Reyqanın gündəliyindəki Qarabağ qeydləri- ARAŞDIRMA

Reyqanın gündəliyindəki Qarabağ qeydləri- ARAŞDIRMA
  26 Fevral 2014    Oxunub:2675
“…Cümə günü. 26 fevral 1988.
…Sovetlər və ermənilər arasında narahatlıq yaşanır. Ermənilər müstəqillik istəyir.”


Bu qeydlər ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın gündəliyindən götürülüb. Və həmin gündəlik (The Reagan Diaries) 2007-ci ildə Vaşinqtonda nəşr edilib.
Deməli, Amerika Birləşmiş Ştatlarının prezidenti Qarabağ münaqişəsinin başlanmasından xəbərdar olub: “Ermənilər müstəqillik istəyir” formasında...

Bizim bildiklərimiz və bilmədiklərimiz

Bəs Azərbaycanlılar nə istəyir?

O vaxt bunu Reyqan bilməyib və ya bilmək istəməyib. Əvəzində ermənilərin nə istədiyindən dərhal xəbər tutub. Amma biz ermənilərin nə istədiyini gec, çox gec bilmişik. Yalnız 1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputataları Sovetinin ssesiyasında vilayətin Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar qəbul ediləndən sonra yada salmışıq ki, onların əbədi və əzəli bir Qarabağ iddiası var...

Və onu da bilməmişik ki, bundan əvvəl - həmin il fevralın 12-də ermənilər DQMV-də gizli fəaliyyət göstərən millətçi “Krunk”un təşkilatçılığı ilə Xankəndində ilk dəfə mitinq keçiriblər.

Sən demə, bundan daha əvvəl - 1988-ci il yanvarın 8-də Ermənistandan bir nümayəndə heyəti Moskvaya səfər edərək DQMV-nin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi haqqında hazırlanmış müraciəti və toplanmış imzaları SSRİ Ali Soveti sədrinin müavini P.Demiçevə təqdim eidblər...

Bütün bunlardan da daha əvvəl - 1987-ci ilin oktyabrında Sov.İKP MK plenumunda Heydər Əliyevin tutduğu vəzifələrdən istefa verdiyini isə tez eşitmişik. Çünki bu barədə rəsmi məlumat verilib. Nə qədər qəribə olsa da o vaxt bu xəbərə Bakıda sevinənlər də tapılıb. Amma onda bu istefadan sonra nələr baş verəcəyini pronozlaşdırmaq heç kimin ağlına gəlməyib. Proses isə bizim istəyimizdən asılı olmayaraq başlayıb...

Bu proses necə başlayıb?

Heydər Əliyevin istefasından bir neçə gün sonra M.Qorbaçovun müşaviri A.Aqanbeqyan Parisdə “İnterkontinental” otelində xarici jurnalistlərə müsahibə verib. Və həmin müsahibədə müşavir DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olduğunu və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan edib.
Biz bu informasiyadan da xəbərsiz qalmışıq.

Həmin il noyabrın 18-də Aqanbeqyanın müsahibəsi “L’ Humanite” qəzetində çap olunur və sanki bununla dünya ermənilərinə siqnal verilir...
Və Yerevanda bu iddia ilə tələbə nümayşləri başlanır.
Bütün bunlar barədə də çox sonralar eşitmişik, oxumuşuq....
Amma Amerikada bu proseslər izlənilib, öyrənilib...

Görünür, tarixi sualı vermək vaxtıdır: Amerika Birləşmiş Ştatlarının rəsmi dairələri Dağlıq Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub?



Bu suala cavab axtarmağa bir neçə il bundan əvvəl ABŞ-da uzunmüddətli səfərdə olarkən başlamışdım. Və bu ideya məşhur Amerikan politoloqu Zbiqnev Bzejinskinin çıxış etdiyi bir tədbirdə ağlıma gəlmişdi. Bzejinski Qarabağ münaqişəsinin həllinə dair qeyri-nikbin proqnoz versə də…

Reyqan Qarabağ münaqişəsindən necə xəbər tutub?

88-ci ilin 26 fevralında Ronald Reyqanın bloknotuna yazdığı yuxarıdakı kiçik qeyd sübut edir ki, o vaxt Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilərin başladığı etiraz aksiyaları barədə Amerikanın prezidentinə vaxtında məlumat verilib və prezident bu barədə gündəliyində müvafiq qeyd aparıb.
Ronald Reyqan isə o Amerika prezidentidir ki, SSRİ-nin dağılmasına, SSRİ xalqlarının müstəqillik qazanmasına əvvəlki prezidentlərdən daha çox vaxt və güc sərf eləyib, hətta ötən əsrin 80-ci illərində SSRİ-ni açıq-aşkar “şər imperiyası” adlandırmaqla tarixə düşüb. Və belə bir prezident o dövrdə ermənilərin Azərbaycana qarşı torpaq iddiası barədə yox, məhz müstəqillik iddiası barədə məlumatlandırılıb...

Ronald Reyqan gündəlikdə belə bir qeyd yazandan sonra nə kimi addımlar atıb, hansı tədbirləri görüb, deyə bilmərəm. Daha doğrusu, o dövrdə Amerika hökuməti münaqişə ilə əlaqədar hər hansı açıq tədbir görməyib, rəsmi bəyanat verməyib.
Amma elə həmin il sentyabr ayının 18-də o vaxtkı Stepanakertdə - indiki Xankəndidə yaşayan Azərbaycan əhalisinin yaşadığı evlərə ermənilərin kütləvi basqınları başlayıb, Azərbaycanlılar oradan çıxarılıb və yalnız üç gün sonra – 1988-ci il sentyabrın 21-də SSRİ hökuməti şəhərdə xüsusi vəziyyət elan edib.
R.Reyqan, görünür, bu barədə də məlumatlandırılıb.

Prezidentin gündəliyindən:
“...Çərşənbə, 21 sentyabr 1988.
...Haitinin yeni hökumətində biri istisna olmaqla qalanlar mülki şəxslərdir.
Azərbaycan və ermənilər arasında silahlı toqquşma baş verib”.


Deməli, Amerikadan çox-çox uzaqlarda yerləşən Xankəndidə baş verən qırğınlardan bu dövlətin başçısı elə həmin günlərdə xəbər tutub, amma sadəcə iki xalq arasında toqquşma kimi xəbər tutub, Azərbaycanlıların evlərinin talan olunmasından, şəhərdən çıxarılmasından xəbər tutmayıb və ya tutmaq istəməyib...
Niyə?
Bu suala cavab vermək üçün R.Reyqanın gündəliyinin bir az əvvəlki səhifələrinə qayıtmağa ehtiyac var:

“...Bazar ertəsi, 26 oktyabr 1987.
...Konqresin rəhbərliyi ilə büdcəyə dair söhbətim oldu.
Erməni kilsəsinin keşişi ilə qısa görüş keçirdim. Ağ evə qayıtdım və beş xarici televiziya jurnalistinə müsahibə verdim”.




Bu qeydlərin yazıldığı tarixə diqqət edin: “26 oktyabr 1987. Erməni kilsəsinin keşişi ilə qısa görüş keçirdim”.

Bu, həmin oktyabrdır ki, Heydər Əliyev Moskvada tutduğu yüksək vəzifədən – Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən istefa verməli olmuş, bütün vəzifələrdən kənarlaşdırılmışdı.

Bu həmin oktyabrdır ki, Yerevandakı Puşkin adına parkda “Qarabağ” komitəsinin torpaq iddiası ilə bağlı ilk mitinqi keçirilmişdi...
Və həmin oktyabr günlərində ABŞ-da fəaliyyət göstərən erməni kilsəsinin başçısı, nəhayət, prezidentlə görüşə bilmişdi...

Yuxarıda xatırladılan faktlardan sonra erməni keşişinin Amerika prezidenti ilə hansı mövzuda danışdığını təsəvvür eləmək çətin deyil. Çünki həmin oktyabr günlərində A.Aqanbeqyanın Fransada dedikləri bütün ermənilərin, o cümlədən erməni kilsəsinin “başlıca qayğısı”nın Qarabağ iddiası olduğunu sübut edir...

Təəssüf ki, 87-ci ilin həmin oktyabr günlərində ermənilərdən fərqli olaraq, Amerika Birləşmiş Ştatlarında bizim nə Azərbaycanın maraqlarını müdafiə edən bir din xadimimiz, nə də normal diaspor təşkilatımız var idi...

Ona görə də, Amerikada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə bilgilər bizim xeyrimizə deyildi və deyəsən heç sonrakı illərdə də uzun müddət bizim xeyrimizə olmayıb...

Amerika ekspertləri nə düşünür?

Bir neçə il əvvəl Vaşinqtonda olduğum günlərdə bu suala cavab tapmaq üçün Qarabağ problemi ilə məşğul olan tanınmış ekspertlərlə görüşmək qərarına gəlmişdim. Və ilk görüşmək istədiyim ekspert Tomas De Vaal olmuşdu. Çünki Tomas dəfələrlə münaqişə bölgəsində olmuş, münaqişənin tarixini öyrənmiş, nəhayət, “Qara bağ” (Black Garden: Armenia and Azerbaijan Through Peace and War) adlı kitab nəşr etdirmişdi.

Amma qısa araşdırmadan sonra məlum olmuşdu ki, Vaşinqtondakı məşhur Kornegi Fondunun eksperti Tomas De Vaalla görüşmək o qədər də asan iş deyil. Elektron poçt vasitəsilə yazışmalar nəticə vermədi. Tanınmış ekspert qrafikinin sıx olduğunu əsas gətirərək Azərbaycanlı jurnalistlə görüşməkdən qəti şəkildə boyun qaçırdı. Lakin mən də bu görüşün baş tutması üçün yollar axtarmaqda davam elədim və sınaqdan çıxmış Azərbaycan variantı – tanışlardan istifadə etmək variantı köməyimə çatdı.

Corc Meyson Universitetində konfliktologiya üzrə tanınmış mütəxəssislərdən biri ilə görüş zamanı onun Tomas De Vaalla isti münasibətləri olduğunu hiss edən kimi fikrimi bildirdim. Və həmin konfliktoloqun məsələyə müdaxiləsindən sonra Tomas De Vaalla görüş vaxtı təyin edildi və həmin saatda Amerikalı gənc operatorla Kornegi Fondunun qapısını döyməli olduq.

Amerikanın tanınmış “beyin mərkəzləri”ndən olan Karnegi Fondu 1910-cu ildə yaradılıb. O dövrün tanınmış iş adamı Əndryü Karnegi o vaxt beynəlxalq münasibətlər sahəsində müstəqil tədqiqatlar aparmaq məqsədilə 1,5 milyon dollar vəsaitindən keçib və tam adı “Beynəlxalq Sülh Naminə Kornegi Fondu” olan “beyin mərkəzi” formalaşıb. Yüz ildən çox iş təcrübəsi olan Fondun müxtəlif beynəlxalq problemlər, ayrı-ayrı münaqişələr mövzusunda hazırladığı rəylər rəsmi Ağ evin xarici siyasətinə indinin özündə də bu və ya digər dərəcədə təsirsiz qalmır...

Vədələşdiyimiz vaxt Tomasın kabinetinə girəndə o, artıq Amerikalılara məxsus ənənəvi kofe fincanını süzüb çəklişə hazır olduğunu bildirdi və yeganə sualı bu oldu:
- Söhbət hansı dildə olacaq – ingilis, yoxsa rus?
- Rus dilində olsa daha yaxşıdır,
- mən dedim.
- Problem yoxdur...

Tomas De Vaal münaqişə barədə çox danışdı, demək olar ki, bütün suallarımı cavablandırdı, amma bir az diplomatik danışdı: “Qarşılıqlı məqbul variantların axtarılması lazımdır. Məncə, belə variantlar var. Həqiqətən də Qarabağ həm Azərbaycanlılar, həm də ermənilər üçün xüsusi əhəmiyyət kəsb edir”.
Bir də: “Bu ölkələr (Azərbaycan və Ermənistan – M.H.) müstəqil dövlətlərdir, öz gələcəklərini də özləri həll etməlidir”.

Mən Rusiya faktorunu xatırlatmaq istəyəndə: “Siz Rusiya faktorunu şişirdirsiniz, məncə”,- deyib? mövzunu dəyişdi: “Minsk qrupunda peşəkar əməkdaşlıq var. Mən Qarabağ məsələsində Moskva ilə Vaşinqtonun mövqeyi arasında böyük ziddiyyət görmürəm”,- dedi.

Başqa bir “beyin mərkəzi”nin - Vaşinqtondakı Orta Şərq Siyasəti Şurasının eksperti, professor Mark Kətz isə Fransa və Almaniya arasında tarixən dörd müharibə olduğunu xatırladaraq “tarixdə oxşar münaqişələrin həllinin şahidi olmuşuq”,- deyə söhbətə nikbinlik qatmağa çalışdı. Və həmin münaqişənin həllində Amerika və NATO-nun xüsusi rol oynadığını xatırlatdı.

Bəs indi nə olub? Amerika və NATO Dağlıq Qarabağ münaqişəsinin həllində niyə xüsusi rol oynamır və ya oynamaq istəmir?

Bizə çatanda... hətta Zbiqnev Bzejinski də problemin tərəflərin özünün həll etməli olduğunu vurğuladı: “Üçüncü dövlətlərin təsiri, köməyi labüddür. Amma əsas rol iki dövləin üzərinə düşür – Ermənistanın və Azərbaycanın”.

Məlumat üçün bildirim ki, Z.Bzejinski ötən əsrin 90-cı illərində Bill Klintonun şəxsi nümayəndəsi kimi bir neçə dəfə Bakıda rəsmi səfərdə olub, Heydər Əliyevlə dəfələrlə müzakirələr aparıb, bir sözlə, Dağlıq Qarabağ münaqişəsi ilə kifayət qədər yaxından tanış ola bilib.

Ona görə də mənim Vaşinqtonda iştirak etdiyim bir görüşdə Qarabağ münaqişəsi barədə suala cavabı dəqiq yadımdadır: “Mən Vaşinqtondan bu məsələ ilə bağlı detallı bir formula, həll yolu göstərmək istəmirəm. Burada bir çox məqamlar nəzərə alınmalıdır. Mümkündür ki, bu məsələ mərhələli şəkildə həll olunsun”.

Reallıq isə ondan ibarətdir ki, “bu məsələ” nə mərhələli, nə də mərhələsiz şəkildə həll olunur. Çünki biz əvvəldən, hələ 90-cı illərdən dünyanın, xüsusən super güclərin diqqətini bu problemə yönəldə bilməmişik...

Müsəllim Həsənov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti