İlham Əliyev: “Bütün addımları atırıq ki...”

İlham Əliyev: “Bütün addımları atırıq ki...”
  08 Fevral 2013    Oxunub:1955
Prezident İlham Əliyev Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması münasibətilə xalqımızı təbrik edib.
Təbrikdə deyilir: “Bu gün ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gündür. Bu gün birinci Azərbaycan telekommunikasiya peyki orbitə çıxarıldı. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Bu, doğrudan da tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük.
Bu hadisə münasibətilə bu işdə iştirak etmiş bütün qurumlara, bütün insanlara, ilk növbədə Azərbaycan mütəxəssislərinə minnətdarlığımı bildirmək istəyirəm. Bu gün bu salonda əyləşən gənc mütəxəssislərimiz artıq peşəkar mütəxəssislərdir, bizim fəxrimizdirlər. Mən çox şadam ki, bu gözəl idarəetmə mərkəzində çalışan işçilərin böyük əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.
Eyni zamanda, peykin orbitə çıxarılması beynəlxalq əməkdaşlıq çərçivəsində mümkün olmuşdur. Bu, Amerikanın “Orbital” və Fransanın “Arianespace” şirkətlərinin köməyi, dəstəyi, fəaliyyəti nəticəsində mümkün olmuşdur. Beynəlxalq əməkdaşlıq bütün sahələrdə inkişaf edir, artır. Biz kosmik sənayedə də bu əməkdaşlığın gözəl nəticələrini görürük.
Azərbaycan uğurla inkişaf edir. Ölkəmizdə böyük quruculuq işləri aparılır. Ölkəmizin beynəlxalq nüfuzu artır. Azərbaycan bu gün dünyanın birinci beynəlxalq qurumunun – BMT Təhlükəsizlik Şurasının üzvüdür. Azərbaycan iqtisadiyyatı mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən rəqabət qabiliyyətliliyinə görə MDB məkanında birinci, dünya miqyasında isə 46-cı yerdədir. Ölkəmizdə çox uğurlu iqtisadi islahatlar aparılır və yeni texnologiyaların, informasiya-kommunikasiya texnologiyalarının inkişafı bu gün Azərbaycanı fərqləndirən cəhətlərdən biridir. Təsadüfi deyil ki, 2013-cü il Azərbaycanda mənim Sərəncamımla “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir. Əminəm ki, biz bu il və bundan sonrakı illərdə informasiya-kommunikasiya texnologiyaları sahəsində daha da böyük nailiyyətlərə çatacağıq.
Birinci peykin orbitə çıxarılması əlbəttə, çox əlamətdar tarixi bir hadisədir. Biz bu işə beş il bundan əvvəl başlamışdıq. 2008-ci ildə mənim tərəfimdən Azərbaycan peykinin orbitə çıxarılması haqqında qərar verilmişdir. 2009-cu ildə Dövlət Proqramı qəbul edilmişdir. 2010-cu ildə “Azərkosmos” Səhmdar Cəmiyyəti yaradılmışdır və artıq Azərbaycan kosmik klubun üzvünə çevrilmişdir.
Biz gələcəkdə də yeni peyklərin orbitə çıxarılması istiqamətində fəal işləyirik və buna nail olacağıq. 2015-ci, 2016-cı illərdə əlavə iki peyk orbitə buraxılacaq və artıq Azərbaycanda kosmik sənayenin inkişafı üçün çox gözəl imkanlar yaranacaqdır.
İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı bizim uğurlu gələcəyimizi müəyyən edəcək, təmin edəcəkdir. İnformasiya-kommunikasiya texnologiyaları sahəsi həm bilik, zəka, intellekt, eyni zamanda, biznes sahəsidir. Peykin fəaliyyəti nəticəsində Azərbaycan dövləti, eyni zamanda, maliyyə məsələlərini həll edəcəkdir. Yəni, bu peykin fəaliyyəti iqtisadi cəhətdən də səmərəli olacaqdır. Eyni zamanda, informasiya-kommunikasiya texnologiyalarının inkişafı ümumən hər bir ölkənin inkişafını müəyyən edir. Gələcəkdə bu sahənin hər bir ölkə üçün nə qədər vacib olduğunu, əminəm ki, hər kəs görəcəkdir. Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayacaqdır. Mən buna əminəm. Mən çox şadam ki, biz bu istiqamətdə bütün işləri planlı, məqsədyönlü şəkildə aparırıq. Bütün addımları atırıq ki, ölkəmiz daha da güclənsin, Azərbaycan daha da müasir dövlətə çevrilsin. Bu yaxınlarda İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında imzaladığım Sərəncam dediyim sözlərin təsdiqidir.
Bir daha bütün Azərbaycan xalqını bu tarixi hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu gün – 8 fevral 2013-cü il Azərbaycan tarixində qalacaqdır. Əminəm ki, bundan sonrakı illərdə bu sahədə daha da böyük uğurlar əldə ediləcəkdir.
Əziz həmvətənlər, sizi bu tarixi hadisə münasibətilə bir daha ürəkdən təbrik edirəm. Eşq olsun Azərbaycana!”


Teqlər:





Xəbər lenti