“Maydan”da görünməyən oyunlar - TƏHLİL

“Maydan”da görünməyən oyunlar - TƏHLİL
  17 Dekabr 2013    Oxunub:1674
Sahil İsgəndərov, siyasətşünas

Ukraynada yaşanan indiki hadisələrin kökü Vilnüs sammitindən başlayır. Həmin sammit qabağı Ukrayna prezidenti Viktor Yanukoviç Moskvaya bir növ məxfi səfər etmişdi. Sonradan bu səfər barəsində qəribə şayiələr də yayıldı. Deyilənlərə görə, Yanukoviç 5 saat heç kimin bilmədiyi bir yerdə olub.


Sonra söylənildi ki, yox həmin 5 saat ərzində Putinlə söhbət edib. Və həmin vaxtda Rusiya prezidenti Ukraynanın Rusiya ilə bir yerdə olmasının Kiyev üçün iqtisadi-siyasi xeyrini başa salıb. Xeyrini deyə bilmərik. Amma ziyanından qaçmağının səbəbini çox yəqin ki, dəqiqliyi ilə izah edib. İstisna deyil ki, Vladimir Putin Ukrayna ilə Avropa İttifaqı arasında Assosiasiya barədə Saziş imzalanacağı təqdirdə Krımın və Şərqi Ukraynanın öz müstəqilliklərini elan edəcəklərini və Moskvanın da onları tanıyacaqlarını Yanukoviçin diqqətinə çatdırıb.

Demirik ki, faktdır. Amma istisna deyil. Belə olan surətdə isə Viktor Yanukoviçin başqa çıxış yolu qalmırdı. Orası da var ki, Yanukoviç birmənalı şəkildə Avropaya inteqrasiyanın Ukrayna üçün yeganə yol olduğunu bildirib. Buna baxmayaraq, Vilnüs sammiti Ukrayna cəmiyyətini şərti də olsa ikiyə parçalayıb. Avropa İttifaqı ilə inteqrasiyanın təcili tərəfdarı olan müxalifət hökumət kvartalını mühasirəyə alaraq, hökumət orqanlarının işinə mane olmağa çalışır. Hüquq-mühafizə orqanları barrikadaları söksələr də dinc nümayişlərin keçirilməsinə mane olmurlar.

Prezident Viktor Yanukoviç bütün öz keçmiş sələfləri ilə dəyirmi masa arxasında siyasi məsləhətləşmələr aparır. Avropa İttifaqının Xarici işlər üzrə ali komissarı Ketrin Eşton Kiyevdə Meydan hərəkatının iştirakçıları ilə görüşərək onları dəstəklədiyini bildirib. Halbuki bundan bir neçə gün öncə Ketrin Eşton ATƏT-in xarici işlər nazirlərinin Kiyevdə keçirilən yığıncağına qatılmaqdan imtina etmişdi.

Meydan hərəkatının iştirakçılarıyla görüşən Birləşmiş Ştatların Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland isə onlara həm də çörək paylayıb. Yəni xalqın çörək və tamaşa görmək istəyində arzusunda olduğu həqiqətini yaxşı xatırladığını göstərib.
Brüssel Ukrayna hakimiyyətini xalqın iradəsinə və seçiminə, vətəndaş azadlığına hörmətlə yanaşmağa çağırır. Yəni rəsmi Kiyevdən Avropa İttifaqının xeyrinə seçim etmək tələbini irəli sürür.

Elə ötən həftə Avropa Parlamentinin Strasburqda keçirilən iclasında da səsələndirilən əsas fikir məhz bu idi. Məsələn, britaniyalı liberal-demokratların təmsliçisi Qrexem Uotson bu gün Kiyevdə yaşananları 2004-cü ilin Narıncı inqilabı ilə müqayisə edərək, insanların Avropa gələcəyinə can atdığını deyir. Bu, nə dərəcədə uğurlu müqayisədir?

Bir qədəq keçmişə, yəni elə Uotsonun dediyi 2004-cü ilə qayıdaq. Onda Ukraynada prezident seçkilərinin ilk turunda rusiyapərəst siyasətçi hesab olunan Viktor Yanukoviçin qalib gəldiyi elan olundu. Lakin müxalifətin və Qərbin təzyiqiylə seçkilərin nəticələri ləğv edildi və təkrar seçkilərdən sonra qərbpərəst siyasətçi sayılan Viktor Yuşenko qalib gəldi. Bundan sonra isə digər qərbpərəst siyasətçi Yuliya Timoşenko baş nazir seçildi.

Güman etmək olardı ki, Qərb üçün Ukraynanın idarəetmə sistemində bundan əlverişli siyasi tandem arzu etmək mümkün deyil. Lakin hadisələrin sonrakı inkişafı tam başqa reallıq ortaya qoydu. Məlum oldu ki, Qərbin planları tam fərqlidir. Özü də tək Ukraynada yox. Qərb postsovet ölkələrində əsasən parlament üsul-idarəsi yaratmaqla bir neçə siyasi güc mərkəzi formalaşdıraraq, vaxtaşırı onlardan birini dəstəkləməklə öz iradəsinə uyğun şəkildə xarici siyasət kursunda bu və ya digər qərarın qəbul olunmasında maraqlıdır. Bu siyasət isə həmin ölkələrdə güclü mərkəzləşdirilmiş hakimiyyətin formalaşmasını əngəlləyir ki, bu da öz növbəsində Moskva ilə dialoqda sərt mövqe ortaya qoymağa imkan vermir.

Beləliklə də, Qərb bir növ özünün qurduğu tələyə düşmüş olur. Ukrayna məsələsi buna əyani sübutdur. Elə bu günün özündə Ukraynada siyasi güc mərkəzlərinin yerdəyişməsi fonunda Avropanın apardığı oyuna baxanda da bunun şahidi oluruq. Sabiq baş nazir Yuliya Timoşenkonun həbsdən buraxılması və hətta onun gələcək prezident seçkilərində iştirakının təminatı tələbinin irəli sürülməsi ilə yanaşı, məşhur boksçu «UDAR» partiyasının lideri Vitali Kliçkonun siyasi arenada rolunun durmadan güclənməsi heç də təsadüfi deyil. Və artıq Qərbdə bu iki fiqurun siyasi alyansının hazırlandığı şübhə doğurmur.

Maraqlıdır ki, Polşa mühafizəkarlarının Avropa parlamentindəki təmsilçisi Riçard Lequtko «Şərq Tərəfdaşlığının» Vilnüs sammitini Avropa İttifaqının iflası adlandırıb. Onun sözlərinə görə bu layihə Brüsselin strateji diqqət mərkəzində olmadığından, kifayət qədər maliyyələşdirilmədiyindən təəccüblü deyil ki, bu qarşıdurmada Avropa deyil Rusiya qalib gəldi. Avropa İttiifaqı isə uduzdu.

Bəli, «Şərq Tərəfdaşlığı» Proqramının əsas təşəbbüsçüsü olan bir dövlətin təmsilçisinin sözləri heç də təsadüfi deyil. Məsələ burasındadır ki, Şərqi Avropanın qeyri-formal lideri olan Polşanın əvvəlki siyasi rəhbərliyi Rusiyanın təzyiqlərinə qarşı vahid cəbhə yaradılmasında həqiqətən də postovet ölkələrinin iştirakı ilə ümumi bir layihənin həyata keçirilməsində çox maraqlı idi. Lakin Polşanın yeni hökumətinin məhz bu maraqlar çərçivəsindən çıxış etməsi şübhə doğurur.

Hazırda bu müstəvidə Varşavanın siyasəti daha çox Avropa İttifaqının aparıcı dövlətlərinin Rusiya ilə pərdəarxası ehtiyatlı ikibaşlı oyunlarını xatırladır. Hələlik isə aydın olan budur ki, Brüssel əksər hallarda Moskva ilə sərt qarşıdurma hesabına postsovet ölkələri ilə sıx münasibətlər qurmağa və bu zaman ortaya çıxa biləcək iqtisadi-siyasi riskləri öz üzərinə götürməyə hazır deyil.

Maraqlıdır ki, Vilnüs sammitinin nəticələrinin müzakirəsinə Avropa Parlamentində yekun vurarkən Avropa İttifaqının genişlənmə siyasəti üzrə Ştefan Füle Brüsselin müəyyən nəticələr çıxardığını söyləyib. Görəsən nəyi nəzərdə tuturmuş? Bəlkə bundan sonra Ukraynaya maliyyə yardımı güclənəcək? Yoxsa Rusiyanın siyasi təzyiqlərininin neytrallaşdırılması istiqamətində Brüssel hansısa addımlar atacaq?

Rusiyaya gəldikdə isə Moskva Ukraynaya Gömrük İttifaqına girəcəyi təqdirdə «mavi yanacağ»ın qiymətini 200 dollara qədər endirəcəyini vəd edir. Ukraynada vəziyyətin gərgin olmasına baxmayaraq, sevindirici hal budur ki, orada vətəndaş qarşıdurması yaşanmır. Hərçənd, bəzi qüvvələr burada da hadisələrin bəzi ərəb ölkərərindəki ssenari üzrə cərəyan etməsini yəqin ki, çox arzulayırdılar. Və xoşbəxtlikdən bu baş vermir.


Teqlər:





Xəbər lenti