BDU-da xüsusi mərkəz yaradılacaq – FOTO

BDU-da xüsusi mərkəz yaradılacaq – FOTO
  12 Dekabr 2013    Oxunub:2129
Bakı Dövlət Universitetində innovasiyalı elmi istiqamətlər üzrə xüsusi mərkəzin yaranması nəzərdə tutulur.
AzVision.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmovun rəhbərliyi ilə bu ali məktəbin bir qrup professor və müəllimi Sumqayıt Texnologiyalar Parkı (STP) və Sumqayıt Kimya Sənaye Parkı ərazisindəki “Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin polad boru zavodunda olub.

Bakı Dövlət Universitetinin mətbuat və informasiya şöbəsindən AzərTAc-a bildiriblər ki, Sumqayıt Texnologiyalar Parkının icraçı direktoru Sahib Musayev BDU-nun nümayəndələrini STP ilə tanış edib.

Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkının birinci mərhələsi 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən işə salınıb. Ərazisi 45 hektar olan parkda elektroenergetika sənayesi üçün məhsullar hazırlanır, zavodlar, sexlər və istehsal xətləri yaradılır. Müəssisə tam işə düşdükdən sonra burada 3 min nəfər, o cümlədən yüksək ixtisaslı mühəndislərin daimi işlə təmin edilmələri planlaşdırılıb.

“Sumqayıt-3” qapalı tipli yarımstansiyası Cənubi Qafqazda istifadəyə verilən ilk belə obyektdir.
Qeyd olundu ki, yarımstansiya yüksək səviyyədə avtomatlaşdırılıb və daxili mikronəzarət sisteminə malikdir. Zavodda 800 millimetrə qədər diametrli plastik borular istehsal olunur. On altı atmosfer təzyiqə davam gətirəcək belə boruların MDB məkanında ilk dəfə istehsalına başlanılmış və bunlardan kabellərin çəkilməsində, kiçik su elektrik stansiyalarının tikintisində, həmçinin qaz, su və kanalizasiya sistemlərinin quraşdırılmasında istifadə edilir. On yeddi zavoddan ibarət olan Sumqayıt Texnologiyalar Parkında respublika əhəmiyyətli müxtəlif çeşidli məhsullar, o cümlədən müxtəlif tip kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıqlar, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular, texniki qazlar (arqon, oksigen, azot və s.) istehsal edilir.

Sumqayıt Texnoparkında ən müasir avadanlıq quraşdırılmış, elektroenergetika sənayesində kəskin ehtiyac duyulan mis və alüminium çubuqlar istehsal olunur. 500 kV qədər gərginlik kabelləri istehsal edəcək zavodun MDB məkanında analoqu yoxdur. Hazırda dünyada cəmi 7 belə müəssisə fəaliyyət göstərir.
Sonra BDU-nun nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkı ərazisində “Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin polad boru zavodu ilə tanış olub.

Şirkətin satış müdiri Bahadur Musayev bildirib ki, layihəyə uyğun olaraq zavodda Türkiyə, Almaniya, İtaliya və Çin texnologiyası əsasında ildə 100 min ton polad borular istehsal olunur. Hazırlanan polad borular xam neft, təbii qaz və su xətlərinin çəkilişində, neft emalı zavodlarında, sənaye boru xətti şəbəkələrinin yaradılmasında, polad konstruksiyaların yığılmasında istifadə olunur.
Akademik Abel Məhərrəmov Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizin bütün sahələrinin, o cümlədən istehsalat sahələrinin sürətlə inkişaf etdiyini vurğulamışdır.
Rektor qeyd edib ki, Bakı Dövlət Universiteti alimlərinin bu texnoparkla əlaqələrini qurmaq, elmi potensiallarından bəhrələnmək, tələbələri istehsalata cəlb etmək, yeni elmi innovasiyalı sistemi tətbiq etmək və elmi-texniki mərkəz yaratmaqla mövcud istehsalatı daha da inkişaf etdirmək mümkündür.

Eyni zamanda, əldə edilən təcrübədən yararlanaraq Bakı Dövlət Universitetində innovasiyalı elmi istiqamətlər üzrə xüsusi mərkəzin (texnoparkın) yaradılması nəzərdə tutulur.

Qalereya




Teqlər:





Xəbər lenti