Virusun tüğyan etdiyi ölkədəki səfirimiz: “Testlərin sayı artsa, yoluxma qat-qat artacaq” - MÜSAHİBƏ

Virusun tüğyan etdiyi ölkədəki səfirimiz:  “Testlərin sayı artsa, yoluxma qat-qat artacaq” -  MÜSAHİBƏ
  22 İyun 2020    Oxunub:41925
Bu gün koronavirus infeksiyasının ən çox yayıldığı ölkələrdən biri də Braziliyadır. Son məlumatlara görtə, artıq bu ölkədə yoluxma sayı bir milyonu keçib.

Azərbaycanın Braziliya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov Azvision.az-a eksklüziv müsahibəsində Braziliyadakı hazırkı vəziyyət, görülən tədbirlər, iki ölkə, eyni zamanda Azərbaycanı təmsil etdiyi digər dövlətlətlərlə münasibətlər barədə danışıb.
Səfirlə müsahibəni təqdim edirik:

- Cənab səfir, bu gün bütün dünyanın üzləşdiyi koronavirus pandemiyası Braziliyada daha geniş yayılmaqdadır. Siz hazırda mövcud vəziyyəti necə qiymətləndirirsiniz?

- Hazırda ölkədə vəziyyət çətin olaraq qalır və yoluxanların sayı gündəlik artmaqdadır. Təəssüflə qeyd olunmalıdır ki, Braziliya hazırda dünyada həm yoluxanların, həm də virusdan dünyasını dəyişənlərin sayına görə ikinci yerdədir və rəqəmlərdə azalma müşahidə olunmur. Hələ may ayının əvvəlində yerli tədqiqatçılar ehtimal edirdilər ki, pandemiyanın yüksək həddi iyun ayında olacaq, lakin reallıq onu göstərir ki, Braziliya bu xəstəliyin maksimal həddini hələ də keçməyib.

- Braziliyada vəziyyətin belə demək mümkünsə, nəzarətdən çıxmasına səbəb nədir? Vaxtında tədbirlər görülmədi, yoxsa bu daha çox insanların məsuliyyətinə bağlıdır?

- Burada ilk yoluxma halları fevral ayının sonunda qeydə alınıb, lakin o zaman xəstəliyin pandemiyaya keçməsi ehtimalları az olduğundan qabaqlayıcı işlər aparılmayıb, sonradan atılan addımlar isə öz effektini verməyib. Həmçinin, xəstəliyin ilkin fazada müəyyən edilməsi üçün testlərin sayı da kifayət qədər az olduğundan, vaxtında yoluxma miqyasının müəyyən edilməsi mümkün olmayıb. (212 milyon əhalisi olan ölkədə hələlik 2 milyona yaxın test keçirilib və nəticədə 1 milyona yaxın yoluxmuş insan müəyyən edilib).

Bəzi tədqiqatçıların ehtimallarına görə, testlərin sayı artsa, yoluxanların sayı da qat-qat artacaq. Bundan əlavə, ölkədə bu xəstəliyə münasibətdə mərkəzi və federal hakimiyyət arasında ziddiyyətlər mövcuddur. Ölkə Prezidenti Jair Bolsonaro COVID-19-u “yüngül qrip” adlandırıb və əhalinin qapanması nəticəsində iqtisadiyyata vurulacaq ziyan insanların həyatına xəstəlikdən çox təsir edəcəyini deyib. Bu yanaşma ilə əyalətlərin qubernatorları razı olmadığından, mərkəzlə əyalətlər arasında ziddiyyətlər yaranmışdır. Həmçinin, virusun pandemiya formasına keçdiyi dövrdən ölkədə iki səhiyyə naziri dəyişildi və hər iki nazir dövlətin xəstəliklə apardığı mübarizə üsullarından narazı olaraq istefa verdilər.

- Azərbaycanın Braziliyadakı səfirliyi hazırda fəaliyyətini tam şəkildə davam etdirirmi və əməkdaşlar arasında koronavirusa yoluxma faktı qeydə alınıb?

- Səfirlik öz fəaliyyətini normal qaydada davam etdirir və əməkdaşlar arasında yoluxanlar yoxdur. Yaranmış vəziyyətlə bağlı səfirliyin fəaliyyəti daha çox onlayn və telefon vasitəsi ilə həyata keçirilir, lakin tələb olunan hallarda görüşlər baş tutur. Müasir əlaqələndirici texnologiyalardan istifadə edərək bu ayın 10-da səfirliyin təşəbbüsü və Milli Məclisin dəstəyi ilə “Çağırışlar bizi yaxınlaşdırır. Əməkdaşlıq bizi birləşdirir” mövzusunda ilk Azərbaycan-Braziliya parlamentlərarası virtual görüş keçirilib.



Tədbirdə iştirak edən deputatlar belə görüşlərin effektliyini yüksək qiymətləndiriblər. Həmçinin, 17 iyun tarixində səfirlik Paraiba əyalətinin Federal Universiteti ilə birlikdə universitetin beynəlxalq konfranslar silsiləsi çərçivəsində “Təhsilin beynəlxalqlaşdırılması və Azərbaycanda mədəniyyətlərarası münasibətlər” mövzusunda onlayn elmi konfrans keçirib və belə yeni formatda işlərin davam etdirilməsinə dair fəaliyyət davam edir.





Bununla yanaşı, bu il 28 May- Respublika Günü ilə əlaqədar səfirlik ənənəvi ziyafət tədbiri əvəzinə, Braziliyanın iki əyalətinə maddi və qida ianələri edib.



- Siz özünüz, ailə üzvləriniz pandemiyadan necə qorunursunuz?

- Sözsüz ki, hamı kimi, biz də həkimlərin məsləhəti ilə maskalardan istifadə edirik, sosial məsafənin saxlanılmasına fikir veririk və gigiyenik proseduralara daha çox diqqət yetiririk. Bununla yanaşı, paytaxt Braziliyada insanlar arasında pandemiya ilə bağlı psixoloji gərginlik çox hiss olunmadığından, biz özümüzü tam təcrid edilmiş hiss etmirik və çalışırıq tez-tez təmiz havaya çıxaq.

- Məlum olduğu kimi, Azərbaycan dövləti bir çox ölkələrdəki vətəndaşlarının vətənə qayıtması üçün xüsusi reyslər təşkil edir. Braziliyada belə hal yaşanıbmı? Ümumiyyətlə, orda azərbaycanlılar yaşayırmı və onların vəziyyəti necədir?

- Braziliyada Azərbaycan vətəndaşlarının sayı çox azdır – cəmi üç nəfər qeydiyyatdan keçib və onlarla mütəmadi olaraq əlaqə saxlanılır. Yaranmış reallıq hamımızı məcbur edir ki, vəziyyətlə bağlı səbrli və təmkinli olaq ki, bu müvəqqəti çətinliyi xəsarət və itkisiz keçirək. Bununla yanaşı, vətəndaşlarımızın sənədləri ilə bağlı yarana biləcək müxtəlif problemlərin həlli üçün səfirlik akkreditə olduğumuz ölkələrin müvafiq dövlət strukturları ilə lazımı danışıqlar, yazışmalar aparıb və aparmaqdadır.

- Cənab səfir, pandemiya Braziliya-Azərbaycan əlaqələrinə necə təsir göstərib? Ümumiyyətlə, bu gün iki ölkə arasında münasibətlər barədə nə deyə bilərsiniz?

- Mən deyərdim ki, pandemiya ölkələrimiz arasında münasibətlərin daha da sıxlaşmasına və
intensivləşməsinə səbəb oldu. Qeyd etdiyim kimi, müasir texnologiyalar artıq zaman və maliyyə sərfiatını demək olar ki, tam azaldır və qarşımızda duran məsələləri çevik və təxirə salmadan həll etməyə imkan verir. Bu məsələdə ölkə rəhbəri cənab Prezident İlham Əliyev yüksək texnologiyalardan istifadə edərək effektiv fəaliyyəti ilə hər birimiz üçün nümunədir və hər birimiz bu təcrübədən bəhrələnirik.

- Braziliya Azərbaycanla əməkdaşlıqda hansı sahələrə xüsusilə maraq göstərir?

- Braziliya dünyada kənd təsərrüfatı ölkəsi kimi tanınır və bu sahəyə aid texnologiya və təcrübəni bölüşməyə maraq göstərir. Bununla yanaşı dünyada məşhur olan “Embayer” təyyarələrini istehsal edir və Azərbaycan bu təyyarələrin istifadəçisidir. Neft və neft emalı sahəsində kifayət qədər müasir texnologiyalara malik olan Braziliya bizim ölkə ilə təcrübə mübadiləsi aparmaqda maraqlıdır. Öz növbəsində bizim ölkə də turizm, elm, təhsil, neft-kimya sektoruna aid sahələrdə öz təcrübəsi ilə bölüşə bilər.

Həmçinin, səfirlik “Made in Azerbaijan” brendinin yerli bazada tanıdılmasına dair işlər aparır. Bununla yanaşı hər iki ölkə beynəlxalq məkanda bir çox məsələlərdə biri-birinin mövqeyini dəstəkləyir. Bizim ağrılı olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində Braziliya ölkəmizin ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyib və dəstəkləməkdədir.

- Siz, həmçinin Azərbaycanı Qayana, Surinam, Ekvador, Trinidad və Tobaqoda təmsil edirsiniz. Bu ölkələrlə əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Bu ölkələr demək olar bizim üçün yenidirlər, baxmayaraq ki, biz BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatlara üzvük və orada bir çox məsələlər üzrə birgə fəaliyyət göstəririk. Demək olar ki, bu ölkələr tərəfindən Azərbaycanla əməkdaşlığa böyük maraq var. Keçən il Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana keçməsi ilə əlaqədar, Surinam və Qayananın Xarici İşlər nazirləri ilk dəfə olaraq ölkəmizə səfər edərək, həm Zirvə Toplantısında iştirak etdilər, həm də bir sıra ikitərəfli görüşlər keçirdilər. Bu səfər çərçivəsində Surinam ilə Azərbaycan arasında ikitərəfli münasibətlərimizin tarixində ilk dəfə olaraq iki sənəd imzalandı. Bu il 19 iyun tarixində Surinam tərəfinin təşəbbüsü ilə Xarici İşlər nazirləri arasında telefon danışığı baş tutdu və tərəflər bir sıra mühüm məsələləri, o cümlədən Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının COVID-19-a həsr edilmiş xüsusi sessiyanın çağırılması təşəbbüsü və buna Surinam tərəfindən verilən dəstəyi müzakirə etdilər.



Hazırda ikitərəfli münasibətləri tənzimləyən bir sıra beynəlxalq sənədlərin üzərində işlər aparılır və yaxın gələcəkdə onların imzalanması mümkün olacaq.

- Müsahibə üçün təşəkkür edirik.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ElxanPoluxov  





Xəbər lenti