8K videoformatı sınaqdan keçirildi

8K videoformatı sınaqdan keçirildi
  23 Yanvar 2014    Oxunub:1259
Yaponlar 8K formatında videomaterialın ötürülməsini sınaqdan keçirdi.
AzVision.az xəbər verir ki, Yaponiyanın NHK yayım şirkəti telesiqnalların verilməsi üçün istifadə olunan adi UHF-dalğalar vasitəsilə Super Hi-Vision 8K formatında videoməlumatların uzaq məsafəyə ötürülməsini sınaqdan keçirib.
Sınaq uğurla başa çatsa da, bu texnologiyanın inkişafı və tətbiqi üçün hələ uzun müddət tələb olunur. Şirkət 8K formatında tam yayıma 2020-ci ildə - Tokio Yay Olimpiya Oyunları vaxtı keçməyi planlaşdırır.
Hələlik isə NHK-nın “Science & Technology Research Laboratories” bölməsindən bildirmişlər ki, sınaq siqnalları şirkətin Yaponiyanın Kumamoto prefekturasının cənubunda yerləşən mənzil-qərargahından 27 kilometr məsafədə olan stansiyaya ötürülüb.
Hazırda belə sınaq dünyanın heç bir yerində aparılmadığı üçün NHK-da bunu milli teleyayımda irəliyə doğru böyük addım kimi yüksək qiymətləndirirlər.
Qeyd edək ki, 2012-ci ildə şirkət 8K siqnalını 4,2 kilometr məsafəyə ötürmüşdü.
NHK-dan bildirildiyinə görə, ultrayüksək dəqiqliyə malik 8K siqnallı video xüsusi avadanlığın köməyi ilə qeydə alınır. Bu format 7680x4320 piksel ölçüdə qeydə almağa imkan yaradır və bu fotoda 32 meqapikselə bərabərdir. Həmin format FullHD ilə müqayisədə 16 dəfə daha artıq keyfiyyətlidir. Bundan əlavə, 8K kinoteatrlarda multikanal (22,2 kanal) audiosistemin yaradılmasını nəzərdə tutur.

Bu formatda görüntünün göstərilməsinə gəlincə isə, hazırda dünyada onu nümayiş etdirə biləcək televizor yoxdur. Televiziya sənayesinin istehsal etdiyi ən yüksək format 4K-dır ki, bunu da əldə etmək hər alıcının imkanı daxilində deyildir.


Teqlər:





Xəbər lenti