Nazir orta məktəblərlə bağlı ƏMR verdi

Nazir orta məktəblərlə bağlı ƏMR verdi
  20 Dekabr 2013    Oxunub:1533
Təhsil naziri Mikayıl Cabbarov Xüsusi hallar barədə məlumatların verilməsi haqqında əmr verib.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nazirin əmri Təhsil Nazirliyinin sisteminə daxil olan qurumlarla işin təşkilinin yaxşılaşdırılması, fövqəladə, cinayət və təhsil müəssisələrinin normal iş ahənginin pozulması ilə nəticələnən hadisələr haqqında məlumatların verilməsi, həmçinin qurumlararası fəaliyyətin əlaqələndirilməsi və zəruri hallarda təxirəsalınmaz tədbirlərin görülməsini təmin etmək məqsədi ilə bağlıdır.

Nazirin müvafiq əmrinə əsasən, Təhsil Nazirliyinin struktur qurumlarının və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərləri aşağıda göstərilən xüsusi hallar haqqında dərhal telefonla, sonradan isə yazılı formada Azərbaycan Respublikasının Təhsil Nazirliyinə məlumat verilməsini təmin edə bilərlər:

- təbii fəlakət, yanğın, digər fövqəladə hadisələr;
- təhsil işçiləri tərəfindən cinayət hadisələrinin törədilməsi, o cümlədən korrupsiya hüquq pozuntularına yol verilməsi və ya təhsil müəssisəsində (onun ərazisində) törədilmiş cinayət hadisələri;
- hüquq-mühafizə orqanlarının təhsil müəssisələrində əməliyyat-axtarış fəaliyyətini həyata keçirməsi, təhsil müəssisəsinə aid sənədlərin tələb olunması və ya götürülməsi;
- elektrik, istilik, su və qaz təchizatının dayandırılması və digər hallar nəticəsində normal fəaliyyətin pozulması;
- şagird və tələbələrin kütləvi zəhərlənməsi, epidemiya xarakteri alan xəstəliklər;
- təhsil müəssisəsinin ərazisində təhsilalanların və təhsil işçilərinin xəsarət alması;
- təhsil müəssisəsinin ərazisinin zəbt olunmasına cəhdlər;
- inzibati binaya, əsas vəsaitlərə, kitabxana fonduna ziyan dəyməsi, dövlət nümunəli və sair əhəmiyyətli sənədlərin, möhür və ştampların itirilməsi və ya oğurlanması;
- təhsil müəssisəsinin normal fəaliyyətinin pozulmasına səbəb olmuş hər hansı digər hadisələr.

Əmrdə qeyd edilib ki, xüsusi hallar barədə məlumatlar Nazirliyin İnformasiya şöbəsinə (həftənin iş günləri 9:00-dan 18:00-dək Təhsil Nazirliyinin "Qaynar xətt" xidməti - 146 telefon nömrəsinə, qeyri-iş vaxtları isə (051) 7601270 və ya (050) 3613298 telefon nömrələrinə) verilsin.

Məlumatda hadisənin baş vermə (törədilmə) yeri, vaxtı, nəticələri, əgər məlumdursa səbəbləri, həmçinin həyata keçirilən təxirəsalınmaz tədbirlər qeyd edilsin.

İnformasiya şöbəsinə (Elnur Əliyevə) tapşırılsın ki, daxil olmuş məlumatları qeydiyyata almaqla dərhal Nazirliyin rəhbərliyinə məruzə edilməsini təmin etsin;
qeyri-iş saatı daxil olan məlumatların növbəti iş günündə qeydə alınması təmin olunsun;
əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin;
əmrin Təhsil Nazirliyinin bütün struktur qurumlarına və strukturuna daxil olmayan tabeliyindəki qurumlara çatdırılmasını təmin etsin;
xüsusi hallar barədə məlumatların mütəmadi olaraq ümumiləşdirilməsini aparsın.
Xüsusi hallar barədə məlumatın verilməsinə görə şəxsən məsuliyyət daşıdıqları Təhsil Nazirliyinin struktur qurumlarının və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərinin nəzərinə çatdırılsın.
Əmrin icrasına nəzarət Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramova həvalə olunsun.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti