Daha bir ölkə Xocalını tanıyacaq

Daha bir ölkə Xocalını tanıyacaq
  01 Mart 2013    Oxunub:1818
Xocalı soyqırımının tanınmasına dair müraciəti çoxsaylı nüfuzlu şəxslərlə yanaşı, müxtəlif partiyaları təmsil edən 30-dan artıq parlament üzvü imzalayıb.
İndoneziya Universitetində Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş geniş tədbir keçirilib. Azərbaycanın İndoneziyadakı səfirliyindən verilən məlumatına görə, tədbir dünyanın ən böyük qeyri-hökumət təşkilatı olan “Nahdlatul Ulama” (NU) və İndoneziya Universitetinin birgə təşkilatçılığı, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) iştirakı ilə keçirilib.

Tədbirin əsas məqsədi Xocalı soyqırımının anım mərasimi olmaqla yanaşı, ötən il Palembang şəhərində İƏT Parlamentlər İttifaqının toplantısında qəbul olunmuş üzv ölkələrin parlamentlərini Xocalı soyqırımını tanımağa çağıran qətnamənin tətbiqinə təkan vermək olub.

APA bildirir ki, konfransda çıxış edən İndoneziya parlamentinin sədri Marzuki Əli açıq və birmənalı şəkildə Dağlıq Qarabağın məhz Azərbaycan ərazisi olduğunu və Ermənistan tərəfindən işğala uğradığını, habelə Azərbaycan torpaqlarının işğalı əsnasında Xocalıda azərbaycanlılara qarşı Ermənistan tərəfindən soyqırımı törədildiyini qeyd edib.

İndoneziya prezidenti Yudhoyonoya və parlamentin sədri cənab Marzuki Əliyə təqdim olunmaq hazırlanmış, İndoneziya parlamenti tərəfindən Xocalı soyqırımının tanınmasına dair müraciətə ilk olaraq sədr Marzuki Əli imza atıb. Müraciəti imzalayanların siyahısında “Nahdlatul Ulama”nın sədri professor Səid Aqil Sirac və digərləri də var.

Müraciəti çoxsaylı nüfuzlu şəxslərlə yanaşı müxtəlif partiyaları təmsil edən 30dan artıq parlament üzvü imzalayıb. Müraciətə imza atmış parlament üzvlərinin sayının mart ayının sonuna qədər yüz nəfərə çatdırılması və müraciətin müvafiq yüksək ünvanlara təqdim olunması nəzərdə tutulur.

Tədbirdə İndoneziya parlamentinin nümayəndələri, ictimai xadimlər, müxtəlif din və elm xadimləri, universitetin professorları, Azərbaycan diasporunun nümayəndələri, müəllim və tələbə heyətləri, həmçinin İndoneziyada fəaliyyət göstərən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrinin səfir və digər nümayəndələri iştirak edib.



Teqlər:  





Xəbər lenti