28 il sonra Edillidə: Xocavəndin azad olunan kəndindən VİDEOREPORTAJ

  28 il sonra Edillidə:  Xocavəndin azad olunan kəndindən  VİDEOREPORTAJ
  15 Mart 2021    Oxunub:15626
İşğaldan azad edilmiş ərazilərdə növbəti səfərimiz Xocavənd rayonunun Edilli kəndinədir. Bu kənd təmiz havası və füsunkar təbiəti ilə göz oxşayır.
Qarabağ silsiləsinin cənub-şərq ətəyində yerləşən Edilli toponim qırğızların edilli tayfa adını özündə əks etdirir. Vaxtilə kənddə azərbaycanlılarla azsaylı ermənilər birgə yaşayıb.

1988-ci ildən başlayaraq Dağlıq Qarabağda erməni separatçıları azərbaycanlılara qarşı soyqırımlar törədiblər. O cümlədən, Edilli kəndində həmyerlilərimiz ermənilər tərəfindən amansız hücumlara məruz qalıb. İşğaldan əvvəl burada beynəmiləl məktəb olub.



Həmin məktəbdə azərbaycanlılarla yanaşı ermənilər birgə təhsil alıblar. 1989-cu ilin sentyabr ayında azərbaycanlı şagirdlər məktəbdən zorla qovulublar. Bir gün ərzində müəllim heyəti və uşaqlar buranı tərk etmək məcburiyyətində qalıblar. O zaman təhsil ocağına ermənilər rəhbərlik ediblər.



Həmin vaxt sözügedən məktəbdə təhsil alan Axullu kənd sakini Şaiq Aslanov bizimlə söhbətində həmyerlilərimizin başına gətirilən müsibətlərdən danışıb. Onun sözlərinə görə, 1989-cu ildə tədris ilinin birinci ayında azərbaycanlı uşaqlar və müəllimlər 1 saatın içində ermənilərin təzyiqi nəticəsində məktəbi tərk etmək məcburiyyətində qalıblar:

"10 il bu məktəbdə təhsil almışam. Bu məktəbin rəhbərliyi hər zaman erməni olurdu. Həmin dövrlərdə azərbaycanlı şagirdlər ermənilər tərəfindən təzyiqə məruz qalırdı. Onların bizə qarşı nifrəti var idi".

Düşmənin davam edən hücumları bir neçə il sonra kəndin işğalı ilə nəticələnib. Edilli kəndi Ermənistan silahlı qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilib. İşğal dövründə kənddə azərbaycanlılara məxsus tarixi abidələr, qəbiristanlıqlar və yaşayış yerləri ermənilər tərəfindən dağıdılıb.



15 oktyabr 2020-ci ildə Müzəffər Azərbaycan Ordusu kəndi işğaldan azad edib. Döyüşlər zamanı düşmən hərbçiləri evlərdə və məktəbdə gizlənərək oradan hərbi sığınacaq kimi istifadə ediblər. Bu səbəbdən həmin yerlərdə dağıntı izlərini görmək olar.

Edilidə azərbaycanlıların yaşadığı evlərin çoxu yararsız vəziyyətə salınıb. Yalnız bir neçə tikiliyə rast gəlmək olar ki, bunlar da sonradan ermənilər tərəfindən inşa edilib. Həmçinin, işğal dövründə ermənilər Edilidə özlərinə yeni məktəb binası da tikiblər.



Kənddə olduğumuz zamanı bir neçə evə baş çəkdik. Görünən o idi ki, işğaldan sonra ermənilər Edilidə yaşayıb, azərbaycanlılara məxsus olan nə varsa, hamısını mənimsəyiblər.

Müxbir: Anar Kəlbiyev
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Azvision.az


Teqlər: Xocavənd   Edilli   Kənd  





Xəbər lenti