Neft satışının artması benzin problemi yarada bilərmi? – TƏHLİL

Neft satışının artması benzin problemi yarada bilərmi? – TƏHLİL
  22 Fevral 2014    Oxunub:1644
Bəlli olduğu kimi Bakı-Novorossiysk boru kəməri vasitəsilə neft nəqlinin bərpası sahəsində uzun müddətdən bəri aparılan danışıqlar nəticəsində ARDNŞ ilə Rusiyanın “Transneft” şirkəti arasında yeni müqavilə imzalanıb. Müqavilənin qarşılıqlı faydalı kommersiya şərtləri əsasında imzalandığı və 2014-cü ildə Rusiya ərazisi ilə 1-1,5 milyon ton neft nəql olunacağı deyilir. Sözümüz bunda deyil.

Son vaxtlar Azərbaycanda xam neft və neft məhsulları istehsalı və satışı sahəsində elə ziddiyyətli proseslər yaranıb və ardıcıl “gözlənilməz” məlumatlar verilir ki, bu sahədə dərin təhlil apararaq dəqiq fikir söyləmək xeyli çətinləşib. Məlum olan budur ki, ölkədə xam neft hasilatının əvvəlki illərə nisbətən getdikcə azalması fonunda tərs kimi, daxildə neftdən alınan məhsullara tələbat durmadan artır. Və kənara xam neft ixrac etdiyimiz halda, xaricdən yavaş-yavaş neft məhsulları idxal etməyə hazırlaşırıq.

Bu baxımdan, Bakı-Novorossiysk boru kəməriylə neft nəqlinin bərpası ilə əlaqədar da ziddiyyət ortaya çıxır. Belə ki, daxildə neftdən alınan məhsullara tələbatın durmadan artmasına əsasən cari ildən Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) xam neft ixracını dayandıracağı bildirilmişdi. Başqa sözlə desək, ölkədə benzin başda olmaqla neft məhsullarına tələbatın 10 ildir ardıcıl artmasına və bunun hər il 10-11 % təşkil etməsinə bahəm, ARDNŞ-in bunların xaricə satışını azaltmağa başladığı məlum məsələ idi. Qurumun xaricə satdığı neft məhsullarını xüsusən, benzini də dayandıracağı isə aydın görünürdü.

ARDNŞ-in emal üzrə vitse-prezidenti David Məmmədov da bəyan etmişdi ki, 2013-cü ildə ölkədə benzinə olan tələbat 2012-ci ilə nisbətən 10,2 % artıb. “Bununla əlaqədar benzin ixracını dayandırmaq qərara alınıb. Çünki ARDNŞ-in vəzifəsi birinci növbədə daxili bazarın tələbatını ödəməkdir” - deyə, vitse-prezident keçən il bəyan etmişdi.

Ancaq məsələ bununla bitmirdi. İş onda idi ki, daxili bazarı yanacaq məhsullarıyla xüsusən, benzinlə təmin etmək üçün xam neft ixracının da dayandırılacağı bildirilmişdi. D. Məmmədov açıqlamasında şirkətin benzin istehsalını yalnız özünün hasil etdiyi neftlə artıra biləcəyindən 2014-cü ildən ixraca yönəldilən neftin də emal olunacağını söyləmişdi.

Bu, məntiqi görünürdü. O baxımdan ki, hasilatın enməsinin neft məhsulları istehsalına təsir edəcəyi qaçılmaz idi. Bundan əlavə, ölkədə fəaliyyət göstərən neftayırma zavodlarının ildə 7 milyon tondan bir az artıq emal gücünə malk olmaları fonunda ARDNŞ-in illik hasilat gücünün cəmi 8 milyon civarında təşkil etməsi də qurumun xammal ixracını dayandıracağını deməyə əsas verirdi.

Yeri gəlmişkən, 2013-cü ildə Neft Şirkəti 8,31 milyon ton neft hasil edib ki, 2012-ci ildə bu rəqəm 8,241 milyon ton neft təşkil edirdi. Bu da əvvəlki illə müqayisədə 69 min ton az deməkdir. Ötən il Azərbaycanın ümumi neft hasilatı isə 43,1 milyon ton təşkil edib. 2012-ci ildə isə bu rəqəm 43,0 milyon tona bərabər idi.

Odur ki, sual yaranır: keçən il ARDNŞ istiqamətində xam neft ixracının bu ildən dayandırılacağı bildirilsə də ARDNŞ ilə Rusiyanın “Transneft” şirkəti arasında imzalanan müqavilə nəylə əlaqədardır?

Başqa sözlə desək, ölkədə neftdən alınan məhsullara tələbatın durmadan artması və xüsusən də, benzin istehsalının yalnız Neft Şirkətinin hasil etdiyi xammalla artırıla biləcəyi fonunda, Bakı-Novorossiysk boru kəməri vasitəsilə 2014-cü il ərzində 1-1,5 milyon ton neft nəql olunacağı necə izah olana bilər?

Əlbəttə, Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlinin bərpa olunması müsbət hadisədir. Ölkəmiz xarici bazarlara neft nəqli sahəsində nə qədər şaxələnmiş imkana sahib olsa da, şimal marşrutu bunun əsas hissələrindən birini təşkil edir. Və Bakı-Novorossiyski həm də siyasi əhəmiyyət kəsb edir.

Ancaq daxili tələbatı ödəmək də əsas şərt sayılır. Bu il ARDNŞ emala 6,7 milyon ton xam neft göndərəcək ki, 2012-ci ildə bu rəqəm 6,2 milyon ton təşkil etmişdi. Keçən il 6,4 milyon ton neft emal olunduğu deyilir. Məlumdur ki, ARDNŞ-in hasil etdiyi neftdən kənar xammal müqavilə şərtlərinə əsasən birgə müəssisələrin ixrac öhdəliklərinin təmin olunmasına yönəldildiyindən emal oluna bilməz.

Bəs, ARDNŞ-in illik hasilat gücü yuxarıda qeyd etdiyimiz kimi cəmi 8 milyon ton civarında təşkil etdiyi halda, bunun 1-1,5 milyon tonu ixrac edilərsə, vəziyyət necə olacaq?

Bizcə, burada bəzi açıqlanmayan məqamlar vardır. Əvvəla, hasilat nə qədər sürətlə azalsa da mövcud emal infrastrukturumuz imkan verərsə daxili bazarı yanacaq məhsulları ilə təmin etmək hələ mümkündür. Yəni, elə məhz ARDNŞ-in öz vəsaiti hesabına həm sudan, həm də qurudan çıxardığı xammal yetərlidir. Təkrar edirik ki, emal zavodlarında yalnız ARDNŞ-in çıxardığı neft emal olunur.

D.Məmmədovun keçən ilin sonunda şirkətin benzin istehsalını yalnız özünün hasil etdiyi neftlə artıra biləcəyindən 2014-cü ildən ixraca yönəldilən xammalın da emal olunacağı fikrinə gəldikdə isə bu, çox güman, Bakı-Novorossiysk boru kəməri vasitəsilə nəqlin bərpası sahəsində aparılan danışıqların uzanmasına rəğmən, söylənilib.

Digər tərəfdən, Səngəçal terminalının şimalında, Qaradağ-Abşeron ərazisində əvvəl 2017-ci ilə nəzərdə tutulsa da, 2023-2025-ci illərdə tikilərək istifadəyə veriləcək yeni neft-qaz emalı kimya kompleksi istehsal gücümüzü artıracaq. Doğrudur, həmin kompleks hazır olduqdan sonra indiki zavodlar söküləcək və dəmir kimi satılaraq istifadə olunacaq. Ancaq indikindən xeyli artıq neft məhsullları istehsal edə biləcəyik.

Sual yaranır ki, hasilatın getdikcə daha sürətlə enəcəyi müqabilində bəs, o zaman hansı neftdən istifadə edəcəyik?

Əlbəttə, ARDNŞ-in hasil etdiyi nefti emala yönəltmədən əvvəl, ölkəyə zəruri yanacaq növlərinin, məsələn, bilavasitə benzinin idxalı məsələsini nəzərdən keçirmək və bunun səmərəsini hesablamaq pis olmazdı. Və bizcə bu, həm də daxili bazarda rəqabət yaratmaq baxımından məqsədəuyğun sayılmalıdır. Hətta ölkənin mövcud neft emalı kompleksinin gücündən maksimum istifadə etmək, həmçinin 2020-2021-ci illərə qədər daxili bazarda avtomobil benzininə olan tələbatı tam ödəmək məqsədilə istehsalı artırmaq istəyinə də uyğun olaraq, Rusiyadan və Qazaxıstandan neft ixracını məqbul saydığımızı yazmışdıq. Ona görə ki, Azərbaycan nefti keyfiyyətli olduğundan onu daxildə istehlak etmək əslində, düzgün deyil.

Ancaq bizi narahat edən bir ehtimal da mövcuddur. O da bundan ibarətdir ki, dəfələrlə vurğuladığımız kimi, dünya ölkələri iqtisadi cəhətdən iki yerə - xammal və istehsalçı ölkələrə bölündüklərindən bizim birinci qrupa aid olacağımız qorxusu var. Dünya bazarlarında neftin qiymət rəqslərindən həmişə onu ixrac edən ölkələrdən çox əslində, alıcılarını xeyir götürdüyü yaxşı məlumdur. Belə ki, neft alan ölkələrin istehsal malları daha yaxşı realizə olunduğu halda, əks tərəfə məxsus ölkələrdə hasiledicidən kənar demək olar, bütün istehsal “ölür”. Odur, daha bir sual yaranır ki, ölkəmiz kənar təzyiqlər vasitəsilə xammal təchizatçısı vəziyyətinə sürüklənmir ki?

Statistikaya görə, cari ilin yanvar ayında ölkədə neft məhsulları istehsalı həcmi 170,4 milyon manat olub ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 11,7 % azdır. Benzin 119,3 min ton istehsal olunmaqla müvafiq olaraq, 12,8 %, kerosin 60,5 min ton olmaqla 2,2, dizel 198,7 min tonla 17,4, bitum 18,0 min ton ilə 26,2 % azalıb.


Pərviz Heydərov
AzVision.az üçün




Teqlər:  





Xəbər lenti