Nazirlər Kabinetinə uçqunla bağlı təklif

Nazirlər Kabinetinə uçqunla bağlı təklif
  01 Mart 2013    Oxunub:1620
Təkliflərdə həmçinin ərazidə yerləşən evlərin köçürülməsi əks olunub.
“Təkliflərdə evlərin köçürülməsi, ərazidə yeni evlərin tikintisi, yamacın kəsilməsinin məhdudlaşdırılması əks olunub”
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Fövqəladə Hallar Nazirliyi (FHN) ilə birgə paytaxtın 20-ci sahə adlanan ərazisində, Oqtay Daşdəmirov küçəsində baş verən uçqunun qarşısının alınması üçün Azərbaycan Nazirlər Kabinetinə (NK) təkliflər təqdim edib.
Bu barədə APA-ya ETSN-ın Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov bildirib. Onun sözlərinə görə, dünən təqdim edilən təkliflərdə uçqunun baş vermə səbəbi və onun qarşısını almaq vasitələri əks olunub: “Uçqun atmosfer yağıntılarının təsirindən məsaməli əhəng daşlarının aşınması və hərəkəti nəticəsində baş verib. Burada müəyyən qədər antropogen amillər də var. Amma bu amil hələlik uçqun prosesinə təsir edən amil deyil. Antropogen amilin gələcəkdə bu əraziyə təsiri ola bilər. Ona görə də təklif verilib ki, ərazidə antropogen fəaliyyət, evlərin tikintisi, yamacın kəsilməsi və s. məhdudlaşdırılsın”.

Təkliflərdə həmçinin ərazidə yerləşən evlərin köçürülməsi əks olunub: “Həmin ərazidə 3-4 ev var. O evlərin köçürülməsi lazımdır. Köçürüləcək evlərin yerində onlardan aşağıda yerləşən evlərin təhlükəsizliyini təmin etmək üçün istinad divarının tikilməsi təklif olunur. Qaya süxurlarının asılı vəziyyətdə olanlarını tanker üsulu ilə bərkidilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, ərazidə uçqun fevralın 25-də baş verib.



Teqlər:  





Xəbər lenti