Mənim sponsorum Allahımdır - MÜSAHİBƏ

Mənim sponsorum Allahımdır - MÜSAHİBƏ
  13 Sentyabr 2013    Oxunub:2337
“Azvision.az”-ın budəfəki qonağı əməkdar artist, istedadlı muğam ifaçısı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi. Nuriyyə Hüseynovadır.
- İfaçı olmağa nə zaman qərar verdiniz?
- Qərarı mən yox, Allahım verdi. Ancaq mənim uşaqlıqdan bu sənətə həvəsim olub.

- Siz həm də aktrisasılığa meyilisiniz…
- Xeyr, mənim ixtisasım muğam müəllimi və səhnə ifaçısıdır. Aktrisa kimi isə yalnız bir filmdə çəkilmişəm. “Cavad xan” filmində Cavad xanın həyat yoldaşı Şükufə obrazını canlandırmışam.

- Tələbələriniz var? Sizi qane edirlərmi?
- Təbii ki, var, mən eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi kimi çalışıram. Tələbələrim arasında qane edən də var etməyən də…

- Olubmu ki,sizin tələbələrinizdən kimisə imtahanda və ya hansısa müsabiqədə zəng vurub tapşırsınlar?
- Əlbəttə belə hallar tez-tez olur, amma mənim elə bir xarakterim var ki, əgər həmin adam yüksək qiymətə layiqdirsə o zaman sevə-sevə yüksək qiymət yazaram, əks halda isə bu heç bir zaman mümkün deyil.

- Gənc muğam ifaçılarından kimləri daha çox bəyənirsiniz? Təbii ki, sənətlərini?
- Gənc ifaçılar çoxdur, sayları isə günbəgün artır. Lakin tək problem savadlı ifaçıların sayının az olmasıdır. Çünki, muğam ifaçısı olmaq hələ savadlı ifaçı demək deyil. Yaxşı ifaçı olmaq üçün ilk olaraq gözəl səs, musiqi duyumu, hissiyat, ürək və ən önəmlisi nəzəriyyəni yaxşı bilmək ifaçının savadlı olmasına kömək edir.

- İllər uzunu sənətə etdiyiniz xidmətlərin müqabilində siz hələ də əməkdar artist adına layiq görülmüsnüz. Özü də uzun müddət sonra. Sizcə bunun səbəbi nədir?
- Səbəbi çox sadə: hər bir insan əgər öz zəhməti, gücü, bir də sənətinin gücünə yürüyürsə ona verilən qiyməti yəqin elə bu müddətə də olur.

- Fəxri ad sənətçiyə nə verir?
- Əslində heç nə. Amma fəxri ad əslində dövlətin bir sənətçiyə göstərdiyi qayğının, diqqətin nümunəsidir ki, bütün sənətçilər də bu diqqətdən kənarda qalmaq istəmir.

- Şou-biznesdə özlərini `ulduz` adlandıran bir çox ifaçılar var, muğam sahəsində də belə ifaçılar varmı?
- Əslində kim özünü nə adlandırır adlandırsın sonunda ən böyük ad xalqın, millətin öz sənətkarına verdiyi addır. Yaxşı mənada mən belə söhbətlərə bir o qədər də başımı və vaxtımı qatmıram.

- Bəziləri etiraf edirlər ki, sənətdə sponsorsuz irəliləmək çox çətindir. Bu fikrə münasibətiniz?
- Əslində onlar düz deyir indi gərək sənətini, özünü inkişaf etdirəsən, bunun üçün də bəzi maddi problemlər yaranır. Bir sözlə maddi problemlə qarşılaşırsansa sənətdə irəliləmək sponsorsuz mümkünsüzdü. Mənim sənətimin sponsoru isə Allahımdır - onun köməyi ilə irəli gedirəm.

Medianı izləyirsinizmi? Yerli saytların fəaliyyəti sizi qane edirmi?
- Mütəmadi olaraq izləyə bimirəm, çünki vaxtım olmur. Bəziləri qismən qane edir, yalnız narazılığım reklam xatirinə heç nəyə dəxli olmayan, yersiz başlıqlar qoyan saytlardandır. Bax bu kimi şeylər məni heç qane etmir.

- Bəzi həmkarlarınız gündəmdə qalmaq xatirinə şəxsi həyatlarını ön plana gətirirlər. Buna münasibətiniz?
- Əlbəttə ki, çox pis. Mənim həyatım yalnız mənə, özümə aiddir. Bunu heç kimlə paylaşmıram və sözün düzü paylaşanlara da normal baxmıram. Ailə üzvlərim də belə şeyləri qəbul etmir, mediada adlarının hallanmasını istəmirlər.

-Həyatda qadin kimi xosbəxtliyinizi tapa bilmisinizmi?
- Bəli, tapmışam. Mən bir qadın kimi çox xoşbəxtəm. Buna görə ilk növbədə həyat yoldaşıma,övladlarıma, bir də ömrümə ömür qatan şipşirin nəvəmə borcluyam. Onun sevgisi həyatda heç nə ilə müqayisə olunmazdı. Amma həyatım və xoşbəxtliyim sığortalanmayıb, hər şey Allahın əlindədir.

Səbinə Məmmədova
Xüsusi olaraq AzVision.az üçün



Teqlər:  





Xəbər lenti