Rusiya Qafqazda zəifləməyəcək - TƏHLİL

Rusiya Qafqazda zəifləməyəcək - TƏHLİL
  15 Yanvar 2014    Oxunub:1371
Amerikada fəaliyyət göstərən “Stratfor” analitik mərkəzi 2014-cü ildə Rusiyanın həm daxili, həm də xarici siyasətində kəskin dəyişikliklərin baş verəcəyini proqnozlaşdırıb.

“Statfor”un hesabatında Rusiyanın son illərdə qlobal oyunçu kimi beynəlxalq səviyyədə rolunu gücləndirmək istədiyi qeyd olunur. Avropanın Rusiya ilə qarşıdurmada daha çox güzəştə getdiyini yazan təşkilat Almaniyanın bu məsələlərdə vasitəçi olduğunu qeyd edir. Bundan başqa, İran-Amerika danışıqlarının uzanması şəraitində 2014-cü ilin Rusiya üçün MDB məkanında mövqeyini bərpa etmək üçün son şans olduğu ehtimal olunur.

“Rusiyanın qonşuları ilə münasibətləri qurmaq üçün vaxtı məhduddur. Moskva Gürcüstan və Moldovanın Avropa Birliyi ilə yaxınlaşmasına mane ola biləcək. 2015-ci ildə Ukraynadakı prezident seçkilərində də təsir rıçaqlarını əlində saxlayacaq Rusiya Azərbaycan-Ermənistan münaqişəsində təsirini nəinki qoruyacaq, hətta artıracaq. Avrasiya İqtisadi Birliyini isə Mərkəzi Asiya ölkələri hesabına genişləndirəcək. ABŞ-ın İranla danışıqlara yönəldiyi bir vaxtda 2014-cü il bunu üçün son şans olacaq.

“Statfor” hesabatında qeyd edir ki, Rusiyada uzun müddət hakimiyyətin bir şəxsin əlində cəmləşməsinin perspektivdə Rusiyaya qarşı mənfi rol oynayacağını bildirir. İqtisadiyyatının enerji resurslarının ixracı hesabına inkişaf etdiyi Rusiya gələcəkdə avtomobil, qida, tikinti, metallurgiya və s. sahələrinin dirçəlməsinə diqqət yönəltməlidir.

Şimal qonşumuzun bütün cəbhələrdə təsirinin artacağını proqnoz edən hesabatda bununla belə Rusiyanı bəzi problemlərin gözlədiyi vurğulanır. İlk növbədə, Yaxın Şərq bütövlükdə, bütün dünya siyasətinə təsir göstərəcək ABŞ-İran yaxınlaşması bu problemlərdən biridir. Obama administrasiyası Avropada hava hücumundan müdafiə sistemlərini quraşdırması məsələsində Putinə heç bir güzəştə getməyəcək. Çünki bu cür güzəştlər ABŞ və müttəfiqlərinin maraqlarına cavab vermir.

“Statfor” buna rəğmən Rusiyanın Avropada mövqelərinin gücləndirməsi üçün Almaniya ilə sıx əməkdaşlıq edəcəyini gözləyir. Hər iki tərəfin post sovet məkanında və energetika sahəsində öz maraqlarına xidmət edən siyasət yürüdəcək. “Qazprom” isə Avropaya satdığı qazın qiymətində güzəştə getmək məcburiyyətinə qalacaq.

Ukraynada bu il ciddi siyasi təlatümlər yaşansa da ölkənin Rusiyadan iqtisadi və siyasi asılılığı davam edəcək. 2015-ci ildəki prezident seçkilərində Qərb Ukrayna müxalifətinə dəstək olsa da bu Putin hakimiyyətinin qonşusu üzərindəki təsirini azaltmayacaq.

Moldova və Gürcüstan isə Avropa Birliyi və Rusiya arasında əsas mübarizə meydanına çevriləcək. Ukraynaya göstərdiyi təzyiqi şimal qonşumuzun bu ölkələrə də göstərəcəyi istisna deyil.

2014-cü ilin sonlarından yeni enerji vasitələrindən istifadəyə başlayacaq Baltikyanı ölkələr isə şərq qonşularından müyyən qədər enerji müstəqilliyi qazanacaq. Bundan başqa hər üç dövlət NATO-dan təhlükəsizliklərinin təminatı ilə bağlı vədini yeniləməyi tələb edəcək.

Cənubi Qafqaz regionunda da Rusiyanın mövqeləri həm Azərbaycanda, həm də Ermənistanda zəifləməyəcək. Regional oyunçulardan Türkiyə Qarabağ münaqişəsinin həllində, İran isə sosial sahədə burada rol almaq istəsələr də rəsmi Moskva Qafqazda hegemonluğunu saxlayacaq.

Enerji ehtiyatları üçün müştəri axtarışında olan Rusiya Asiya-Sakit okean regionuna diqqət yönəldib. Artıq Asiyaya doğru neft kəməri çəkilir. Çinin Mərkəzi Asiya regionuna nüfuz etməsi Rusiyanı qıcıqlandıracaq. Amma əsas ticarət tərəfdaşlarından olan Çinlə açıq münaqişə onun planında yoxdur. Əvəzində Çinin regional rəqibləri Cənubi Koreya və Yaponiya ilə Rusiya arasında yaxınlaşma olacaq.

Kuril adaları ilə bağlı ərazi münaqişəsinin əhli isə Yaponiya-Rusiya münasibətlərinin yeni səviyyə qalxmasına səbəb olacaq. Enerji resurslarının Yaponiyaya idxalı və qarşılığında Rusiyaya yapon kapitalının cəlb olunması region uçun xeyirli olacaq.

ABŞ qoşunlarının Əfqanıstanı tərk etməsi ilə regionda gərginlik artacaq. “Əl-Qaidə və “Taliban” gücünü bərpa edəcək. Özbəkistan. Tacikistan və Qırğızıstan kimi ölkələrdə gərginlik artacaq. Bu gərginlik bütün regionu narahat edəcək. “Rusiya 2014-cü ildə qarşısına çıxan təhlükələri dəf etməyə hazır olmalıdır” –deyə “Stratfor” təşkilatının hesabatı tamamlanır.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti