Əsgərimizlə bağlı rəsmi açıqlama

Əsgərimizlə bağlı rəsmi açıqlama
  01 Mart 2013    Oxunub:1436
Faktla bağlı Respublika Hərbi Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb.
Azərbaycan Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğu əsgər ölümü ilə bağlı birgə məlumat yayıb.
Hərbi Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Allahverdiyev Seymur Mürvət oğlunun ölməsi faktı ilə əlaqədar hərbi prokurorluğun əməkdaşlarından ibarət istintaq qrupu tərəfindən hadisə yerinə foto və video çəkiliş aparılmaqla baxış keçirilib, baxış zamanı hadisə yerindən iş üzrə əhəmiyyət kəsb edən əşyalar götürülüb, məhkəmə-tibbi ekspertin, prokurorun və müstəntiqin iştirakı ilə meyitin xarici və daxili müayinəsi aparılıb və digər zəruri təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.

Mərhum Seymir Allahverdiyevin meyitinin xarici və daxili müayinəsi zamanı onun bədən səthində odlu silahdan açılmış atəşlər nəticəsində əmələ gəlməyə xarakterik xəsarətlərdən başqa, digər hər hansı xəsarət və ya xəsarət izləri, o cümlədən döyülmə nəticəsində əmələ gələ bilən hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməyib.
İlkin araşdırma ilə müəyyən edilib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olan əsgər Allahverdiyev Seymur Mürvət oğlu 28 fevral 2013-cü il tarixdə, saat 15.10 radələrində döyüş postunda xidmət apararkən öz xidməti istifadəsində olan silahdan baş nahiyəsinə atəş açmaqla özünü öldürüb.

Faktla bağlı Respublika Hərbi Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb.
Hazırda Seymur Allahverdiyevin özünü öldürməsinin səbəb və şəraitinin, ona qarşı hər hansı zorakı hərəkətlərin edilib-edilməməsinin, həmçinin iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatların müəyyən edilməsi istiqamətində zəruri və təxirəsalınmaz intensiv istintaq hərəkətləri yerinə yetirilir.

Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat xidmətləri təəssüf hissi ilə bildirir ki, bu hadisədən öz məqsədləri üçün istifadə etməyə çalışan ayrı-ayrı şəxslər tərəfindən sosial şəbəkələrdə mərhum əsgər Seymur Allahverdiyevin guya döyülərək öldürülməsi barədə heç bir reallığa əsaslanmayan qərəzli çıxışlar edilir, təyin edilmiş ekspertiza rəyləri və digər istintaq hərəkətlərinin nəticələri məlum olmadan müxtəlif əsassız fərziyyələr irəli sürülməklə ictimaiyyət çaşdırılır.

Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun mətbuat xidmətləri bəyan edir ki, cəmiyyətdə çaşqınlıq yaratmaq, ordu barədə mənfi və əsassız fikirlərin formalaşması məqsədlərinə xidmət etməklə, müstəqil ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilmiş işlərə kölgə salmağa yönəlmiş bu cür qərəzli və reallığa əsaslanmayan fikirlərin sosial şəbəkələrdə yayımlanması yolverilməzdir.

Hazırda cinayət işi üzrə intensiv istintaq hərəkətləri davam etdirilir, istintaqın gedişi və nəticələri barədə əlavə məlumat veriləcək.


Teqlər:





Xəbər lenti