Dilimiz necə qorunur? - Monitorinq Mərkəzinin rəhbəri ilə MÜSAHİBƏ

  Dilimiz necə qorunur?  - Monitorinq Mərkəzinin rəhbəri ilə  MÜSAHİBƏ
  13 Noyabr 2020    Oxunub:20001
“Aparıcılar arasında o qədər arxayınlıq yaranıb ki, heç bir qurumun onların fəaliyyətini məhdudlaşdıra bilməyəcəyini düşünürlər”
“Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Prezidentin 2018-ci il 1 noyabr tarixli fərmanına əsasən Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradılıb. Baş nazir tərəfindən Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Nizamnaməsi təsdiq edilib, Sevinc Əliyevə direktor təyin edilib.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyevanın Azvision.az-a müsahibəsini təqdim edirik:

- Monitorinq Mərkəzi nə vaxtdan fəaliyyətə başlayıb və əsas fəaliyyət istiqamətləri nədən ibarətdir?

- Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi 3 müxtəlif sahədə Azərbaycan dilinin düzgün tətbiqi ilə bağlı nəzarət mexanizmini həyata keçirəcək qurum olaraq yaradılıb. Monitorinq Mərkəzi 2013-ci ildə yaradılan Nəsimi adına Dilçilik İnstitutunun nəzdində olan Monitorinq şöbəsinin işini geniş, əhatəli şəkildə görəcək. Mərkəz oktyabrın 15-dən fəaliyyətə başlayıb.



- Monitorinq Mərkəzi bundan öncəki Monitorinq şöbəsindən nə ilə fərqlənir?

- Monitorinq şöbəsinin apardığı işlər yalnız tövsiyə və təklifləri qurumlara təqdim etməklə yekunlaşırdı. Bəzən təəssüf edirdik ki, bizim müəyyən nəzarət mexanizmimiz yoxdur. Amma düşünürdük ki, Mərkəzin fəaliyyəti bizim edə bilmədiklərimizi edəcək. Monitorinq Mərkəzi daha böyük səlahiyyətləri olan qurum kimi fəaliyyət göstərəcək. Mərkəz Kütləvi İnformasiya Vasitələrində, internet məkanında, reklam dayışıcılarında və digər sahələrdə Azərbaycan dilinin düzgün tətbiqi, saflığının qorunması ilə bağlı məsələləri icra edəcək. Monitorinqlərin sonunda müvafiq tövsiyə və təkliflər müəyyən xəbərdarlıq şəklində veriləcək. Daha sonra cərimə olacaq.



- Hansı hallarda cərimə tətbiq olunacaq?

- Monitorinq Mərkəzi Kütləvi İnformasiya Vasitələrində, internet resurslarında, sosial şəbəkələrdə dil qüsurları məsələsini ortaya qoyacaq, tövsiyələr verəcək, xəbərdarlıq edəcək. Bundan sonra cərimələrin tətbiqi labüd və zəruri olacaq. Cərimə dedikdə hər hansı aparıcını cərimələmək nəzərdə tutulmur. O aparıcını simasına çevirən, necə illər monitorinqlərin nəticəsində adları çəkilən aparıcıları hələ də sevə-sevə efirə çıxardan qurum rəhbərlərini cərimələyəcəyik.

Bizim məqsədimiz aparıcını, qurumu, reklam daşıyıcısını cərimə edərək büdcəyə gəlir əldə etmək deyil. Burada məqsəd insanları düzgün danışığa, yazılışa çağırmaqdır. 10 il ərzində aparılan monitorinqlərin nəticələri əsasında verilən tövsiyə və təkliflərə baxan azdır. Amma bir qurumun rəhbərini cərimə etsək, bundan nəticə çıxarıla bilər. Azərbaycan dilinin bütün məfhumları, fikirləri ifadə etmək üçün kifayət qədər imkanları var. Bu dili sadəcə sevmək və istifadə bacarığı əsas məsələdir.



- Nöqsanlar ən çox hansı sahələrdə aşkarlanır?

- Monitorinq şöbəsində fəaliyyət göstərərkən biz əvvəlcə xəbər proqramlarını monitorinq edirdik. Xəbər proqramları onsuz da ciddi verilişdir və orada informasiya ötürülərkən kənara çıxmalar az olur. Norma pozuntusuna ciddi şəkildə təsadüf etmirdik. Digər verilişlərdə hər hansı aparıcı 15-30 dəqiqəlik proqramı ərzində özünə auditoriya toplayır və birbaşa dilin təbliğatçısına çevrilir. Onun mədəniyyəti, müsahibi ilə danışığında hansı səviyyədə olması bir başqa, bizi narahat edən məsələ yerli-yersiz alınma sözlərdən istifadə etməsidir. Dilçiləri narahat edən məsələ həmin sözlərin Azərbaycan dilində qarşılığının olmasına baxmayaraq aparacıların yerli-yersiz alınma sözlərdən istifadə etməsidir. Bunu bəzən aparıcı özünün müəyyən səviyyə göstəricisi, başqa dil bilgisinin olduğunu göstərmək üçün istifadə edir. Aparıcılar arasında artıq o qədər arxayınlıq yaranıb ki, heç bir qurumun onların fəaliyyətini məhdudlaşdıra bilməyəcəyini düşünürlər. “Mən necə istəyirəm danışıram, nitqimi qururam” düşüncəsindədirlər.

Azərbaycan dili dünyanın zəngin dillərindən biridir, bunu dilçi kimi təsdiq edə bilərəm. Bu gün televiziyalarda problemləri dilə gətirməyimizin səbəbi onların ciddi təbliğat vasitəsi olmasıdır. Koronavirus pandemiyası və müharibə dövründə televiziya əsas informasiya mənbəyinə çevrildi. Hər kəs məlumatı televiziyadan almağa çalışırdı. Bu zaman aparıcıların peşəkarlıq məsələsi önəmlidir. Aparıcılar kifayət qədər səhvlərə yol verirlər. Onlar sanki öz evlərində oturub müsahibləri ilə məişət səviyyəsində söhbət edirlər. Bu yolverilməzdir. Leksik norma müxtəlif cəhətlərdə pozulur.



- Hazırda hansı sahənin fəaliyyəti monitorinq olunur?

- Biz hal-hazırda saytların monitorinqini aparırıq. 2 həftədir buna başlamışıq. Bütün saytlar müharibə bağlı xəbərləri çatdırır. Lakin saytlar hər hansı söz birləşməsini, sözü, cümləni müxtəlif formada, qüsurlarla verirlər. Özlərinin istədiyi sözləri yazılar, Azərbaycan dilində qarşılığının olduğunu bilə-bilə alınma sözlərdən istifadə edirlər. Bununla bağlı onlarla belə fakt var. Bəzən bir sayt xəbəri səhvlərlə verir, digəri onu götürüb heç bir müdaxilə etmədən eyni səhvlə verir. Biz bunu çox müşahidə edirik. Başa düşürəm ki, birinci növbədə saytlar məlumatı operativ formada vermək istəyir. Lakin bu zaman dilimizin gözəlliyi, düzgün çatdırılması necə olacaq? Bəzi xəbər saytlarının rəhbərləri məlumatı ilkin verəndən sonra emal etdiklərini və səhvləri düzəltdiklərini deyirlər. Bəzən biz bunun emalını görmürük, səhvlər də olduğu kimi qalır.

- Sonrakı mərhələdə hansı sahələr monitorinq olunacaq?

- Hər bir sahəni eyni vaxtda monitorinq etmək mümkün deyil. Biz saytların monitorinqi ilə işə başlamışıq. Monitorinqlər davam edir. Hazırda 2 şöbə fəaliyyət göstərir. Hər monitorinqin sonunda hesabatlar kitabça formasında nəşr olunacaq, ictimaiyyətə açıqlanacaq. Növbəti ayda televiziyaların monitoriqinə başlayacağıq.

- Daha sonra perspektivdə hansı işlərin həyata keçirilməsi nəzərdə tutulub?

- Mərkəzin tədbirlər planına gələcəkdə bir sıra məsələlər daxildir. Ayrı-ayrı bölmələr üzrə internet daşıyıcıları, reklam lövhələri, KİV, dərsliklər, kargüzarlıq, dublyajlar, musiqi ifaçıların ifa tərzindəki qüsurlar, filmlər, teleserialların dil mühiti monitorinqə cəlb olunacaq. Təbii ki, film və serialların dili başqadır. Lakin orada olduğu kimi verilən bayağı ifadələr böyüməkdə olan nəsli adət-ənənələrdən uzaqlaşdırır və bu, yolverilməzdir. Düşünürük ki, filmlərimiz dəyərlərin təbliğatçısı rolunu oynamalıdır. Bütün sahələrdə dilin düzgün tətbiqi bizim nəzərimizdədir.



Biz regionlarda Monitirinq Mərkəzinin nümayəndəliklərini yaratmaq istəyirik. Regionda dil məsələsinə nəzarət, nümayəndəliklərlə sıx əlaqə, treyninqlərin keçirilməsi nəzərdə tutulur. Həmçinin səfirliklərdə Azərbaycan dili kurslarının təşkil edilməsini də nəzərdə tuturuq. Çünki xaricdəki bəzi ailələr Azərbaycan dilində tədris olmadığı üçün bu dildən uzaqlaşırlar.

- Qloballaşan dünyada dilimizə yeni alınma sözlər də daxil olur. Bəzən dediyiniz kimi alınma sözlərdən qarşılığı ola-ola istifadə edilir. Bəs dilimiz yad təsirlərdən necə qorunacaq?

- Alınma sözlərin dildə adaptasiya prosesi var. Bizi narahat edən məsələ alınma sözün qarşılığı ola-ola ondan yerli-yersiz istifadə edilməsidir. Bu, qəbul edilməzdir. Lakin elə sözlər dilə gəlir ki, onlar yenidir. O sözün dildə qalmasını xalq tənzimləyir. Əgər həmin sözü xalq qəbul etməyəcəksə, ümumişlək olmayacaq, dilin lüğət tərkibinə daxil olmayacaq və tez zamanda gedəcək. Məsələn, “spiker” sözü dilimizə gəlsə də xalq onu qəbul etmədi. Onun əvəsinə "sədr" sözü dilimizdə qaldı. Biri də var ki, xalqın iqtisadi, siyasi, mədəni inkişaf dövründə dilimizə termin şəklində gələn sözlər. Bu sözlərə qarşılıq bir sözlə verilməli, sadə və uğurlu olmalıdır. Əks təqdirdə o söz işlənməyəcək və alınma söz olduğu kimi qalacaq.

- Monitorinqlə yanaşı hansı təklifləriniz olacaq?

- Müəyyən dövrdən sonra televiziyalarda, yazılı mediada gedən prosesləri müşahidə etdikcə, öz təkliflərimizi verəcəyik. Mərkəz tərəfindən ciddi mütəxəssislər, dilçilərlə müzakirələrdən sonra təkliflər hazırlanacaq. Bizim saytımız da istifadəyə veriləcək. Dəyişiklər, yeniliklər, hesabatlar burada mütəmadi təqdim olunacaq.

Aytən Zəhra
Foto Şahin Sərdarov

Azvision.az


Teqlər:





Xəbər lenti