Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirə bu ölkədə fəaliyyət göstərən 10-dan artıq səfir, Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin nümayəndələri, CAR parlamentinin İncəsənət və mədəniyyət komissiyasının sədri xanım Tandile Sunduza, bir sıra digər qurumların rəsmiləri, KİV-lər və iş adamları qatılıblar.
Tədbiri açıq elan edən Milli Kitabxananın rəhbəri, Milli Kitabxanalar Konfransının sədri Con Kvale Tsebe Azərbaycanın CAR-dakı səfirliyinin Milli Kitabxanada ilk dəfə olaraq bu cür mötəbər bir tədbir keçirməsindən məmnun olduğunu bildirib və bunun hər iki ölkənin milli kitabxanaları arasında əlaqələrin inkişafına mühüm təkan verəcəyini bildirib.
Səfir Elxan Poluxov, öz növbəsində, ümummilli liderimizin keçdiyi həyat yolu, Azərbaycan dövlətinin qurulmağında tutduğu yer, ölkəmizin müasir daxili və xarici siyasətinin təməlinin qoyulması və inkişafı sahəsində əvəzolunmaz fəaliyyəti, 90-cı illərdə Azərbaycanı vətəndaş müharibəsindən xilas etməsi və Erməni təcavüzünün qarşısının alınmasında oynadığı rol, Azərbaycanı dünya arenasına çıxarması və tanıdılması sahəsində xidmətindən danışıb. Sonra söz CAR parlamentinin deputatı xanım T.Sunduzaya verilib. T.Sunduza isə öz növbəsində, CAR parlamenti adından səfirliyə Milli Kitabxanaya göstərilən marağa görə təşəkkürünü bildirib və bu sərginin kitabxana ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanacağına inandığını qeyd edib.
Qeyd edək ki, tədbir çərçivəsində, həmçinin Əlimərdan bəy Topçubaşovun 150 illik ildönümü qonaqların diqqətinə çatdırılıb və Ə.Topşubaşova həsr edilmiş müxtəlif kitablar nümayiş etdirilib.
Tədbir zamanı iştirakçılar ümummili liderimiz Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən ibarət sərgi, ona həsr edilmiş nəşrlər və Heydər Əliyev Fondunun çap materialları ilə tanış olublar. Həmçinin qonaqlara ümummilli liderimizin həyatını əks etdirən məlumat kitabçaları paylanılıb.
Tədbir yerli KİV-lər tərəfindən işıqlandırılıb.
Sərginin sonunda sərgi zamanı nümayiş etdirilmiş kitablar CAR Milli Kitabxanasına ianə edilib.