`Ağıl yaşda deyil başdadı` deyimi səhv çıxdı

`Ağıl yaşda deyil başdadı` deyimi səhv çıxdı
  28 Sentyabr 2013    Oxunub:12169
Alimlər isbat edib ki, doğrudan da yaş artdıqca müdriklik də artır
Alimlər təsdiq ediblərr ki, doğrudan da yaş artdıqca müdriklik də artır. Yaşlı insanların beyni ləng işləsə də, yaşadıqları dövr ərzində onların topladıqları bilik və təcrübə bu adamların mühüm qərarlar qəbul etməsinə kömək göstərir. Məsələn, maliyyə qərarları.

Riversayddakı Kaliforniya Universitetinin əməkdaşı doktor Ye Li ilk dəfə müxtəlif yaş qruplarının nümayəndələri arasında iki intellekt tipi – səyyar və kristallaşmış intellekt tipləri üzrə test keçirmişdir.

Psixoloqlar səyyar intellekt dedikdə yeni informasiyanı yadda saxlamaq, onu araşdırmaq və meydana çıxan problemləri həll etmək qabiliyyətini nəzərdə tuturlar. İnformasiya toplamaq və təcrübə qazanmaq qabiliyyəti isə kristallaşmış tip adlanır.

Eksperimentdə 60-82 yaşlı 163 könüllü və 18-29 yaşlı 173 könüllü iştirak etmişdir. Onlar iqtisadiyyata aid testlərdən keçmişlər. Alimlər sınaqda iştirak edənlər üçün qələbə və məğlubiyyətin nə dərəcədə vacib olduğunu, itkinin mənfəətdən nə qədər çox olduğunu, iqtisadi informasiyanı dərketmə səviyyəsini, habelə işgüzar kontraktları və faiz dərəcələrini başa düşmə qabiliyyətini araşdırmağa çalışmışlar.
Eksperimentin yaşlı iştirakçıları müxtəlif vəziyyətlərdə daha çox təmkin nümayiş etdirmiş, habelə maliyyə sahəsində daha bilikli olduqlarını, faiz dərəcələrini və kontraktları daha yaxşı dərk etdiklərini göstərmişlər.
Bundan əvvəlki tədqiqatlar təsdiq etmişdir ki, insan yaşlaşdıqca səyyar intellekt pisləşir, lakin qərar qəbul etmək qabiliyyətinin bundan zərər çəkib-çəkmədiyi dəqiqləşdirilməmişdir.
Li mətbuat xülasəsində deyir: “Aldığımız nəticələr belə bir fərziyyəmizi təsdiqləyir ki, toplanmış təcrübə və biliklər yeni informasiyanı mənimsəmək qabiliyyətinin azalmasını kompensasiya edir. Yer kürəsində yaşayan insanların orta yaşı tədricən artır, buna görə də qərar qəbul edərkən yaşlı adamların motivasiyasını nəzərə almaq lazımdır. İnsanın həll etməli olduğu mühüm məsələlərin sayı ildən-ilə artır. Məsələn, yaşlı nəsil daim pensiya, maliyyə və tibbi xidmət ilə əlaqədar problemləri həll edir”.

Tədqiqatın müəllifləri “Psychology and Ageing” jurnalında dərc olunmuş məqalədə (PDF-sənəd) qeyd edirlər ki, inkişaf etmiş ölkələrdə pensiya yaşı daim artırılır. Məhz bu səbəbdən bir çox yaşlı insanlar təcrübəli olduqlarına görə hazırda rəhbər vəzifələr tuturlar. Bu insanların səyyar intellekt yükünü azaltmaqla, başqa, daha münasib tipli iş təklif etməklə onlara kömək etmək mümkündür.


Teqlər:





Xəbər lenti