“Arşın mal alan” Vyanada nümayiş etdirildi

“Arşın mal alan” Vyanada nümayiş etdirildi
  26 Oktyabr 2013    Oxunub:1652
Vyanada “Arşın mal alan” operettasının 100 illik yubileyi qeyd olunub.
Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, ictimaiyyətin nümayəndələri, bu ölkədə yaşayan azərbaycanlılar iştirak edib.

Mərkəzin rəhbəri Leyla Qasımova tədbirdə çıxış edərək 100 il bundan əvvəl məhz bu gün Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının Bakıda ilk tamaşası göstərildiyini dedi. İlk gündən tamaşaçıların böyük rəğbətini qazanan əsər 60-dan artıq dilə tərcümə edilib, dünyanın 160-dan çox ölkəsində nümayiş olunub. Leyla Qasımova dedi ki, ölməz sənət incisinin nümayiş olunduğu şəhərlər siyahısında dünya klassik musiqisinin paytaxtı Vyana şəhəri də olub. 2006-cı ildə Vyana Kamera Operasında avstriyalı aktyor heyətinin iştirakı ilə əsər alman dilində təqdim olunub.

Həmçinin qeyd edildi ki, 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında “Arşın mal alan” operettasının 100 illik yubileyinin dünya səviyyəsində qeyd olunması haqqında qərar qəbul edilib. Buna görə də əsərin yubileyi nəinki Azərbaycanda, eyni zamanda, ölkəmizin hüdudlarından kənarda da geniş qeyd edilir.

Sonra Azərbaycan kino tarixinin ən dəyərli incilərindən olan Rəşid Behbudov, Leyla Bədirbəyli, Münəvvər Kələntərli, Lütfəli Abdullayev, Fatma Mehrəliyeva, Mirzəağa Əliyev kimi ölməz sənətçilərin rol aldığı “Arşın mal alan“ filmi nümayiş olunub. Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.

Filmin nümayişindən sonra qonaqlara ziyafət verilib.


Teqlər:  





Xəbər lenti