Azərbaycan dili, tarixi və mədəniyyəti Varşava Universitetinin tədris proqramında

Azərbaycan dili, tarixi və mədəniyyəti Varşava Universitetinin tədris proqramında
  16 Oktyabr 2013    Oxunub:1669
Azərbaycan dili, tarixi və mədəniyyəti Varşava Universitetinin tədris proqramına daxil edilib.
AzVsison.az Trend-ə istinadən xəbər verir ki, Cari ilin oktyabr ayından başlayaraq ilk dəfə olaraq Polşanın ən nüfuzlu ali tədris ocağı olan Varşava Universitetinin tədris proqramına Azərbaycan dili, tarixi və mədəniyyəti ilə bağlı fənlər daxil edilib.

Azərbaycanın Polşadakı səfirliyindən verilən məlumata görə, bu fənlərin tədrisini milləyətcə Azərbaycanlı, Varşava Universitetinin fəlsəfə elmləri doktoru, Polşada təsis olunan Azərbaycan Mədəniyyət Mərkəzi Cəmiyyyətinin sədri Şəhla Kazımova həyata keçirəcəkdir. Azərbaycanla bağlı fənlər yenicə proqrama əlavə olmasına baxmayaraq dəsrlərə yazılan tələbələrin sayı gözləniləndən yüksək olub.

Azərbaycan dövləti tərəfindən maliyyələşdirilən və Azərbaycan Respublikasının Polşadakı Səfirliyinin Varşava Universitetinin rəhbərliyi ilə apardığı danışıqlar nəticəsində ərsəyə gəlmiş bu tədris layihəsinin rəsmi təqdimatı cari ilin 11 oktyabr tarixində Varşava şəhərində keçirilib. Varşava Universitetində keçirilən tədbir zamanı Azərbaycanın Polşadakı Fövqəladə və Səlahiyyətli səfiri Həsən Həsənov iştirak edib və Azərbaycanşünaslıqla bağlı fənləri seçən tələbələrlə görüşüb, onların qarşısında geniş məruzə ilə çıxış edib.

Çıxışı zamanı səfir son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda mədəniyyətin inkişafına göstərilən qayğı, incəsənət və mədəniyyət siyasəti sahəsində görülən işlər, həyata keçirilən iri miqyaslı beynəlxalq və reqional layihələr, iqtisadiyyatda əldə edilmiş uğurlar və bunun təsiri ilə dövlətimizin iqtisadi qüdrətinin artması, ölkənin xarici siyasət kursunu müəyyən edən şəxsin-dövlət başçısının ölkəmizin milli maraq və mənafelərinin qorunmasını başlıca şərt kimi irəli sürməsi və bu istiqamətdə məqsədyönlü siyasətin həyata keçirilməsi haqqında ətraflı danışıb.

Səfir Həsən Həsənov Azərbaycan xalqının milli mədəni irsinin qorunub saxlanılmasında və növbəti nəsillərə çatdırılmasında, mədəniyyətimizin dünyada geniş təbliğ olunmasında, nəinki Azərbaycanda-bütün dünyada qədim ümumbəşəri tarixi abidələrin bərpası və qorunmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın müstəsna rol oynadığını vurğulayıb. Çıxışında həmçinin səfir Azərbaycan tarixi, ədəbiyyatı, qədim eposları, xalçaçılıq, musiqi, memarlıq sənəti, Azərbaycan-Polşa mədəni əlaqələri haqqında geniş məlumat vermiş və Azərbaycan mədəniyyətinin bəşəriyyət tarixində oynadığı səciyyəvi rolundan, unikallığından söz açmışdır. Çıxışının yekun hissəsində Səfir tələbələrin Azərbaycan turizmi, kinosu, mətbəxi, qədim abidələri ilə bağlı suallarını cavablandırıb.

Görüşün ikinci, qeyri-rəsmi hissəsində Səfir tələbələrlə tanış olaraq onlardan Azərbaycanla bağlı fənləri seçmələrinin səbəbini soruşmuşdur. Tələbələrin bir çoxunun cavabından bəlli olub ki, onların Azərbaycan mövzusu ilə ilk təmasları cənab Həsən Həsənovun mütamadə olaraq Polşanın nüfuzlu yüksək reytinqli liseylərində, ali tədris ocaqlarında, elmi-tədqiqat mərkəzlərində keçirdiyi məruzələr vasitəsi ilə olub.

Tədbirin sonunda Səfir tələbələrə Səfirlik tərəfindən polyak dilində nəşr edilmiş kitablar hədiyyə etmiş və onlara tədris sahəsində uğurlar arzulayıb.


Teqlər:





Xəbər lenti