AzVision: Avropa qapanır, biz qorxmuruq - VİDEO

      AzVision:    Avropa qapanır, biz qorxmuruq -    VİDEO
  25 Mart 2021    Oxunub:14173
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
Bayram günləri olduğunu nəzərə alaraq, çox da qatılaşdırmadan tanınmış bloger, influenser Demə Qoq ilə dinc, mehriban qonşuluq şəraitində bu mövzuları saf-çürük etməyə çalışacağıq:
- “Üçüncü dalğa”: Niyə bütün Avropa qapandığı halda, biz onu vecimizə almadıq
- Türkiyə və Rusiya valyutalarının eyni vaxtda ucuzlaşması hansı qlobal problemə işarə sayılmalıdır
- Möhkəm durub, gedənlər. Erməni qoşunlarının Qarabağdan çıxması nəyin başlanğıcıdır
- Dil Pəhləvanları. Xaricdəki səkkiz bloger birləşəndə, Azərbaycanda ortaya nə çıxır
- Göstərir Erməni radiosu, yaxud, mərdüməzar qonşu nə vaxt gülməli görünür.




1. “Üçüncü dalğa”

“Üçüncü dalğa”. Hazırda dünyanın gündəmindəki və dilindəki əsas sözlərdən biri məhz budur. Koronavirus pandemiyasının dinamikasında son günlərdə müşahidə olunan artım Avropada məhz üçüncü dalğa kimi qəbul olunur. Ayrı-ayrı ölkələr bunu rəsmən elə bu cür də adlandırırlar. Avropa ölkələri karantini sərtləşdirir, bunu üçüncü dalğanın əsasında duran “Britaniya ştammı”nın təhlükəsilə əsaslandırırlar. “Britaniya ştammı” 3 dəfə daha yoluxucudur, üstəlik, inkubasiya dövrü qısadır – 3 gün. O, nisbətən gənc insanlara – 30-40 yaş arasında olanlara daha asan yoluxur və demək olar ki, simptomsuz keçmir. Azərbaycanda da ötən həftə “Britaniya ştammı”nın tapıldığı elan ediləndən sonra yoluxma sayı artaraq, dünən 1300-ü keçdi, ən pisi odur ki, ölüm sayları da çoxalmaqdadır. Azərbaycan kimi ölkə üçün gündə 20-yə yaxın ölüm kifayət qədər ciddi rəqəmdir. Amma maraqlısı odur ki, cəmiyyət bundan elə də narahatçılıq keçirmir.

Demə Qoq:
- Yazıq camaat neyləsin, yuxarı baxırsan bığdır, aşağı baxırsan saqqal. Qapadırlar – vay, qapatmırlar – vay. İki pisin arasında qalmışıq. Ona görə bayramdan qabaq hamı dörd gözlə baxırdı ki, Operativ Qərargah bu dəfə nəyi bağlayacaq. Yaxşı ki, heç nəyi bağlamadı. Bizi nəzərə aldı! Bildi ki, qapanma olsa, aləmi bir-birinə qatacağıq!

Buna “yaxşı ki” demək nə dərəcədə düzgündür, bilmirəm, amma həqiqətən də Operativ Qərargahın yerində olmaq istəməzdim. Hazırda həm cəmiyyətin təqdirini qazanmaq, həm də virusun cilovunu yığmaq mümkün deyil, ikisindən birini seçməlisən. Heç bir ölkədə əhali virusla mübarizədə hökumətin müttəfiqi olmaq istəmir. Bizdə Operativ qərargah bayramqabağı ikincini – yəni əhalinin təqdirini qazanmağı seçdi. Başa düşmək olar.

2. “Bayram dalğası”

Kobud səslənməsin, amma sanki artıq bir ildən çoxdur sürən pandemiya bütün dünyada ölümü ucuzlaşdırıb, adiləşdirib, “insan həyatı” anlayışında da infliyasiya gedib. Bir il əvvəli – keçən ilin martını yada salaq və indiki vəziyyətlə müqayisə edək. Onda günə 2-3 ölüm bizi dəhşətə gətirirdisə, indi 18-20 ölümə adi yanaşırıq. Hamı psixoloji olaraq yorulub, bayramqabağı Operativ Qərargahın hansı addımı atacağını əldə yada ilə gözləməyin səbəbi də bu idi. Xarici ölkələrdə hökumətlər qapanmaya gedərkən əhalidən üzr istəyir, bunun sonuncu olduğuna söz verirlər. Məsələn, Fransa, Almaniya və İtaliyanın ardınca martın 29-dan karantinin yenidən sərtləşəcəyi Britaniyanın baş naziri Boris Conson kimi. “Britaniya ştammı”nın inkubasiya dövrünün 3 gün olduğunu nəzərə alsaq, güman ki, indi elə bayram dalğasının fəsadını yaşayırıq. Avropa dövlətləri də məhz bayramqabağı sərtləşməyə gedirlər.
Apreldə xristianlar pasxa tətilinə çıxırlar, buna görə məsələn, Almaniyada bütün qeyri-ərzaq mağazaları bağlanacaq. Digər ölkələr də özlərinə görə məhdudlaşdırma tətbiq edirlər.
Yaxşı xəbər odur ki, böyük ehtimalla, bu, doğrudan, sonuncu dalğadır və güman ki, “dördüncü dalğa” olmayacaq. Üzü yaya gedirik, payıza doğru isə artıq əhalinin xeyli hissəsi vaksinasiya edilmiş olacaq. Sadəcə indiki dalğanı yola verməyimiz lazımdır.
Bu həftə Beynəlxalq Valyuta Fondunun rəhbərinin birinci müavini Ceffri Okamoto hətta bildirdi ki, dünya iqtisadiyyatının pandemiyadan sonrakı bərpa prosesi gözlənildiyindən daha sürətlə gedir. Yəni situasiyanı belə yuvarlaqlaşıdırmaq olar: Bəli, vəziyyət pisdir və hazırda daha da pisləşməyə doğru gedir, amma bu, səhərin açılmasına az qalmış qaranlığın qatılaşması ilə müqayisə edilə bilən pisləşmədir. Hazırda üzüyuxarı qalxdığımız sonuncu bədbinlik dikdirini aşsaq, nikbinlik vadisinə çıxa biləcəyik.

Demə Qoq:
- Bir dəqiqə... Üzrlü sayın, bu poetik əhvalınıza mane olacağam. O yoldaş “pandemiyadan sonrakı bərpa” deyib a, o, harada elə sürətlə gedir ki, biz onu hiss eləmirik?

Beynəlxalq Valyuta Fondunun rəsmisi deyib ki, Çin artıq böhranaqədərki templəri bərpa edib, ABŞ iqtisadiyyatı da sürətlə artımağa başlayır.

Demə Qoq:
- Hah. İndi kim bizi inandıra bilər ki, bu, oyun deyildi? Aləmi qatdılar bir-birinə, indi özləri əvvəlki kimi inkişaf edirlər, dünyanın qalan ölkələri isə çapalayır. Türkiyədə dollar yenə kəllə-çarxa çıxıb.

Təkcə Türkiyədə yox.

3. Lirə və rubl: Dərd ortaqları

Bu həftə Türkiyə lirəsi necə laxladısa, titrəyişləri Azərbaycanın sosial şəbəkəsində də hiss olundu. Formal səbəb budur ki, prezident Ərdoğan Mərkəzi Bankın rəhbəri Naci Ağbalı gözlənilmədən vəzifədən azad etdi.
Məsələ onda idi ki, Türkiyədə son 20 ayda üçüncü dəfə Mərkəzi Bankın rəhbəri dəyişdirilir. Bu, istər-istəməz qeyri-sabitlik atmosferi yaradır. Qərbdən baxanda bu, inanılmaz sürüşkənlikdir, çünki məsələn, ABŞ-ın Federal Rezerv Sisteminin 1987-ci ildən bəri cəmi dörd rəhbəri dəyişib. Üstəlik, Naci Ağbal elə bir fiqur idi ki, güclü lirə ilə assosiasiya olunurdu.
Ötən ilin noyabrında Naci Ağbal Türkiyə Mərkəzi Bankının rəhbəri təyin olunanda 1 dollar 8.5 lirəyə bərabər idi. Amma onun yürütdüyü pul-kredit siyasəti qısa vaxtda məzənəni 7.5-ə qədər azaltdı. Naci Ağbala qədər Türkiyə Mərkəzi Bankı faiz dərəcələrini infliyasiya faizindən aşağıda saxlayaraq, lirəni qorumaq üçün bazara on milyardlarla dollar həcmində intervensiyalar edirdi. Amma Ağbal infliyasiyanı cilovlamağa çalışaraq, tədricən faiz dərəcələrini qaldırmağa başladı. Nəticədə bir neçə ayda Türkiyədə Mərkəzi Bankın faiz dərəcəsi 8.25-dən 19 faizə yüksəldi. Lirənin məzənnəsini qorumaq baxımından yaxşı olsa da, belə yüksək faiz bütövlükdə iqtisadi və sosial göstəricilərin inkişafına ciddi əngəl törədirdi. Üstəlik, hazırda əksər ölkələr pandemiya böhranından çıxmaq əsnasında faiz dərəcələrini aşağı salırlar. Bu baxımdan, Ərdoğanın Ağbalı istefaya göndərməsi əvvəlcə lirəyə şok yaşatsa da, orta perspektivdə iqisadi fəallığın artmasını təmin edəcək. Hələlik isə qardaş ölkənin valyutası 15 faiz ucuzlaşaraq, yenidən tarixi minimuma – 1 dollar üçün 8.5 lirəyə enib. İstanbul fond birjası da son ayların ən ağır çöküşünü yaşayır.
Amma hətta bütün bunlara baxmayaraq, başqa bir dövrdə bəlkə də Mərkəzi Bankının rəhbərinin dəyişdirilməsi lirəyə belə güclü təsir etməzdi. İndi istənilən xəbərin pandemiya kontekstində nəzərdən keçiriləcəyi həssas bir dövrdəyik. O dövlətlərdə ki, pandemiyanın artım dinamikası zəifləməyib, vaksinasiya arzuolunan səviyyədə deyil, onların iqtisadiyyatları hər cür həyəcanlı xəbərlərə daha ağrılı reaksiya verəcək. Türkiyədə əvvəla, bu effekt öz təsirini göstərdi. İkinci tərəfdən isə, onun hazırda Qərb dövlətləri, o cümlədən, ABŞ ilə konflikt şəraitində olmasının mənfi təsiri də bunun üstünə gəlir. İqtisadiyyatı artıq yüksəliş templərini bərpa edən ABŞ ilə gərgin münasibətdə olan istənilən bir dövlətdə hər hansı həyəcanlı xəbər olacaqsa, onun valyutası mütləq dolların qarşısında zəifləyəcək. Rusiyada da eyni kumulyativ effekt müşahidə edildi. Bir tərəfdən Bayden-Putin münasibətlərinin gərginliyi və yeni sanksiya hədələri, digər tərəfdən, neftin qiymətinin düşməsi, üçüncü yandan yoluxmaların artması fonunda Rusiya dövlət obliqasiyalarının ucuzlaşması rublu dollar qarşısında aşağıya yuvarlatdı.

Demə Qoq:
- Hmmm... Eyni vaxtda iki qonşumuzun valyutası dolların qabağında zəifləyirsə, adam narahat olur e... Birdən... dilim-ağzım qurusun... Heç nə demirəm!

- Yox, narahat olmağa dəyməz, çünki rubl da, lirə də sərbəst dönərli valyutadırlar, yəni onların dəyərini bazar diqtə edir. Bazar isə manipulyasiyalara açıqdır. Üstəlik, iqtisadi konyunktur fərqli olsa da, hər iki valyuta eyni siyasi zəmində: dövlətlərinin ABŞ ilə qarşıdurmasının psixoloji fonunda zəifləyir. Buradan çıxarılmalı olan nəticə başqadır. Dünya iqtisadiyyatının pandemiyadan sonrakı bərpa dövründə çox ağır və gərgin bir rəqabət gedəcək. Güclü dövlətlər çalışacaqlar ki, özlərindən zəiflər əvvəlki templəri bərpa edə bilməyərək, daha da zəifləsinlər. Başqa sözlə, pandemiyadan çıxış prosesi obrazlı desək, iqtisadi silaha çevrilərək, güclənməsi böyük dövlətləri narahat edən ölkələri vura bilər. Postpandemiya aşırımında ləngiyənlərin böyük itkilərə məruz qalmaq təhlükəsi var. Türkiyə və Rusiyanın valyutalarının son sərgüzəştləri göstərir ki, bu təhlükə artıq reallaşmağa başlayıb.

4. “Möhkəm dura-dura” gedənlər

Bu həftədən Ermənistan qoşunlarının Qarabağdan çıxarılmasına başlanılıb. Artıq İrəvandakı rəsmi şəxslər də təsdiqləyirlər ki, Qarabağda Ermənistan əsgəri qalmayacaq. Maraqlısı odur ki, bu, Ermənistanda müxtəlif siyasətçilərin yekə-yekə bəyanatlar səsləndirməsi fonunda baş verir. Ermənilər bir tərəfdən Qarabağ probleminin həll olunmadığını, “Artsax”ın heç vaxt Azərbaycanın tərkibində qalmayacağını deyir, digər tərəfdən isə silahlı qüvvələrini oradan çıxarırlar.

Demə Qoq:
- Niyə heç kim demir ki, biz Xankəndinə nə vaxt gedəcəyik? Mən bunu bilmək istəyirəm!

Təəsüf ki, sosial şəbəkədə məsələnin daha çox bu şəkildə qoyulması Qarabağda gedən prosesin real mahiyyətini anlamağa mane olur. Məsələyə bir qədər fərqli bucaq altında baxmaq lazımdır. Erməni silahlı qüvvələrinin çıxarılması o deməkdir ki, 10 noyabr anlaşmasının icrası davam edir. O sənəddə nəzərdə tutulanların hamısı həyata keçdikdən sonra nə deməklərindən asılı olmayaraq, Ermənistanın Qarabağın taleyinə daha heç bir praktik təsir göstərmək imkanı qalmayacaq. Bir müddətdən sonra elə bir vəziyyət formalaşcaq ki, Bakı ilə şaquli münasibətlərə razılaşmaq Qarabağdakı ermənilər üçün yeganə mümkün variant olacaq. Onda hörmətli blogerimiz, influenser Demə Qoq da Xankəndinə gedə biləcək. Hər şey bundan xəbər verir. Biz Qarabağdakı və ya Ermənistandakı ermənilərin başlarından yekə bəyanatlarından, addımlarından qıcıqlandığımız üçün bəzən prosesi tam miqyası və mahiyyəti ilə görə bilmirik. Ama hal budur ki, mexanizm qurulub və doğrudan da, Azərbaycan prezidentinin dediyi “Qarabağ problem artıq yoxdur” reallığını təmin etmək istiqamətində işləyir.

Demə Qoq:
- Bəs axı ermənilər hər gün “Qarabağ problem həll olunmayıb” deyirlər.
- Desinlər də. Bundan zövq almaq lazımdır.
- Necə yəni zövq almaq?! Bunun nəyindən zövq almaq olar?!
- Rolların dəyişməsindən. Əvvəlcə onlar müvəqqəti də olsa, qalib idilər, biz məğlub. Onları nəsə edirdilər, biz əsəb keçirir, onların hərəkətini pisləyir, dediklərini yalanlayır, içimizi didib-tökürdük. Məsələn, Paşinyan Şuşada yallı getdiyi üçün bizim burada dişimiz bağırsağımızı kəsirdi. İndi isə Azərbaycan prezidenti Hadruta gedir, Şuşada bayram tonqalı yandırır və təsəvvür etmək çətin deyil ki, həmin tonqalın alovu odunlardan başqa daha nəyi, daha doğrusu, kimi yandırır. İndi onlar Azərbaycan prezidentinin addımlarını pisləməyə, dediklərini təkzib etməyə girişirlər. Cənab Ali Baş Komandan “Qarabağ problem həll olunub” dediyi üçün onlar sübut etməyə çalışırlar ki, olunmayıb. Bu, siyasi reallıqdan daha çox, məğlub tərəfin kompleksidir. Biz həmin kompleksi nisbətən yüngül keçirirdik, çünki bilirdik ki, əslində güclüyük və nə vaxtsa bunu göstərəcəyik. Amma onlar bilirlər ki, obyektiv olaraq zəifdirlər, zəifin məğlubiyyət kompeksini yaşaması isə daha ağır olur. Erməni tərəfin çırpınmalarına daha çox bu pəncərədən baxmaq və özümüzün qalib təfəkkürümüzü yaradaraq, qələbədən zövq almaq lazımdır. Yoxsa ki, ay Paşinyan belə dedi, ay filan “yan”lar ayrı cür zəvzədirlər... Tarixdə bir dəfə olan qələbənin dadını belə şeylərə görə qaçırmaq ağılsızlıqdır. Biz Qalib təfəkkürünü düşüncə tərzinə çevirməli və qalıb xalq olmağın dadını çıxarmağı bacarmalıyıq.

Demə Qoq:
- Burada belə demək asandır e. Oğulsansa gəl, bu sözləri sosial şəbəkədə de, səni haqsız çıxardıb, yola salaq!..

“İnformasiya ekologiyası” deyilən bir anlayış var. Sosial şəbəkədə informasiya ekologiyası həddindən artıq çirklidir. Və hər kəs öz ətrafındakı şəbəkə mühitinin təmizliyinin qayğısına özü qalmalıdır. Sosial şəbəkənin nə qədər ciddi siyasi meydan olduğunu isə keçən həftə gördük.

5. “Blogerlər” və xalaları


Keçən həftə xaricdəki anti-azərbaycan şəbəkəsinin “bloger” adlanan bir neçə infoxulqianı - haradasa 8-9 nəfər,- eyni zamanda Bakıda mitinq təşkil edirdilər. Adlarını saya da bilərəm, amma bayram günü yeri yoxdur. Normalda bunların hər videosuna bir neçə min baxış gəlir və hətta bizi ələ salaraq, “sizə baxan yoxdur” da deyirlər. Tamam. Sizə baxanlar bəs nə oldu? Harada idilər?! Guya martin 19-da Fəvvarələr Meydanında izdihamlı mitinq olacaqdı, xalq etiraz edəcəkdi. Xalq! Hanı bəs sizə baxanlar, niyə görünmədilər? Biz Fəvvarlər meydanında nə tələb etdiyini özləri də düz-əməlli başa düşməyən bir neçə yaşlı xaladan başqa heç kimi görmədik axı. Onların da hərəsi bir şey dedi, belə anlaşıldı ki, ümumiyyətlə, 19 mart mitinqinin mövzusundan xəbərsizdirlər. Bunlardırmı həmin o blogerlərin videoloarını youtube-da trendə salan yüzminlik auditoriya?!
Budurmu videoları yüz minlərlə baxış yığan səkkiz blogerin birlikdə təşkil etdikləri mitinq?! Əslində məqsədim mitinqdən yox, bloger sayılan və izlənildikləri hesab edilən kəslərin ictimai şüura və siyasi proseslərə real təsirindən danışmaqdır. İzlənmə sayı ilə təsir əmsalını bir-birindən ayırmağı bacarmaq lazımdır, cənablar. Əqli fəaliyyət göstəriciləri şübhə doğuran istənilən biri çıxıb pafosla yekə-yekə danışsa, ona qulaq asan bir neçə min adam tapılacaq. Çünki hər axsaq atın bir kor nalbəndi, hər bloggerin bir izləyici kütləsi olur. Amma bu, o demək deyil ki, onlar dinlədiklərinin hansısa sözünə əməl etməyə hazırdırlar. Səkkiz-doqquz bloger birləşəndə, onların gücü maksimum bir neçə xalanı deyindirməyə çatıbsa, ayrı-ayrılıqa hər birinin gücü nəyə barəbərdir, bunu özünüz hesablayın. Biz isə qayıdırıq bayaqkı söhbətin davamına – yəni Ermənistandan necə zövq almaq olar məsələsinə.

6. Məzəli ölkə

Bu həftə Ermənistanın Müdafiə Nazirliyi bəyan etdi ki, keçirilən hərbi təlimlər zamanı “İsgəndər” raketlərindən istifadə olunub.
Deməli. Müharibə olur, Ermənistan “İsgəndər”dən istifadə etmir, gözləyir, müharibə qurtarandan sonra keçirdiyi təlimdə “İsgəndər” atır. Gəl, məntiqi başa düş!
Baş nazir Paşinyan isə bildirdi ki, onlar “Su-30” təyyarələrini alanda, sursatlarını da almaq yaddan çıxıb.
Elə bil, arvad ərini marketə göndərib, tapşırıb ki, salat üçün fian-filan şeyləri alarsan, amma qayıdanda məlum olub ki, ay dadı-bidad, mayonez yaddan çıxıb. Hərbi təyyarəni sursatsız almaq nə deməkdir? Həyətdə qonşu uşaqlarla dava-dava oynamaq üçünmü almısınız?
Amma zövq alınmalı olan təkcə hərbi məsələlər də deyil. Ermənistanın yüksək texnologiya sənayesi naziri Akop Arşakyanın jurnalist Paylak Fahradyanı döyməsi hazırda orada gündəmin əsas hadisələrindən biridir.
Belə məlum olur ki, nazir segilisi ilə kafedə oturubmuş. Jurnalist əlində telefon ona yaxınlaşraq, soruşub ki, nazirin iş vaxtı kafedə oturması düzgündürmü? Sual özlüyündə absurddur, çünki Ermənistanın yüksək texnologiya sənayesi naziri iş vaxtı başqa nə edə bilər?! Yəni olmayan bir şeyin naziri iş vaxtı kafedə oturmasın, neyləsin?!
Bu, son bir ildə Ermənistanda nazirin jurnalisti döyməsinə aid üçüncü faktdır. Əgər mərdümazar olmasaydılar, hətta “maraqlı qonşumuz var” deyə bilərdik. Amma bağın çəpəri möhkəmdirsə, mərdüməzar qonşu elə də qorxulu deyil. Biz isə hər zaman möhkəm olmayıq. Bayram tətilindən zövq alın, bu günlərin dadını çıxarın və möhkəm olun!



Teqlər: AzVision   Real-TV  





Xəbər lenti