AzVision: "Dəmir yumruq" ilə "döyüşdən sonra göstərilən yumruğ"un fərqi - VİDEO

      AzVision:    "Dəmir yumruq" ilə "döyüşdən sonra göstərilən yumruğ"un fərqi -    VİDEO
  18 Mart 2021    Oxunub:9410
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
Bu həftə dövlət başçımız ailə üzvlərilə birlikdə növbəti dəfə Qarabağa – azad olunmuş torpaqlara səfər etdi. Bu səfərin məzmununu şərti olaraq iki hissəyə ayırmaq olar – azad olunmuş torpaqların keçmişinə və gələcəyinə səyahət. Keçmişdən başlayaq.



1. İşğaldan qurtulan tarix

Bura vaxtilə Hadrut Rayon partiya komitəsinin binası olub. Tərk edilmiş binada köhnə sənədlərin arasında bir qeyd dəftəri var. Üstündə 1939-cu ilə qədər işlədilən əifba ilə yazılıb: “Kolxozların torpaqdan əbədilik faydalanması üçün Dövlət aktı”. Altında eyni sözlər erməni dilində təkrarlanır. Birinci, əsas dil isə göründüyü kimi, Azərbaycan dilidir. Beləliklə, sənədin özü dil açıb, şahidlik edir ki, Hadrutda ötən əsrin əvvəllərində əsas işlək dil, eyni zamanda, rəsmi dil hansı olub.
Səfər zamanı dövlət başçımız Hünərli və Tuğ kəndlərindəki iki Alban məbədində də oldu. Bu, çox önəmli məqamdır, çünki Qarabağın Alban məbədləri, ümumiyyətlə, Alban keçmişi gələcəkdə erməni ideologiyası və təbliğatı ilə mübarizədə bizim əlimizdəki əsas arqumentlərdən olmalıdır. Kəlbəcərdəki Xudavəng məbəd kompleksinin örənəyində gördük ki, ermənilər xristian məbədlərini bu torpaqlara olan iddialarının mənəvi əsasına çevirməyə çalışırlar. Halbuki, Qafqaz Albaniyasının xristianlığı ilə erməni xristianlığı arasında ciddi fərqlər olub. Bunu cənab prezidentin baş çəkdiyi məbədlərin vəziyyətindən də hiss etmək mümkündür – özlərininki saysalar, ermənilər onları bu günə qoymazdılar.
Qarşıdakı dövrdə bizim xristian keçmişimizi ciddi araşdırmağımız, öyrənməyimiz və sahib çıxmağımız lazımdır. Yayıldığı ilk əsrlərdə islam dininin xarakteri elə olub ki, o, özünə qədərki yerli dinlər, məzhəblər, adət-ənənələrlə yumşaq desək, bir qədər çətin yola gedib. Nəticədə biz əsrlər boyu islam dünyasının bir parçasına çevrildikcə, alban-xristian keçmişimizdən xeyli uzaq düşmüşük ki, yeni dövrdə ermənilər bundan bizə qarşı istifadə ediblər. İndi biz həmin tarixi yaxşı öyrənməli, imkan daxilində alban mədəniyyətini bugünümüzlə yaxınlaşdırmağa, bağlamağa çalışmalıyıq. Məsələn, niyə bəzi alban adlarını dirildərək, dövriyyəyə qaytarmaq mümkün olmasın ki?! Yaxud, alban mədəniyyətinin digər elementləri məişətimizə daxil edilməsin? Biz öz alban keçimizə daha çox yiyə durduqca, ermənilərin tarixi saxtalaşdırmaq imkanları da o miqyasda azalacaq.
Alban məbədləri bizim erkən orta əsrlər tariximizin yadigarıdırsa, Azıx mağarası qədim tariximizin – daş dövrünün şahidirir. Orta məktəbdən hər birimizin yaxşı tanıdığımız Azıx mağarasını Azərbaycan paleoentologiya elminin Kəbəsidir. Onun kəşfi də, öyrənilməsi də paleontologiyamızın “qızıl dövründə” - aktiv inkişaf etdiyi 50-60-cı illərdə bizim alimlərin xidməti olub. Azıxın azad edilməsi ilə sanki simvolik olaraq, keçmişimiz işğaldan qurtuldu, ərazimizlə yanaşı, tariximiz, paleontologiyamız bütövləşdi. Maraqlıdır ki, işğal dövründə ermənilər başqa ölkələrdən olan paleontoloqların da köməyilə burada araşdırmaları davam etdirsələr də, ideoloji baxımdan işlərinə yarayacaq heç nəyə nail ola bilməmişdilər, çünki Azıxın Quruçay mədəniyyətinin bir parçası olması, Damcılı və Daşsalahlı mağaraları ilə bənzərliyi onu Azərbaycanın paleontoloji kontekstindən çıxarmağa imkan vermir. Düşmən Azıxı ələ keçirsə də, sahiblənə bilməmişdi. Nəhayət, əsl sahibləri geri qayıtdılar.

2. Gələcəyə aparan yollar

Hər şey yoldan başlayır. Yol – hansısa ərazini məskunlaşdırmaq və abadlaşdırmaq üçün enerji ilə yanaşı, ən vacib infrastrukturdur. Ona görə də, dövlət başçımız səfər zamanı eyni zamanda bir neçə yolun təməlini qoymaqla, azad edilmiş torpaqların nəqliyyat xəritəsinin təxmini konturlarına aydınlıq gətirmiş oldu.
“Zəfər yolu” Füzulidən Şuşaya gedən qəhrəman əsgərimizin yolunu təkrarlayır sanki. Həmin yoldan bu həftə təməli qoyulan Füzuli-Hadrut xətti şaxələnərək, Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşəcək. O yolun da təməli həmçinin, bu səfər zamanı qoyuldu. Bunlar, geniş mənada azad edilmiş torpaqlardakı Böyük Quruculuğun təməlləri sayılmalıdır. Həmin yol Cəbrayıl rayonundan keçərək, Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur avtomobil yoluna birləşəcək. O Cəbrayıl ki, cəmi 9 ay əvvəl ermənilər ora yol çəkmək üçün böyük bir layihə hazırlamışdılar. Gəlin, yada salaq, keçən ilin iyun ayında yayılan xəbərlərdə nə deyilirdi: "Yeni yol Dağlıq Qarabağın cənub rayonlarını – Hadrut və Cəbrayılı Ermənistanın Sünik vilayətilə birləşdirəcək. Bu, Gorus-Xankəndi və Vardenis Ağdərə yolları ilə yanaşı, Ermənistanı Qarabağla birləşdirən üçüncü yol olacaq. Qarabağın sosial-iqtisadi inkişafı üçün bu yolun çox böyük əhəmiyyəti var. Qafan-Hadrut yolu yeni sosial-iqtisadi layihələrin həyata keçməsi və kənd təsərrüfatı baxımından önəmlidir. Azərbaycanın bu yolun çəkilişini pisləməsi münaqişənin həlli prosesinə ziyan gətirir".
Cəmi 9 ay əvvəl vəziyyət belə idi. Ermənilər Hadrut və Cəbrayıla yol çəkir, bunun sosial-iqtisadi əhəmiyyətini əsaslandırır, Azərbaycan isə onların bu hərəkətini ittiham edirdi. 9 ay sonra Hadruta və Cəbrayıla gedəcək yolların təməli qoyulur, amma... Azərbaycanın dövlət başçısının əli ilə. Möhtəşəmdir. Nə oldu, Paşinyan? Bəs Cəbrayıla yol çəkirdin?!

3. Əsəb savaşının bastionu

44 günlük Vətən Müharibəmiz zamanı informasiya cəbhəsində əsas döyüşlər məhz Hadrut uğrunda getmişdi. Biz artıq gedib Şuşaya çatmışdıq, amma ermənilər ciddi-cəhdlə Hadrutun verilmədiyini sübut etməyə çalışırdılar. “Vor Qonzo” kanalı və Semyon Peqov yəqin, hələ də məhz Hadrutla bağlı həyasızlıqlarına görə hamının yadındadır. Hadrut bizim üçün hər şeydən əlavə, bir də həmin dövrdə uğrunda xeyli əsəb sərf elədiyimizə görə əzizdir. Maraqlı, qəribə və gözəl günlər idi. Biz Hadrutu azad etmişdik, amma ermənilərin boynuna qoya bilmirdik. Bunu Prezident də yada saldı:
- Onu da deməliyəm ki, artıq Hadrut bizim əlimizdə olan zaman Ermənistan rəhbərliyi, rəsmi şəxslər və eyni zamanda, Ermənistanın dəyirmanına su tökən bəzi xarici jurnalistlər bəyan edirdilər ki, Hadrut ermənilərin əlindədir. Mən bu günə qədər başa düşə bilmirəm ki, Ermənistan rəhbərliyi nə üçün öz xalqını aldadırdı. Biz dəqiq bilirdik ki, Hadrut bizdədir. Biz bilirdik ki, artıq Ermənistan ordusu burada tamamilə məhv edilib və sağ qalan erməni hərbçilər buradan qorxaqcasına qaçıb dağlarda gizlənmişdilər. Hadrut tam bizdə idi. Ancaq bəzi xarici jurnalistlər bildirirdilər ki, guya Hadrut ermənilərin əlindədir.
Müharibənin taleyi baxımından Hadrutun böyük strateji əhəmiyyəti var idi. Cəbrayıldan sonra Hadrutu, məhz ondan sonra Füzuli şəhərini azad etmək Azərbaycan Ordusu komandanlığının ağılla düşünülmüş strateji planı idi. Bu, Füzulinin minimal itki ilə azad edilməsinə imkan yaratdı, çünki Hadrutun geri alınmasında sonra artıq Füzulini işğalda saxlamağın mənası qalmırdı. Bu, düşməni yeni dislokasiyaya məcbur edirdi, həmin vaxt isə Azərbaycan əsgəri gözlənilməyən yolla Şuşaya üz tuta bilmişdi. Hadrutda olarkən dövlət başçımız bu strateji vacib qəsəbənin düşməndən necə necə azad edilməsinin bəzi detallarını da xatırlatdı: "İlk növbədə, ətraf dağlar götürüldü. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi".

4. Hərbi təlim toqquşması

Bu həftə həm Azərbaycan, həm də Ermənistan eyni vaxtda genişmiqyaslı hərbi təlimlərə başladılar. Azərbaycan tərəfdən təlimlərdə 10 minə yaxın hərbçi, 100 tank və zirehli texnika vahidi, 200 raket və artilleriya qurğusu, hərbi aviasiya iştirak edib.
Ermənistan tərəfindən 7500 hərbçi və maraqlıdır ki, eynilə bizdəki kimi - 100 tank və zirehli texnika vahidi, 200 raket və artilleriya qurğusu, həmçinin, hava hücumundan müdafiə üçün 90 qurğu iştirak edib.
Maraqlıdır, müharibə yeni qurtarıb, anlaşmanın bəzi müddəaları hələ axıra qədər icra olunmayıb, bəs bu, nə güc göstərisidir belə?! Ermənistanın bunu etməsi xüsusilə gülməlidir, çünki əgər gücün varsa, bunu döyüşdə göstərməlisən. Müharibəni biabırçı şəkildə uduzub, sonra hərbi təlim keçirmək sanki davada möhkəm əzişdiriləndən sonra, qaçıb, qıraqda əzələ göstərərək, yumruq silkələməyə bənzəyir.
Bütün formal səbəb və izahları bir qırağa qoyaq, onlar aydındırlar. Amma sülh prosesinin getməli, kommunikasiyaların açılmalı olduğu bir dövrdə hər iki tərəf genişmiqyaslı hərbi təlim keçirirsə, bu, o deməkdir ki, yeni müharibə təhlükəsi hələ tam aradan qalxmayıb. Avropanın tarixi bizə onu öyrədir ki, əgər imzalanan müqavilə ədalətli deyilsə, gec-tez yeni müharibə labüdləşir. 10 noyabr anlaşmasını isə maraqlıdır ki, nə Azərbaycan cəmiyyəti tam adələtli sayır, nə də Ermənistan. Azərbaycan cəmiyyəti hesab edir ki, biz güclü və qalib tərəf kimi Qarabağ ermənilərinin sülh prosesi üçün ayrılmış vaxtda qondarma “dövlət” oyunları oynamasına dözməli deyilik. Erməni tərəf isə ənənəvi saxta tarix və ideologiyanın xəstə xumarlığından hələ bu qədər ağır şillədən sonra da ayıla bilməyib. Belə bir fonda hər iki tərəf eyni vaxtda mahiyyətcə güc nümayişi olan hərbi təlim keçirirsə, bu, sülh missiyasını gerçəkləşdirənlərin üzərində düşünməsi üçün ciddi məsələdir. Əgər Ermənistanın hərbi təlimləri daxili siyasi məqsəd daşımırsa, yəni, əhalinin emosiya və qorxularını sakitləşdirmək üçün keçirilmirsə, onda revanşizmin təzühürü kimi qiymətləndirilə bilər. Və bu, bir daha Azərbaycan prezidentinin sözlərini xatırladır ki, Ermənistan kimi faşist dövlətin ordusu olmamlıdır.
O da maraqlıdır ki, bu təlimlər ATƏT-in fəaliyyətdə olan sədri Ann Lindenin bölgəyə səfəri zamanına təsafüf edib. Onunla İrəvanda keçirdiyi görüş zamanı Paşinyan deyib ki, Qarabağ münaqişəsinin nizamlanması ancaq ATƏT-in Minsk qrupu çərçivəsində getməlidir. Yenə də öz müqəddəratını təyin etmə, filan-bəsməkan kimi hamının qulaqlarını qaşındıran köhnə, bezdirici söhbətlər aparılıb. Azərbaycanın məsələyə yanaşması isə belədir ki, artıq “Qarabağ münaqişəsi” deyilən bir şey qalmayıb ki, onun həllinin də hansısa çərçivəsi olsun. Qarabağ münaqişəsi yoxdur, vəssalam. Əgər Ermənistan əksini təkid edəcəksə, bu, yenidən çözümü olmayan sonsuz prosesə, o da öz növbəsində yeni müharibəyə gətirib çıxara bilər. Hər hansı bir yeni müharibə isə Rusiyanın sülhməramlı kimi nüfuzna böyük zərbə olacaq. İstisna deyil ki, hazırda məhz bunun üçün çalışan qüvvələr də var.

5. Erməni nərdtaxtası

Biz əvvəlki verilişlərdə Ermənistanda Rusiya-Amerika qarşıdurmasının tədricən açıq müstəviyə keçməsindən danışmışdıq. Bu həftə nəticələri açıqlanan bir sorğu da dolayısı ilə bunu təsdiqlədi. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, yəni USAİD-in dəstəyilə Beynəlxalq Respublikaçılar İnstitutunun keçirdiyi sorğuda respondentlərdən soruşulub ki, əgər gələn bazar parlament seçkisi keçirilsə, kimə səs verərdiniz? Açıqlanan nəticələrə görə 42 faiz “heç kimə” deyib. Bu aydındır, bunu qırağa qoyuruq. 33% Paşinyanın “Mənim addımım” hərəkatını dəstəkləyir, rusiyapərəst qüvvələr kimi tanınan Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyasına 3%, Robert Koçaryana isə 2% səs verərmiş. Qalan hamı 1 faizdən az toplayıb. Bu, sorğudan çox, Ermənistandakı fiqurlarının elə də təsir imkanlarının və çəkisinin olmadığını Rusiyaya nümayiş etdirmək cəhdidir. Sanki ABŞ-ın siyasi institutları bu sorğu ilə Moskvaya “sakitləş, hər şeyi özün təklikdə həll edə bilməzsən” mesajını verirlər.
Seçkinin özünə gəlincə, onun mayda, yaxud, iyunda keçirilə biləcəyi haqda fikirlər səsləndirilir. Amma niyə? Əgər Paşinyan yenə də qalib gələcəksə, müxalifət də bunu başa düşürsə, təbii ki, onlar razılaşmayaraq, Paşinyanın istefası tələbilə mitinqləri davam etdirəcəklər. Vazgen Manukyan da ona görə bəyan edib ki, əgər Paşinyan seçki elan etsə, onun hökumətini seçkiyə qədər devirmək lazımdır. Yəni, seçki keçirsə də Paşinyanı devirmək lazımdır, keçirməsə də. Bir sözlə, dəlixana. Böhran davam edir.

6. İkili barbarlıq standartları

Ermənilər neçə vaxtdır ki, Azərbaycan əsgərinin azad etdiyi torpaqlardakı az qala hər addımını hay-küylə “vəhşilik”, “barbarlıq” kimi çığır-bağırlarla dünyaya car çəkirlər. Qoymayın, “filan yerdə lövhəni çıxardılar”, ay nə bilim, “filan yerdə büstü aşırdılar”... Qalib əsgərin öz torpağında qanunsuz qoyulmuş hansısa lövhəni çıxarmaq və ya büstü aşırmaq şövqünü anlamaq mümkündür. Qəribəsi odur ki, bəzi xarici dövlətlər də bu məsələdə ermənilərə züy tuturlar. Məsələn, Rusiya XİN-in sözçüsü Şuşada Stepanyanın büstünə qarşı edilən hansısa hərəkətlərə münasibət bildirib.
Amma, əgər bu barbarlıqdırsa və buna münasibət bildirmək lazımdırsa, yaxşı, bəs bütöv şəhər və kəndlərin yer üzündən silinməsi nədir və buna niyə heç kim münasibət bildirmir? Mənasız bir büstün aşırılmasına görə narahatlıq keçirmək olar, məsələn, bütün Ağdam şəhərinə görə yox?
İstər Ağdam, istər Füzuli elə vəziyyətdədirlər ki, adətən kinoda nüvə müharibəsindən sonra qalan dağıntıları belə təsvir edirlər. Fəqət Qarabağın şəhər və kəndlərinin taleyi göstərir ki, dünyada nüvə silahından da dəhşətli dağıdıcı qüvvə var: Bu, özünü sivil və mədəni göstərən, imkan düşəndə isə yırtıcı naturası vulkan kimi püskürən qruplardır. Konkret bu halda ermənilər. Paradoks budur ki, məsələn, ağdamı, ya Füzulini müharibə dağıdıb, amma onlar müharibədən dağılmayıblar. Burada erməni naturasının nüvə partlayışı baş verib. Və erməni xasiyyətinin radiasiyası xarabaya çevrib yaşayış məntəqələrini.
Buna münasiət bildirməyənlər hansısa büstün aşırılmasını pisləyirlərsə, o deməkdir ki, ideoloji müharibə cəbhəsində görüləcək hələ çox işlər var. Səbrli, əzmli və möhkəm olmaq lazımdır. Möhkəm olun!



Teqlər: AzVision   Real-TV  





Xəbər lenti