırmağa razılaşdığını bildirsə də, birinci bu kompensasiya sayıla bilməz, ikincisi isə bunun baş tutub-tutmayacağı hələ dəqiq deyil.

Rusiyanın Ermənistanla bağlı hansı addımlar atacağı Sərkisyanın gələn həftə Moskvaya səfərindən, daha doğrusu isə bu səfər çərçivəsində aparılacaq müzakirələrin nəticəsindən asılı olacaq. O Sərkisyanın ki, ikibaşı oyunları ilə artıq Kremlin səbr kasasını daşırıb. Məhz bu baxımdan, əksər erməni analitikləri müzakirələrin Sərkisyan üçün ağır olacağını və Ermənistana yaxşı heç nə vəd etmədiyini bildirirlər. Elə Ermənistanın Avropa İttifaqı ilə münasibətlərinin perspektivləri, həm Ermənistanın dövlət kimi, həm də Sərkisyanın siyasi gələcəyi də deyəsən, bu səfərdən sonra aydınlaşacaq.

Tariyel Həsənov
AzVision.az



Teqlər:  





Xəbər lenti