İki milyonluq demokratiya - TƏHLİL

İki milyonluq demokratiya - TƏHLİL
  18 Mart 2013    Oxunub:2731
Jurnalist Eynulla Fətullayevin Milli Demokratiya İnstitutunun Azərbaycanda “Facebook” sosial şəbəkəsi vasitəsilə inqilab planlaşdırması layihəsinə 2 milyon dollar xərclədiyi barədə yazdığı yazı ölkə gündəmini dəyişdirib.
Mənim diqqət etdiyim birinci məqam Xədicə İsmayılın Eynulla Fətullayevi hövlənk “İşdən sonra” ya çağırması oldu. Xədicə xanım nə vəchlə olur-olsun Amerikaya qarşı fikirləri təkzib etməyı çalışırdı. Niyə təəccüblənirsiniz? Məgər bilmirsiniz ki, onun və çalışdığı radionun mövqeyi, statusu budur. Bu, onlar üçün ciddi məsələ olmasaydı reaksiya bel cəld olmazdı və Azadlıq Radiosunda yarım saat müzakirə edilməzdi. Atalar demişkən, od olmasa, tüstü çıxmaz. Qısaca, amerikalılar iki milyon pul verməyiblərsə, məni düşündürür, niyə axı reaksiyaları belə cəld və birbaşa oldu? Buna da başqa məsələlər kimi saxta (mənim üçün) amerikansayağı gülüb keçərdilər də.

Bunlar qalsın bir tərəfə, bir neçə daha vacib məqama baxaq. Xədicə İsmayıl deyirdi ki, Milli Demokratiya İnstitutunun proqramları yol, işıq, kommunal xidmət, parklar və bu kimi yerli infrastrukturu yaxşılaşdırmaq üçün yerli dialoqa kömək edib. Bu kimi infrastruktur məsələlərinin demokratiya institutunun fəaliyyəti ilə nə qədər əlaqəsi ola bilər? Məgər demokratiya institutun vəzifəsi yol və işıq çəkməkdir?

Sualın cavabını özüm verim. Çünki bu sualı Xədicə İsmayıla, ya da onun dostları olan Milli Demokratiya İnstitutunun əməkdaşlarına yönləndirsəm, onlar hər vəchlə birbaşa cavab verməkdən nəinki yayınacaqlar, heç cavab verməyəcəklər. Bakıda elə bir parka getmisinizmi ki, onu Milli Demokratiya İnstitutu qurub və ağaclar əkib? Hansı birimizinsə evinə amerikalılar işıq çəkib, ya da Aleks Qriqoryevs gəlib hansısa küçəyə və ya yola asfalt salıb. Mən görməmişəm, görən varsa desin.

Xədicə İsmayılla Eynulla Fətullayevin söhbətinin sonunda qalmaqal yarandı. Xədicə xanım Eynulla Fətullayevin sözünü kəsdi, çığıra-çığıra danışaraq ona fikirlərini deməkdə imkan vermədi. Ehtimal ki, Eynulla bəy daha bir neçə tutarlı fikir də deyəcəkdi. Amma Xədicə xanım səsi yetdiyincə çığırırdı.Və diqqət etdinizsə, bayaq dediyim amerikanlara xas olan saxta gülüş və ya gülümsəmə söhbətin əvvəlində Xədicə İsmayılovanın üzündə aydınca sezilirdi. Amma söhbətin sonuna yaxınlaşanda o, üzünə verdiyi o ifadəni axıradək qorumalı olduğunu unutdu və əslində gərgin olduğu bir anda ortaya çıxdı, lap sonda isə çığırırdı. Bu, psixoloji məqamdır, fikrimə inanmaq istəyənlər söhbətin videosuna diqqətlə baxmalıdırlar.

Amma belə baxanda, Eynulla Fətullayevin dediyi daha inandırıcı görünür. Ona görə ki, Amerikanların dediyi-bildiyi bir söz var: demokratiya. Hara gedirlərsə, özləri ilə apardıqları “yemək” də odur, ev sahibinə “hədiyyə”ləri də. Bu demokratiyanı onlar özləri üçün ölkələrində necə başa düşürlər, onu deyə bilmərəm, çünki Amerikada olmamışam. Amma amerikalıların son on ildə Şərq ölkələrinə gətirdiyi demokratiya “pay”ı odlu silahlar vasitəsilə, avtomatların gülləsindən, təyyarələrdən yayılıb: Siyahının əvvəlindəki iki ölkəyə - İraq və Əfqanıstanın amerikanların gəlişi ilə necə demokratikləşdiklərinin nümunəsində hər şey aydın ola bilər. Bombalanmış şəhərlər, dağılmış minlərlə evlər, yetim qalmış uşaqlar, dəli olmuş insanlar, şikəstlər, yaralılar, sayı-hesabı dəqiq məlum olmayan günahsız mülki şəxslərin meyidləri. Bunlar hamısı cəmi son on ildə Amerikanın qonaq gəldiyi Şərq ölkələrində pulsuz, hədiyyə kimi payladığı, hər evə, hər ailəyə verdiyi “demokratiya payı”dır.

İndi Şərqdə başqa neft ölkəsi qalmayıb axı, qalan bizik. Bu həm də nüfuz söhbətidir. İş başa çatdırılmalıdır. Azərbaycan, birmənalı olaraq Amerikapərəst siyasətin altını imzalamalıdır - bax Amerika üçün əsas olan budur. Bunun üçün hər bir şeyi edərlər, amma mən Eynulla Fətullayev kimi ehtimal yox, hətta iddia edə bilərəm ki, onlar lazım bildikdə məqsədə çatmaq üçün 2 milyonun yanına istədikləri qədər sıfır əlavə edə bilərlər.

Yekun olaraq bir məsələyə aydınlıq gətirim ki, məsələni ciddiyə almayanlar yanılırlar. Bəziləri bu söhbətlərdən sonra mətbuatda deyirlər ki, iki milyon gülünc rəqəmdir, yəni guya iki milyon çox azdır. Bunu deyərkən unudurlar ki, pulu alıb onların dedikləri işi görəcək adamlar gənclərdir. İnternet texnologiyalarından yaxşı başı çıxan, boş-boş mövzularda mütəxəssis kimi danışmağı bacaran, yeri gələndə intellektual görünməyə çalışan, lazım olanda vətənpərvər obrazına girən, kimin nə çaldığını başa düşmədən, daha ucadan eşitdiyi havanı oynayan, əslində heç bir işin sahibi olmayan, bekarçılıqdan başqa əllərindən bir iş gəlməyən gənclər. Onların vaxtı çox olur və kompüter qarşısında cəsarətli, enerjili olurlar. Minlərlə saxta facebook profilləri, hakimiyyət çevrilişi edən saysız-hesabsız səhifələr, qruplar, “event”lər buna sübut deyil? Gözünüzlə görmədiyiniz üçün inanmasanız da, Eynulla bəyin sözünü qəribçiliyə salmayın.

Əzəmət HƏSƏNOV


Teqlər:  





Xəbər lenti