Tətil neçəyə başa gəlir? – TƏHLİL

Tətil neçəyə başa gəlir? – TƏHLİL
  07 Yanvar 2014    Oxunub:1674
Beləliklə, bir həftəlik tətil bitdi. Bəs bir həftə işin olmaması ölkə iqtisadiyyatına neçəyə başa gəlib?

Bununla bağlı müxtəlif hesablamalar mövcuddur. Məsələn, Rusiyanın Əmək Nazirliyinin hesablamarına görə, orta hesabla hər bayram günü 370-420 milyon dollar zərər deməkdir. Ölkə ÜDM-si hər il Yeni il bayramlarına görə təxminən 20-25 milyard dollar itirir.

Böyük Britaniyada ölkə iqtisadiyyatı hər qeyri-iş gününə görə 2,3 milyard funt itirir. Beləliklə də il ərzində ümumi itki 19 milyard funt zərər verir.

Qeyri-iş günlərinin çoxluğu Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərir. Bu günə qədər zərərin nə qədər olması barədə konkret araşdırma mövcud deyil. Ancaq bəzi hesablamarla itkinin təxmini həcmi barədə təsəvvür yaratmaq olar.

İqtisadiçı-ekspert Samir Əliyev itkiləri bu cür hesablayıb. 2012-ci ildə ÜDM-in həcmi 54 milyard manat olub. ÜDM-in gündəlik həcmi isə orta hesabla 148 milyon manat olub. DSK-nın məlumatına görə, ÜDM-in 50%-i neft sektorunun, 15%-i isə nəqliyyat, ticarət və ictimai iaşənin payına düşür. Neft hasilatı fasiləsiz istehsal sahəsi hesab olunduğunda qeyri-iş günləri bu sektora şamil edilmir. Nəqliyyat, ticarət və ictimai iaşə obyektləri də ilin istənilən günü müştərilərin üzünə açıqdır. 4 sektoru (neft, nəqliyyat, ticarət və ictimai iaşə) götürdükdə belə çıxır ki, iş gününün olub-olmamasından asılı olmayaraq gündəlik ÜDM-in təxminən 65%-i formalaşır. Yerdə gündəlik ÜDM-in (148 milyon manatın) 35%-i qalır ki, bu da təxminən 52 milyon manat edir.

Deməli, hər işsiz gün üçün ölkə iqtisadiyyatı ən azı 50 milyon manat zərərə düşür. Bu o deməkdir ki, 2014-cü ildə ÜDM bayram günlərinə görə ən azı 1 milyard manat itirəcək.

Nəzərə almaq lazımdır ki, ölkə iqtisadiyyatı ildən-ilə artır və ona uyğun olaraq itkilərin həcmi də ildən ilə artır. Təkcə bank sektoru hər qeyri-iş gününə görə ümumilikdə 10-15 milyon manat itirir.

Qeyd edək ki, dünyada ən çox qeyri-iş olan bayram günləri Şri-Lankadadır. Bu ölkə vətəndaşlarının məzuniyyətdən savayı ildə 24 gün istirahət etmək şansı olur. İran, Maldiv adaları və Braziliyada belə günlərin sayı 21-dir. Hindistanda 18, Cənubi Koreyada 17, Yaponiyada 15, Avstraliya və İsveçrədə 11, Sinqapur, İrlandiya və Niderlandda 10, Britaniyada 9, Kubada 8 qeyri-iş günü var.

YUNESKO-nun qiymətləndirmələrinə görə, dünya üzrə qeyri-iş günlərinin ortastatistik rəqəmi 12,2 gündür. Almaniya vətəndaşları 13, İtaliya 12, ABŞ isə 11 gün evində bayram edir.

MDB ölkələrində Belorusda 13, Rusiyada 11, Ukraynada 10 gün qeyri-iş günü var.

AzVision.az


Teqlər:  





Xəbər lenti