Türkiyənin böyük geosiyasi manevri – TƏHLİL

Türkiyənin böyük geosiyasi manevri – TƏHLİL
  01 Fevral 2013    Oxunub:3082
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Ankaranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq məsələsi üzərində ciddi düşündüyünü və ŞƏT-in Avropa Birliyindən daha güclü təşkilat olduğunu bəyan etməsi Amerikanı dərhal narahat etdi və ABŞ dövlət departamentinin sözcüsü Viktoriya Nuland məsələ ilə bağlı açıqlama verərkən Vaşinqtonun bu addıma qarşı çıxdığını gizlətmədi.
Nuland bildirdi ki, Türkiyənin ŞƏT-ə qoşulması Ankaranın NATO-ya üzvlüyü ilə ziddiyyət təşkil edir.
Amerikanın narahatçılığına səbəb nədir və Ərdoğanın bu addımının arxasında hansı niyyətlər gizlənir?
ŞƏT 2001-ci ildə Rusiya, Çin, Qazaxıstan, Tacikistan, Özbəkistan və Qırğızıstan tərəfindən yaradılmış regional əməkdaşlıq təşkilatıdır. İlkin mərhələdə təşkilatın yaradılmasında məqsəd üzv ölkələr arasında təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində əməkdaşlığın həyata keçirilməsi idi. Sonrakı mərhələdə isə təşkilatın üzvləri ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üzrə müəyyən addımlar atdılar. Qurumun əsas sözükeçən üzvləri olan Çin ilə Rusiya arasında təşkilatın xarakteri ilə bağlı fikir ayrılıqları da bundan sonra başladı. Rusiya bu təşkilata daha çox hərbi blok kimi yanaşır və təhlükəsizlik məsələlərində əməkdaşlığın qabardılmasını vacib sayır. Bununla Avrasiya məkanında NATO-ya alternativ ola biləcək qüvvənin formalaşmasını istəyir, həmçinin hərbi potensialına görə digər üzv dövlətlərdən üstün olduğu üçün bu yolla ŞƏT daxilində liderliyi ələ almağa çalışır.
Çin isə təşkilat üzvlərinə daha çox satış bazarı kimi yanaşır və qurumun ən güclü iqtisadiyyata malik dövləti kimi iqtisadi əməkdaşlığı qabartmaqla aparıcı oyunçuya çevrilmək istəyir.
ŞƏT-ə üzv olan dövlətlərin tutduqları ərazi, əhali sayı, hərbi qüvvələri və iqtisadi potensiallarını nəzərə alarsaq, bu təşkilatın Qərbə alternativ olmaq və digər geosiyasi qütbü formalaşdırmaq üçün şanslarının olduğunu deməyə əsas var.
Məhz bu məqamda Türkiyə faktoru böyük rol oynaya bilər. Çünki dünya hegemonluğunun açarı Avrasiya qitəsinə nəzarətdən keçir. Bunun üçün isə qitənin əsas enerji mənbələrinə sahiblənmək lazımdır ki, bunun da yolu Yaxın Şərqi ələ almaqdan keçir.
Bu halda Türkiyənin niyə məhz indi ŞƏT-ə daxil olmaq istədiyini bildirməsi aydınlaşır. Ankara ABŞ və müttəfiqlərin əli ilə Yaxın Şərqin “demokratikləşməsi” prosesinə qol qoydu və bununla Qərb üçün regionun açarına çevrildi. Artıq Bəşər Əsədin taxtının viran olduğu, İranın sanksiyalar icində boğulduğu, Rusiyanın regiondan çıxdığı, HƏMAS-ın tərkisilah edildiyi, qısacası, Yaxın Şərqin nəzarətə götürüldüyü bir dövrdə Ankaranın “düşmən” tərəfinə keçməsi Qərb üçün tək Türkiyənin deyil, ümumilikdə Yaxın Şərqin itirilməsi anlamına gəlir. Nəticədə ŞƏT-in daha güclü qütbə çevrilməsi asanca həll olunur.
Türkiyənin indi bunu bəyan etməsi isə uğurlu vaxtın yetişməsi ilə bağlıdır.
Ankaranın məqsədi, təbii ki, Avropa Birliyinə üzv olmaqdır. Həm Brüssel, həm də Vaşinqton məsələnin ciddiliyini anlamamış deyillər və Türkiyənin qısa müddətdə razı salınması Qərbin gündəliyində həll olunmalı birinci məsələdir. Onlar başa düşürlər ki, Türkiyə ŞƏT-ə daxil olsa, heç nə itirmir, əksinə, qazanır. Çünki ən azından Avrasiyanın ən böyük istehlak bazarına qapıları açılır.
Eyni zamanda, Rusiya ilə Qərbin ziddiyyətlərinə baxmayaraq, Putinlə Ərdoğanın mehribanlığının kökündə də məhz qeyd olunan məsələnin dayandığı aydınlaşır. Ərdoğan bu fikrini prezident Putinə açıqladığını da gizlətmir. Kreml anlayır ki, hegemonluğun açarı Türkiyədədir və buna görə Ankara ilə münasibətlərinin həlim qalmasını diqqətdən qaçırmır.

Tofiq Əsgərov


Teqlər:  





Xəbər lenti