AzVision-12 I "Kasıb-kusub"un xarici şoppinq dərdi- VİDEO

      AzVision-12 I    "Kasıb-kusub"un xarici şoppinq dərdi-    VİDEO
  27 Avqust 2020    Oxunub:27691
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik proqram formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
Verilişin 12-ci buraxılışının əsas mövzusu xaricdən onlayın alverə qoyulan limitlərlə bağlıdır.



Xoş gördük, əziz dostlar, baxanlar, paylaşanlar, bəyənənlər və bəyənməyənlər. Türkiyəli qardaşların sözü olmasın, gündəm çox yoğundur. Bir toyun səsi özündən sonra çıxır, digərininki özündən qabaq. Səsi özündən qabaq çıxan şəxsi istifadə üçün ölkəyə xaricdən gətirilən mallarla bağlı tətbiq edilən yeni qaydalardır. Bu qaydalar elə bir səs-küy doğurdu ki, ölkənin ən akademik toyunda çalınan trubanın səsini də batırdı. Elə biz də indi bu səs-küyü aydınlaşdırmağa çalışacağıq. Çalışacağıq – yəni mən və o – sayıq vətəndaş, sosial şəbəkə fəalı, bloger Demə Qoq . Artıq “Skype” ilə xəttdə olmalı idi, yəqin, başı xaricdən mal sifariş etməyə qarışıb.

Demə Qoq:
- Ehhh... Düzü, bü gün heç həvəsim yoxdur səninlə çənə-boğaza çıxmağa. Qanım “Canis lupus familiaris” qanıdır.
- Niyə?
- İmkan verirsiniz ki, kəsbkarlığımızı eləyək? Gül kimi xaricdən sifariş edirdik də özümüzə lazım olan malları. Niyə buna limit qoyulmalı idi axı? Sonra da deyirsiniz ki, “sosial şəbəkədə hökuməti pisləyirlər”. Bəs nə eləsinlər, durub tərifləsinlər? Niyə də, niyə mənim xaricdən nəsə almaq hüququm məhdudlaşdırılmalıdır, hə?!
- Nə deyirəm ki... Gəl, aydınlaşdıraq.

1. Xaricdən nə alırıq?

Düzü, özüm də bilmirəm haradan başlayım. Bu haqda öz təcrübəmə aid bir status yazmışdım, demək olar ki, hamı etiraz bildirdi. Ənənəmə sadiq qalaraq, etik çərçivələri aşanları blokladım – bizim istər real, istərsə də virtual həyatımızda elələrinə yer olmamalıdır; etik normalar daxilində əks fikir bildirənlərlə isə mübahisə etmədim, çünki o qədər şərhə cavab yazmağa fiziki olaraq vaxt çatdıra bilmərəm. Amma indi onlarla bir virtual mükalimə qurmağa çalışarıq. Demə Qoq, sən əks tərəfin təmsilçisi rolunu oynayarsanmı?

Demə Qoq:
- Burada bir dənə oynayan var, o da sənsən. Mən isə ortaya ciddi mövqe qoyuram!

Yarıyır. Amma əvvəlcə, bir sadə vətəndaş olaraq, özümün xarici sifarişlərdən necə istifdə etdiyimdən danışım. Mənim balaca qızım var. Onunla “Frozen” multfilminə baxandan sonra Elzanın paltarından istədi. Tapıb aldım. Sonra biz Disneyin “Ələddin”inə baxırdıq və bu dəfə qərara gəldik ki, Jasminin paltarından alaq. Uşaq paltarı və oyncağı satılan bütün mağazalara baxdım, tapmayanda ağlıma gəldi ki, xaricdən sifariş edim. “E-bay”də 19 dollara sifariş etdim. Bu, mənim xaricdən ilk və həmin ay son sifarişim idi. Növbəti ayda isə Disneyin başqa bir qəhrəmanı Rapunzelin paltarını sifariş etdim.
Xahiş edirəm, düz başa düşün. Niyə bunu danşıb, başınızı ağrıdıram?! Çünki mən öz adıma təsəvvür edə bilmirəm ki, xaircdən başqa nə sifariş edə bilərəm? Tam səmimi deyirəm, hətta axtardım ki, bəlkə özümün də xoşuma gələn nəsə bir maraqlı şey tapıb sifariş edim, sonra da danışanda göstərim ki, “bax, mən bunu internetdən sifariş edib, xaricdən gətizdirmişəm”, amma bir nəticəyə gələ bilmədim. “Ali Express”də isə düzdür, bəzi maraqlı şeylər var idi, amma onların özlərinin şippinq, yəni çatdırılma xərci malın öz qiymətindən o qədər bahadır ki, adamın almağa əli gəlmir. Beləliklə, mən hətta istəsəm belə, xaricdən sifariş edəcək nəsə tapmadım.

Demə Qoq:
- Bilirsən, nə var?! Burada özündən asket düzəltmə! Qorxuram ki, bu asketizmin axırında tərki-dünyalığa başlayb, çöllü-biyabana da düşərsən. Heç dəxli var, sən canıım?! Bunun alacağı bir şey yoxmuş! Gözüm aydın. Sən xaricdən heç nə istəmirsən, mən istəyirəm! Bizə baxanlar istəyir. Sən niyə hamını öz arşınınla ölçürsən axı?!
- Bir az yavaş etiraz etmək olarmı? Boğazım qurudu e... Məsələn, sən nə istəyirsən?
- Nə dəxli var? Lap tutaq ki, telefon! Hamıya lazım olası bir şey. Sən özün telefon işlətmirsən ki?!
- Telefonu ortalama 5-6 ildə bir dəfə dəyişirəm. Amma həmin o telefonları xaricdən gətirmək səbəbindən ölkənin büdcəsindən nə qədər vəsait yayınırmış, bax, bunu bilmək mənə həqiqətən maraqlı oldu. Təxmini 3-4 milyon manat təsəvvür edirdim. Ona görə də 70 milyon rəqəmini eşidəndə əvvəlcə qulağıma inanmadım. Və bu, hələ sadəcə, telefondur. Noutbukları, pal-paltarı və sair və ilaxırı – üzrlü sayın, sadalaya bilmirəm, çünki doğrudan, təsəvvürüm yoxdur ki, xaricdən nələri sifariş etmək olar,- bura əlavə edəndə yəqin ki, söhbət azı 400-500 milyon manata yaxın bir məbləğdən gedəcək. Yəni xaricdən poçtla sifariş edilib, gətirilən malların kölgəsində haradasa yarım milyard manata yaxın məbləğ dövr edirmiş.

Demə Qoq:
- O pulu büdcəyə qaytarmaq üçün bizim cibimizdən çıxarmalıdırlar ki?! Niyə mən xaricdən nəyisə ucuz gətizdirə biləcəyim halda, gedib burada mağazadan baha almalıyam ki?! Belə şey olar? Eyni şeyi burada ucuz satsınlar, biz də xaricdən gətirtməyək də! Kasıb-kusubu fikirləşmirlər e!

2. “Kasıb-kusub”un maraqları

- Çünki o mağaza həmin malı gətirəndə gömrükhaqqı, satanda vergi ödəyir. Bu pullar gedir dövlətin büdcəsinə. Sonra büdcədən sosial proqramlara ayrılır – yəni həmin o sənin dediyin kasıb-kusuba. Amma sən o pulu birbaşa məsələn, Amazona ödəyəndə, gedir Cef Bezosun, yaxud, AliExpressə ödəyəndə Cek Manın cibinə. Ceff Bezos və Cek Ma onsuz da milyarderdirlər, sənin pulun olmadan da keçinərlər. Amma Azərbaycanda sosial təminatı az olan insanların o pula ehtiyacı var. 300 dollar – 510 manat eləyir. Bu, Azərbaycanda orta əməkhaqqının az qala dörddə üçü deməkdir. Bir ayda xaricdən 510 manatlıq mal sifariş edən insana “kasıb” demək heç cür alınmır. Tam əksinə, sağlığına qismət, daha da çox olsun, köhnə arvadlar demişkən, Allah belə başından töksün, qoy, elə hər ay 300 dollarlıq alış-veriş eləsin, amma bundan artığını xəcləyəndə, gömrük və vergiləri də ödəsin ki, həmin pullar büdcəyə gedib, oradan dediyin o kasıb-kusuba yönəldilsin. Bax, əzizim, “kasıb-kusubu fikirləşmək” bu deməkdir.

Demə Qoq:
- Sən bəs başa düşürsən ki, bunula camaatın çörəyinə bais olunur? Xaricdən mal gətirdib, satmaqla dolanan nə qədər adam var idi e... İndi onlar nə edəcəklər?!

- Ağır söhbət oldu. Söhbət şəxsi istifadə üçün mal gətirməkdən gedir. “Şəxsi istifadə”. Ölkəyə satmaq üçün, yəni kommersiya məqsədilə mal gətirən onu qayda-qanunla gömrükdən keçirib, haqqını ödəməlidir. Yoxsa, təsəvvür edək ki, bir sahibkar satmağa qanuni yolla paltar gətirir, onun gömrük deklarasiyasını həyata keçirir, haqqını ödəyir. İkincisi isə “Trendyol”dan “şəxsi istifadə” adı ilə sifariş edir, gətirdib burada ucuz qiymətə satır. İndi burada kimə haqsızlıq edilir? Belə çıxır ki, xaricdən paltar, yaxud, telefon sifariş edib, burada satan şəxs həmin malı qayda-qanunla ölkyə gətirən, gömrük və vergi ödəyən sahibkarın çörəyinə bais olur, çünki ikincinin malı baha başa gəldiyi üçün əlində qalacaq.

3. Maraqlar konflikti

Demə Qoq
- Ay kişi, mənə nə? Burada mənim marağım odur ki, eyni malı daha ucuz qiymətə alım. Xərcim çox çıxmasın. Qalanı mənim işim deyil.

- Çox maraqlıdır: Əgər sən özün, yaxud, hansısa qohumun ölkəyə qanunu yolla, gömrükdən keçirməklə mal gətirsəydiniz, onda necə danışacaqdın? Onda belə deyəcəkdin ki, kimsə “şəxsi istifadə” adı ilə ölkəyə mal gətirib, ucuz qiymətə satır, haqsız rəqabət yaranır, biz və işçilərimiz çörəyimizdən oluruq. Bəs hökumət hara baxır?! Hökumət də baxdı və belə tənzimlədi ki, hər kəs özü üçün 510 manata qədər mal sifariş edə bilsin. Gətirdib, burada satmaq üçün yox. Şəxsi istifadə üçün əhalinin əksəriyyəti yəqin ki, internetdə bundan çox pul xərcləməyəcək.

Demə Qoq
- İşi düzgün görməyiblər axı. Niyə mən ayda ancaq bir dəfə sifariş edə bilərəm? Bəlkə ayın əvvəlində 10 dollara nəsə aldım. Ayın axırı gördüm ki, Amazonda yaxşı endirimlər var. Niyə limitimin qalanından istifadə edə bilməyim?
- Onda da həyat yoldaşının adına al.
- Mən subayam.
- Ağıllı adamsan. Onda qayınanın adına.
- Bərəkallah. “Subayam” dedim axı!
- Oy, bağışla. Nə bilim, kənddəki xalanın adına
- Bəlkə kənddəki xalam da ayın əvvəli nəsə alıb? Onda?
- Hə, bizim kənddəki xalalarımızın hamısının günü Amazonda və Trendyolda keçir axı... Çətindir.

Bilirsinizmi, bu cür mübahisəni sonsuza qədər uzatmaq olar, necə ki, sosial şəbəkədə elə uzanır da. Amma məsələnin başqa tərəfinə diqqəti cəmləşdirmək istəyirəm.
Bəli, geniş mənada götürəndə bu limit məsələsi hamımızın şəxsi maraqlarna ziddir. Hətta xaricdən adətən heç nə sifariş etməyən mənim də. Çünki sabah nəsə sifariş etmək lazım gələ bilər. Yəni fərd olaraq bəli, mənim də marağıma ziddir, sənin də, onun da...

Demə Qoq:
- Mənim də!

Hamımızın. Fərd olaraq hamımızın şəxsi marağına ziddir, təbii. Üstəlik, xaricdən sifariş olunan malların üzərində müxtəlif bizneslər quran insanlar da var, onların da marağına ziddir. Ona görə də, hamımız etiraz edirik. Amma bir məsələ var ki, bu halda bizim şəxsi maraqlarımız ictimai və dövlət maraqları ilə ziddiyyət təşkil edir.
Dövlətin maraqları budur ki, ölkəyə gətirilən bütün malların gömrük haqqı və vergisi ödənsin, ictimai maraq odur ki, o vəsaitlər büdcəyə cəlb olunub, bölüşdürülsün. Şəxsən bizə qalsa, məsələn, Əlavə Dəyər Vergisi maraqlarımıza uyğundur ki, bəyəm? Eyni məntiqlə demək olar ki, mən gedib evimə toyuq filesi alıramsa, niyə buna görə əlavə dəyər vergisi ödəməliyəm? Sabah referendum keçirib soruşsaq ki, “əlavə dəyər vergisi ləğv edilsinmi?”, hamı “hə” deyəcək. Çünki şəxsən heç kimin marağına uyğn deyil, amma ümumən ictimai maraqlara uyğundur.

4. Maraqların paradoksu

Belə bir paradoks da var. Bəzən bütün insanların maraqlarının mexaniki cəmi heç də xalqın marağını əmələ gətirmir. Bizim çatışmayan cəhətimiz odur ki, özümüzün və tanışlarımızın şəxsi maraqlarını nəzərə alırıq, ümumilikdə ölkənin isə yox. Halbuki, bu ikisinin arasında mütləq bir balans olmalıdır.

Demə Qoq:
- Hökumətin işi odur ki, xalqa xidmət göstərsin. Hökumət bunun üçün var. Əgər xalq onun qərarlarından razı qalmayacaqsa, onda hökumət nəyə lazımdır ki?!

- Əgər hökumətin bütün qərarları xalqı bütövlükdə razı salmaq istiqamətində olsa... ölkədə nələrin baş vercəyini təsəvvür etmək belə çətindir. Bu, təxminən “Qadir Bryüs” filmindəki kimi bir şey olar. Yadındadır da, orada Allah öz yerini bir günlük Cim Kerriyə verir ki, dünyanı idarə etməyin nə qədər çətin olduğunu başa salsın. O da nə qədər dualar və xahişlər varsa, hamısına “olsun” deyir. Nəticədə aləm qarışır bir-birinə. Məsələn, bir lotereyanı min nəfər udur.
Tutaq ki, biz hamımız nə istəyirik? Güclü və firavan dövlət. Ölkədə sosial imkanı aşağı olanların daha yaxşı yaşamasını. Əminəm, hamımız bunu istəyirik. Amma razıyıqmı ki, bu məqsədə nail olmaq üçün özümüzün alacağımız telefon 800 yox, 1000 manata başa gəlsin ki, həmin o əlavə hissə büdcəyə cəlb olunub, sosial vəziyyəti pis olanlara yönləndirilsin? Belə məlum olur ki, yox... Biz buna dərhal “cibimizə girmək” deyirik. Amma unuduruq ki, “dövlət” dediyimiz aparatın bir neçə ən vacib funksiyalarından biri də budur: Resursların ədaləti bölünməsini təmin etmək. Biz telefona 800 manat verməyə hazırıqsa, demək, bizim resurslarımız buna yetir; bu halda onların bir balaca hissəsinin də qanuni mexanizmlər vasitəsilə ehtiyacı olan insanlara yönəldilməsi həmin o böyük prosesin bir epizodudur.
Və ümumiyyətlə, biz bilməliyik ki, hökumətdə peşəkarlar işləyir, onlar ətraflı informasiyaların təhlili əsasında ölçülüb-biçilmiş qərarlar verirlər ki, təkcə istehlakçıların yox, daha geniş spektrdə maraqlar qorunsun. Demək ki, indiki dövrdə belə lazımdır. Biz axı bilmirik internet sifarişləri vasiəsilə xaricə nə qədər pullar axır, məsələn, bu vəsait ölkədə manata hansı infliyasiya təzyiqi yarada bilərmi, xarici sifarişlərlə rəqabət apara bilməyən yerli biznesin ziyana düşməsi nə qədər insanı işsizlik və digər sosial problemlə üzləşdirər... Biz məsələyə çox dar prizmadan baxırıq: öz cibimizin ağzından. Hamımız iqtisadçı ekspert olmağa məcbur deylik, amma bilməliyik ki, daha geniş bucaqdan baxıb, təhlil edənlərin belə qərar çıxarmaq üçün əsasları olub. Və sosial şəbəkədə bu qərarların üstünə səlib yürüşü təşkil etməyə deyil, onları anlayıb, izah və təbliğ etməyə çalışmalıyıq. Çünki birincini etməklə insanlarda öz hökumətlərinə qarşı haqsız kin oyatmaqdan başqa heç nəyə nail olmaq mümkün deyil.

5. Sağlam vətəndaş olaq!

Beləliklə, geniş mənada bütün bu müzakirələr şəxsi maraqlarla ictimai marağın toqquşmasının təzahüründən başqa bir şey deyil. Bu toqquşmanın başqa formaları da var və hazırda onun ən çox müşahidə edildiyi yerlərdən biri... avtobuslardır. Burada bəzilərinin maska taxmamaq, yaxud, maskanı çənəsinə salmaqla şəxsi komfortunu təmin etmək marağı cəmiyyətin sağlamlıq maraqları ilə toqquşur. Bu həftə həmin toqquşma hətta konfliktə də səbəb oldu.

Bundan başqa, bu həftə polis koronavirus xəstəsi ola-ola parkda gəzməyə çıxan bir nəfəri saxlayıb. Veriliş başlayandan bəri danışdığımız bütün bu mövzuların bir ümumi məxrəci var: Eqoizm. “Niyə mənim cibimdən artıq pul çıxmalıdır” deyə maliyyə eqoizmi, “Niyə başqaları yoluxa bilər deyə, mən rahat oturmayım ki” deyə şəxsi komfort eqoizmi və “Başqası yoluxacaqsa, canı cəhənnəmə, mən niyə gəzintimdən qalım?!” deyə əyləncə eqoizmi.
Sosial şəbəkədə belə bir psevdoideoloji xətt var ki, “xalqda işiniz olmasın, hünəriniz çatırsa, ya hakimiyyəti tənqid edin, ya da susun”. Bax, bu yanaşma artıq ciddi problemə çevrilmək üzəridir. Məsələ ondadır ki, gündəlik həyatımızda üzləşdiyimiz problemələrin 90-95 faizi artıq şiti çıxarılmış söhbətlərdən – məmurlardan, korrupsiyadan-filandan yox, sadə, heç bir vəzifəsi olmayan insanların vətəndaş nadanlığından, özündən başqa heç kimi, heç bir ictimai marağı nəzərə almaq istəməməsindən, vətəndaş tərbiyəsinin zəif olmasından doğur. Çox vacib bir nüansı deyim: Azərbaycanın hakimiyyəti özünü daha sürətlə islah və inkişaf etdirir, nəinki vətəndaşı. Bugünkü hökumətlə 10 il əvvəlki hökumətin arasında çox böyük fərq var: o, daha şəffafdır, açıqdır, çevikdir, effektivdir... Bəs bugünkü vətəndaşla 10 il əvvəlki vətəndaşın arasında necə, ciddi hiss olunan fərqlər varmı? O, daha mədəni, daha qayğıkeş, daha savadlı, daha vətənpərvər, bir sözlə, daha peşəkar vətəndaş olubmu? Cavabı sizin öhdənizə buraxıram. Amma əgər olmayıbsa, deməli, biz işimizi yaxşı görməmişik; deməli, siyasətbazları maarifçilərdən üstün tutmaqla yolu yanılmışıq... Azərbaycan hakimiyyətinin işinə görə kimlərisə günahlandıra biliriksə, Azərbaycan vətəndaşının keyfiyyətinə görə məsuliyyəti heç kimin üzərinə ata bilməyəcəyik. Hər mənada sağlam vətəndaş olmaq üçün çalışmaq lazımdır, hələlik isə möhkəm olun.




Teqlər: AzVision   Real-TV  





Xəbər lenti