Putini Ermənistana aparan qədim gümüş qabın sirri - TƏHLİL

Putini Ermənistana aparan qədim gümüş qabın sirri - TƏHLİL
  03 Dekabr 2013    Oxunub:4639
Sahib Alıyev
Xüsusi olaraq AzVision.az üçün

Rusiya prezidenti Vladimir Putinin Ermənistana bir günlük səfəri başa catdı. Hələ səfər başlamamış onun məqsədi haqda nə qədər desən ekspert şərhinə rarst gəlmək olardı. Amma kimlərsə bilərəkdən, yerdə qalanlar isə bilməyərəkdən bu səfərdə əsas məqsədin nə olduğuna aydınlıq gətirmirlər. Çünki səfərin nədən qaynaqlandığı, buna yol açan olayın nə olduğu yanılış göstərilir.

Bəli, Rusiya prezidentinin Ermənistana gedəcəyi sentyabrın 3-də, indi həmin forposta rəhbərlik edən Serj Sərkisyanı rüsvayi-cahan, daha dəqiqi rüsvayi- qərb edəndə açıqlandı. Ona görə yox ki, Sərkisyan Putinin istəyi qarşısında avropalılara verdiyi vədi və iki ildən artıq idi ki, bu yöndə gedən çalışmaları gözardı edərək üzərinə ölkəsinin Gömrük İttifaqına qoşulacağı haqda öhdəlik götürdü.

Ermənistanın Rusiyadan asılılığı o dərəcədə güclüdür ki, Sərkisyanın yerinə bu ölkənin başında hər kim dayanırsa-dayansın Kremldən gələn tapşırığa əməl etmək zorundadır. Etmək istəməyin ya tutduğu vəzifəsini, ya da ondan da şirin olan canını alırlar, hər şey bu qədər bəsitdir. Levon-Ter Petrosyanın prezidentlikdən uzaqlaşdırılması, Ermənistan parlamentin spikeri Karen Dəmirçiyanla baş nazir Vazgen Sərkisyanın qətlə yetirilmələri örnəyi var ortalıqda.

Serj Sərkisyan bu üç nəfərin başına gələnlərin səbəbini də, necə reallaşdırılıdğını da gözəl blir, axı o özü də işin içində idi. Demək, Qarabağ qarğışına düşmüş Ermənistanın prezidentinin onsuz da atmaq zorunda qaldığı bir addıma görə Putin onun könlünü xoş edəcək səfərə çıxmaq ehtiyacı duymazdı. Əsində Ruiya prezidentinin Ermənistan səfərinə İrəvana yox, Gümrüyə daha dəqiqi buradakı hərbi bazaya getməklə başlaması Sərkisyan və ölkəsi üçün təhqirdir və burada könülü xoş edəcək nəsə yoxdur. Putin bu səfərilə Ermənistan prezidentini mükafatlandırmır, əksinə cəzalandırır. Moskvanın başı üstündən qərbdəkilərlə danışıqlar apararaq Brüsselin layihəsində yer almaq cəsarətində bulunduğuna görə cəzalandırır.

Bu səfər Ermənistan rəhbərliyinə güvən yox, güvənsizliyin göstəricidir. Bunu dekabrın 2-də 93 il bundan öncə Qızıl ordunun ermənilərin yaratdıqları Ararat respublikasını çökdürdüyü gündə etməsi də dediyimizin bir növ təsdiqidir. Səfərə ölkəsinin Ermənistandakı hərbi bazasını ziyarətlə başlamaqla Putin göstərir ki, erməniləri müttəfiq hesab etmir. İmperator üçüncü Aleksandr kimi o da bu düşüncədədir ki, “Rusiyanın ancaq iki müttəfiqi var - ordusu və donanması”.

Ermənistana gəldikdə Putin oranı ölkəsinin bir parçası sayır. Onun ermənilə hərbi texnikayla yanaşı qazın da indən sonra Rusyiadakı qiymətlərə uyğun şəkildə satılacağını deməsində də əslində buna eyham vurulurdu. Və heç təsadüfi deyil ki, həmin açıqlamaların ardından Putin belə bir bəyanat da səsləndirdi: “Rusiya heç vaxt Güney Qafqazdan çıxmağa hazırlaşmayıb, əksinə biz burada mövqelərimizi daha da möhkəmləndirmək istəyirik”. Kimə deyilirdi və nə üçün deyilirdi bu sözlər? Sulaı cavablandırmamışdan onu deyək ki, özəlliklə də son zamanlar Moskva Güney Qafqazın hər yerində olmasa da, Ermənistanda mövqelərini doğrudan da möhkəmləndirir və bu da özünü oaradakı hərbi bazanın daha da böyüdülməsində tapır.

Elə bu səfər də iqtisadi deyi, hərbi ağırlıqlı idi. Yaxşı, Rusiya hazırda Ermənistanda hərbi gücünü niyə artırır. Ona görəmi ki, getdikcə güclənən Azərbaycan savaş yolu ilə torpaqlarının geri qaytarılmasının mümkünsüzlüyünü görüb yerində otursun. Burada belə bir məqsəd güdülə bilər. Buna kimsə şübhə etmir. Amma əsas məqsəd budurmu? Xeyr, əsas məqsəd bu deyil və Rusiyanın Ermənistandakı hərbi bazasın bir nömrəli hədəfi də, paradoksal səslənəcək, məhz Ermənistan özüdür.

Elə bu yerdə Putinin Ermənistana çəkib gətirən əsas səbəbi açıqlamağın məqamı çatdı.

Putini qonşu ölkəyə dartıb gətirən 2700 il yaşı olan qədim gümüş qabdır. Daha dəqiqi onun daşıdığı rəmzdir. Ermənistana səfəri qabağı Putini Socidə bütün qoşun nönlərinin komandanları və hərbi sənaye kompleksinin əsas holdinqlərinin rəhbərləri ilə keçirdiyi görüşü zəruri edən də məhz həmin qab idi. Söhbət on il öncə İrandan qaçaqmal yoluyla Amerikaya aparılan uzun sürən danışıqlardan sonra sentyabrın 26-da geri qaytarılan qabdan gedir.

Bədəni farsların totemi sayılan şir, qanadları, başı və caynağı isə amerikalıların totemi qartalınkına bənzəyən bu Qrifon qabın İrana indi qaytarılması heç də təsadüfi deyil. Bəllidir ki, tarixdə İranla Amerika qədər mistik nəsnələrlə dolu, ezoterikayla siyasətin sıx cuğlaşdığı, eyni zamanda da dərindən də dərin dövlət quruluşlarının olduğu ölkə demək olar ki, yoxdur. Bu cür ənənələri olan İki dövlət arasındakı bu “qabqaytarma” bir rəmzdir, Amerika- İran müttəfiqliyinin rəmzi. Məhz qrifon qabın qaytarılmasından bir gün sonra Amerika və İran prezidentləri 34 illik susqunluğa son qoyaraq zəngləşdilər. Zəngləşdilər və aydınlaşdı ki, qrifon İrana elə-belə qaytarılmayıb. Amerika-İran düşmənçiliyi artıq arxada qalır və bunu söyləmək hələ tez də olsa, o hətta müttəfiqliklə əvəzlənə bilər. Demək, Vaşinqtonla İran arasında xeyli vatdır ki, gizli danışıqların getməsi haqda söylənilənlər boşuna deyilmiş.

“Financial Times” qəzeti hər iki ölkənin təmsilçilərinin bu görüşləri 2009-cu ildən bəri keçirdiklərini yazır. Görüşlərə haçan start verildiyini dəqiq bilməsək də, ən azından bu il Tehranla Vaşinqton arasında sövdələşmənin getdiyini duymamaq mümkün deyildi. Çünki uzunsürəli danışıqlar aparılmasaydı, Amerika təmsilçisinin dilindən birdən-birə “Əfqanıstanın gələcəyini ilk növbədə oturub İranla müəyyənləşdirmək lazımdır” sözləri çıxmazdı. Əgər bu olmasaydı, bu il İraqda iranlı dissidentlərin yaşadığı düşərgəyə basqın edilərək 52 nəfər qətlə yetiriləndə onu kimin törətdiyini gözəl bilən vaşinqtondakılar səslərini içlərinə salmazdılar. Və bu olaydan öncə Tehran İraq Kürdüstanını tanımaq anlamı daşıyan bir sıra addımlar atmazdı.

Fransanın “Le Figaro” qəzeti Amerika şirkətlərinin İranda olduqca fəallaşmaqa başladıqlarını və fransızları bir çox layihələrdən sıxışdırb çıxarmaq üzrə olduqlarından yazmazdı. İran Amerikaya casusluq etməkdə suçlu bilinərək tutulan 8 Slovakiya vətəndaşından 6-nı sentyabrın əvvəlində azadlığa buraxmazdı. Qrifon qabın qaytarılması və onun ardından hər iki ölkənin prezidentlərinin zəngləşmələri sadəcə, artıq gizli danışıqlara lüzum görülmədiyinin açıq oyuna başlanıldığının əlaməti idi. O qədər açıq bir oyuna ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən həftə altılarla İran arasında əldə edilən nüvə anlaşmasının müəlliflərinin Vaşinqtonla Tehran olduğunu, yəni yedə qalanlara ancaq onun altından qol qoymaq rolunun buraxıldığını demişdi.

Beləliklə, Amerika ilə İranın yaxınlaşdığı göz qabağındadır. Və bu iki ölkənin düşmənçiliyi Yaxın Şərq və Qafqaz üçün nə qədər gərginlik demək idisə, əməkdaşlıqları ondan da artığını vəd edir. Amerikanın Yaxın Şərqdəki iki ən yaxın müttəfiqi- İsraillə Səudiyyə Ərəbistanı bundan narazılıqlarını açıq və sətr şəkildə dilə gətirirlər. Maraqlıdır ki, indiyədək bir-birini düşmən gözündə görən bu iki ölkənin gizli servislərinin rəhbərləri ötən ay düz iki dəfə bir araya gəldilər və deyilənə görə onların üzərində ən çox baş sındırdıqları məsələ də Ameika-İran yaxınlaşmasının necə qarşısını kəsmək olub.

Ötən ay Türkiyə baş naziri ilə Rusiya prezidentinin danışıqlarında da heç şübhəsiz ki, Amerika-İran yaxınlaşmasına toxunulub. Ərdoğanın Rusiyaya bu səfərinin ardından Türkiyə qəzetlərində ermənilərin Azərbaycanın işğal altındakı 2 rayonunu, özü də İranla sərhəddəki iki rayonunu qaytarmağa şifahi razılıq verdiyinin açıqlanması, ardından rəsmi Ankaranın Ermənistanla sərhəddin minalardan təmizlənməsinə və keçid məntəqələrində abadlıq işlərinə başlanmasına hazırlıq görüldüyü haqda xəbərlər bəzi düşüncələrə yol açır. Və görünən budur ki, Amerika-İran yaxınlaşmasının Qafqazdan da təsirsiz ötüşməyəcəyini yaxşı bilən Rusiya ilə Türkiənin bunun yolunu kəsmək üçün birə çalışmalara başlaması mümkündür.

Qara dəniz regionunda Amerika hegemonluğuna qarşı Moskvayla Ankaranın birgə əməkdaşlığı baş tutubsa, Qafqazda niyə alınmasın ki. Əgər alnsa, bu əməkdaşlığın bizim maraqlarımıza nə dərəcədə cavab verəcəyini indidən söyləmək çətindir. Amma, ancaq və lakin bir şey gün kimi aydındır, Rusiya Ermənistanda öz hərbi mövcudluğunu gücləndirib genisləndirməklə Amerika-İran yaxınlaşmasının Qafqazdakı maraqlarına toxunmaması üçün hazırlıq görür. Putin də məhz bu üzdən Ermənistana səfər etdi. O, Ermənistana ki, Rusiyadan asılı olduğu qədər olmasa da İrandan çox asılıdır və Vaşinqton-Tehran yaxınlaşması artıqca bu asılılıq daha da güclənə Moskva üçün arzuolunmaz nəticələrə aparıb çıxara bilər.

Putin fürsət yarandığında və maraqlarına cavab verdiyi anda ermənilərin başqasının vassalına çevirilmək istəyəcəklərini anlayır, çünki onları yaxşı tanıyır. Ermənistana səfərini də İrəvana yox, Gümrüdəki hərbi bazanı ziyarətlə başlayaraq göstərdi ki, yazının əvvəlində də qeyd etdiyimiz kimi o erməniləri deyil, ancaq oradakı rus ordusunu müttəfiq gözündə görür.

Burada Putinin Azərbaycana səfəri zamanı diqqət çəkən bir məqamı da xatırlatmaq istərdim. O, Bakıda olarkən Rusiyanın Azərbaycana dostluq səfəri edən Xəzər donanmasının gəmilərinə baş çəkdi. Və bəlli oldu ki, gəmilərdən birinin kapitanı azrbaycanldır və həmin azərbaycanlı cəmisi iki gündür bu vəzifəyə təyin edilib. Ola bilsin yanılıram, amma fikrimcə bu da Amerika ilə İrana mesaj idi. Mesaj idi ki, onların əməkdaşlığı genişlənəcəyi təqdirdə Xəzərdəki sərhədlərin qorunmasında Moskvayla Bakı bir-birinə dəstək verəcəklər.

P.S. Putin Ermənistanda olarkən bir neçə rusiyalı diplomata orden və medalların verilməsi haqda fərman imzaladı. Maraqlıdır ki, Rusiya televiziyaları bu haqda xəbəri Ermənistana səfərdən hazırlanmış süjetdən dərhal sonra verdilər və vurğulandı ki, ödülləndirilən diplomatlar Rusiyanın Xarici İşlər Nazirliyinin İranın nüvə porqramıyla bağlı danışıqlara qatılan əməkdaşlarıdır.


Teqlər:  





Xəbər lenti