AzVision: “Aprel” sözünə vurulan möhür - VİDEO

      AzVision:    “Aprel” sözünə vurulan möhür -    VİDEO
  05 Aprel 2021    Oxunub:12130
“Aprel” kəlməsinin Azərbaycan dilindəki ömrü iki mərhələdən keçib: 2016-cı ilə qədər və sonra. Beş ildir ki, “aprel” deyən kimi hamının yadına dərhal və ilk növbədə Aprel döyüşləri düşür. Nədir aprel döyüşlərini bu qədər önəmli edən?


Beş il əvvəl bu günlərdə, bu saatlarda hamımız nəfəsimizi qısıb, həyəcanla cəbhədən gələn xəbərləri gözləyirdik, xalq olaraq bir nəfər kimi müasir tariximizin böyük, şərəfli günlərini yaşayırdıq. 22 ildən sonra yenidən ilk dəfə torpağı uğrunda savaşan Ordunun xalqına, Ordu-xalqa çevrilmişdik. İlk dəfə olaraq məğlubiyyətin psixoloji yükü çiynimizdən götürüldü, alnımızdakı “məğlub” damğası şəhid qanı ilə yuyularaq, təmizləndi. Biz döyüş meydanında gördük ki, torpağın uğrunda axıdılan qan xalqın üzünü qızartmır, ağardır.

Ümumyyətlə, Vətən Müharibəmizə qədər Azərbaycan xalqının savaşmaq əzmini emosional baxımdan alovlandıran 3 böyük hadisə olub. Bunlardan birincisi Mübariz İbrahimovun əfsanəvi igidliyi və şəhadətidir. İkincisi Aprel döyüşləri, üçüncüsü Tovuz hadisələri. Amma siyasi, geosiyasi və hərbi baxımlardan Vətən Müharibəsinə qədərki ən böyük hadisə şübhəsiz, Aprel döyüşləridir. Məhz həmin 4 gün 4 il sonrakı 44 günün rüşeymi idi.

* * *

Aprel döyüşləri 22 ildən sonra ilk dəfə Azərbaycan xalqına Qələbənin və torpaqlarını işğaldan azad etmənin qürurunu yaşatdı. Məhz buna görə sonrakı bir neçə ildə Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi hamı üçün az qala pirə, müqəddəs məkana dönmüşdü. Çünki 22 ildən sonra Cocuq Mərcanlı ilə Tərtərin Seysulan kəndləri azad edilən ilk yaşayış məntəqələri oldular. Onlardan başqa, Talış ətrafındakı yüksəkliklər, Gülüstana, Qazaxlara və Suqovuşana gedən yollar nəzarətə götürülmüşdü. Ümumilikdə 2000 hektar ərazi azad edilsə də, Ermənistan tərəfi bunun 800 hektar olduğunu və heç bir strateji əhəmiyyət daşımadığını iddia edirdi. Halbuki, 4 il sonra Vətən Müharibəsi zamanı məhz həmin mövqelərin bizdə olmasının Ordumuza böyük faydası dəymişdi.
Maraqlıdır ki, təmas xəttinin 257 kilometrlik hissəsində gedən döyüşlər başlayanda Azərbaycan və Ermənistanın prezidentləri ölkədə deyildilər, Birləşmiş Ştatlarda keçirilən Nüvə Təhlükəsizliyi Sammitindən qayıdırdılar. Dörd gün davam edən döyüşlər aprel 5-də iki ölkənin baş qərargah rəislərinin Moskva görüşünün nəticəsinə əsasən, aprelin 5-i, saat 12-də dayandırılır.
4 gün davam edən döyüşlərin gedişində Azərbaycan Silahlı Qüvvələri 88 şəhid verdi, 1 helikopterimiz vuruldu və 1 tankımız mina partlayışı zamanı sıradan çıxdı. Əvəzində ermənilərin 320 əsgəri öldürüldü, 500-dən artıq əsgəri yaralandı, 30 tankları, 15-dək artilleriya və mühəndis qurğuları məhv edildi. Amma ermənilər o vaxt da saxtakarlıq edərək, rəqəmləri düzgün göstərmirdilər.
Vətən müharibəsində geniş tətbiq edilən “Harop” PUA-ları ilə biz ilk dəfə Aprel döyüşlərində tanış olmuşduq. Amma o zaman bu texnikadan çox az, güman ki, əsasən sınaq məqsədilə istifadə olunmuşdu.


***

Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Qarabağ münaqişəsi əsla “donmuş münaqişə” yox, potensial qaynar nöqtədir. O, Azərbaycan cəmiyyətində torpaqlarımızı qaytarmaq uğrunda Vətən müharibəsinə böyük sosial sifarişin olduğunu gözlər önünə sərdi. İlk dəfə məhz həmin günlərdə bu reallıq ortaya çıxdı ki, Azərbaycan xalqı müharibənin davam etməsindən yox, dayanmasından qorxur. Ölkə özünün yeni Ordusunu, yeni nəsil Əsgərini, Zabitini, gördü, tanıdı, sevdi, fəxr etdi. Bəlli oldu ki, bəli, yeni nəsil gəlib, amma onlar da ən azı ataları qədər, bəlkə hətta daha çox bu torpaq uğrunda sevə-sevə, toya-bayrama gedircəsinə ölümə getməyə hazırdılar. 22 ildən sonra Azərbaycanda torpaq uğrunda övladlarını şəhid vermək və başını dik tutaraq şəhid qarşılamaq ənənəsi bərpa olundu. Aprel döyüşləri özündən 4 il sonra gələcək Vətən Müharibəmizdəki igidlərin mənəvi böyük qardaşına çevrilən qəhrəmanların yeni və parlaq nəslini yaratdı. Məhz onlar 22 ildən sonra göstərdilər ki, atəşkəs dövründə necə qəhrəmanlar yetişib. Gəlin, onların bəzilərini bir daha xatırlayaq.
Vüsal Məmmədov Report Media Məktəbində: “Tanınmış imza özü bir iş yeridir”

* * *

Aprel döyüşlərindən sonra Milli Qəhrəmanlarımızın sayı 3 nəfər də artdı. 7 hərbçimiz "Azərbaycan Bayrağı", 19-u "Vətən uğrunda", 43 nəfər "İgidliyə görə", 45 nəfər "Hərbi xidmətlərə görə" medalları ilə təltif olundu. Bu rəqəmlər Azərbaycan əsgərinin 4 günlük müharibədə hansı şücaəti göstərdiyinin əyani mənzərəsini yaradır. Həmin döyüşlərdə şəhid olanların çoxu xalqın sevimlisinə, adları dillərdə əzbərə çevrildi.

Məsələn, kəşfiyat komandiri, polkovnik Vüqar Yusifov və “Murov qartalı” ləqəbəli polkovnik-leytenant Raquf Orucovu kim tanımır ki?! Onlar 18 nəfərlik dəstə ilə düşmənin 50 xüsusi təyinatlısını və tankını məhv etmək kimi ağlasığmaz igidlik göstərmişdilər.

Və yaxud, şəhid mayorumuz, pilot Təbriz Musazadənin adını eşitməyənmi var? Bəs milli qəhrəman Murad Mirzəyevin?

Döyüş meydanında yaralanan mayor təsəvvür edin ki, əsgərlərin onu güllə altından çıxarılmasına imkan vermir və yaralı giziri aparlamarını əmr edir. Sonra da əsir düşməmək üçün əlində qumbara düşməni gözləyərkən canını tapşırır. Bu, milli qəhrəman Samid İmanovdur.

Onlarla qəhrəman eyni zamanda həm onlarla igidlik hekayəsi, həm də onlarla ailə dramı deməkdir. Baş leytenant Ziya Həsənovun apreldə şəhadətindən sonra iyunda dünyaya gələn qızına atasının arzusu ilə Yağmur adının qoyulması kimi.

Biz aprel şəhidlərinin çoxunun özlərini də, həyat yoldaşlarını da, uşaqlarını da öz doğmalarımız kimi tanıyır və sevirik. Onların yeri bir başqadır. Çünki 22 ildən sonra ilk dəfə məhz onlar bizə eyni zamanda həm Qələbə sevincini, həm də şəhid vermək acısını yaşatmaqla gələcək Zəfərə hazırladılar. Qələbə yolunun ilk yolçuları idilər onlar.


***

Belə bir ifadə var: tarixi yenidən yazmaq. Onun nə oldğunu biz hazırda görürük. İndiyə qədər hər ilin 3 aprelində biz Kəlbəcərin işğalından danışardıq. İndi isə heç o mövzuya toxunmadan, aprel döyüşlərindən danışırıq; o sadə səbəbə görə ki, Kəlbəcər artıq Azaddır, Azərbaycandır. Bax, budur, tarixin dəyişməsi, yeni tarix yazmaq! Yazılan bu yeni tarixin ilk sətri idi Aprel döyüşləri.

Aprel döyüşlərindən danışarkən bir məqamı mütləq qeyd etmək lazımdır: İstər o vaxt, istərsə də Tovuz hadisələri zamanı Azərbaycan həmin dövrdə mövcud olan hərbi gücünün çox cüzi bir hissəsini düşmənə göstərmişdi. Əgər 2020-ci ilin sentyabrında biz elə savaş başlayan kimi, bircə günə ermənilərin müdafiə xəttini yararaq, bir neçə kəndi qaytara bilmişdiksə, təbii ki, 2016-cı ilin aprelində istər Lələtəpədən, istərsə də Talışdan xeyli uzağa gedə bilərdik. Amma getməmişdik. Burada iki məqsəd var idi: Bir tərəfdən düşmənin real gücünü real döyüş şəraitində yoxlamaq, ikincisi, özümüzün gerçək gücümüzlə bağlı onu çaşqınlığa salmaq. Bu aldadıcı taktika özünü doğrultmuş, Aprel döyüşlərindən sonra Ermənistanda belə qənaət hasil olmuşdu ki, Azərbaycan ondan bir qədər üstün olsa da, çox da güclü deyil və yeni müharibə başlasa, bizə yenə də qalib gələ bilərlər. Sonradan Ermənistanın müdafiə naziri David Tonoyan erməni axmaqlığına xas yekəxanalıqla “yeni ərazilər uğrunda yeni müharibə”dən danışanda məhz aprel döyüşlərinin təhlilinə əsaslanırdı. Paşinyan məhz buna görə “Ətrafdakı yeddi rayon da Artsaxdır” deyib, danışıqlardan imtina edirdi. Onlar düşünürdülər ki, bir azca da güclənsələr, aprel döyüşlərində gördükləri Orduya qalib gəlmək mümkündür. Amma zavallı çoxbilmiş quşlar dimdiklərindən tora necə düşdüklərini anlamayaraq, Azərbaycanın yalnız onlara göstərmək istədiyini gördüklərini anlamırdılar. Azərbaycan isə gücünü o şəkildə göstərmişdi ki, Ermənistan öz işğalçı xislətinə məğlub olaraq, yeni müharibə haqqında fikirləşsin. Belə də oldu. Bu parlaq taktika işlədi.

2016-cı ildə də Azərbaycan ordusunda pilotsuz uçan aparatlar vardı, amma bir neçə istisna ilə praktik olaraq, tətbiq edilməmişdilər. Biz öz əsas kozırlarımızı böyük oyun üçün saxlamışdıq. Ermənilər bunu başa düşməyərək, 2016-cı ildən sonra silahlanmanı səhv istiqamətdə apardılar. Onlar əsasən yaylım atəşi sistemləri, yerüstü ağır texnika, qırıcı-bombardmançı təyyarələr və hava hücumundan müdafiə sistemləri almağa güc verdilər ki, məqamı çatanda Azərbaycan ordusu PUA-lar vasitəsilə onları sözün həqiqi mənasında dənlədi.

Məhz aprel döyüşlərindən sonra Ermənistanın müdafiə naziri başda olmaqla bir çox yüksək vəzifəli hərbçilər öz vəzifələrindən kənarlaşdırıldı. Amma ən əsası, bu döyüşlər Ermənistanda “Qarabağ klanı”nın mövqeyinin sarsılmasına, son nəticədə Koçaryan-Sarkisyan hakimiyyətinin devrilməsinə səbəb oldu. 2018-ci ilin aprelində Paşinyanın çevriliş edərək, hakimiyyətə gəlməsinin kökləri məhz 2016-cı ilin aprelindən su çəkirdi. Qərbdəki qüvvələr həmin hadisələrdən istifadə edərək, Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmağa çalışdılar. Nikol Paşinyan günü bu gün də davam edən məhz həmin oyunun fiquru idi. Hazırda isə Ermənistan adlı şahmat taxtasında yeni partiya başlayır.

***

Bu ay Paşinyan baş nazir kreslosu ilə vidalaşacaq. Amma müvəqqətimi, yoxsa birdəfəlikmi - əsas sual bax, budur. Baş nazirin istefası və növbədənkənar seçkinin keçirilməsi Ermənistanda müharibədən sonra 6 aydır davam edən siyasi böhrandan yeganə çıxış yolu hesab olunurdu. Amma Paşinyan yenidən özünün “Mənim addımım” bloku ilə seçkiyə qatılmaq, qalib gəlmək və qaldığı yerdən davam etmək niyyətindədir. Başqa sözlə, o, əslində “seçki” adı ilə özünə etimad referendumu keçirməklə, böhrana son qoymaq istəyir. Alınacaqmı?

Əgər iyun ayına nəzərdə tutulan seçkiyə qədər hansısa fors-major baş verməsə, güman ki, bəli. Bu həftə “Gallup”ın keçirdiyi sorğunun nəticəsinə görə Paşinyan 31.7% faizlə birinci yerdədir, ikinci yerdə gələn Koçaryanın isə 5.9 faiz reytinqi var. Fərq o qədər böyükdür ki, 3 aya aradan qalxması qeyri-mümkün görünür. Dediyimiz kimi, əgər hansısa fors-major baş verməsə. Amma verə bilər.
Vacib nüans odur ki, Ermənistanda əhalinin 24,6 faizi heç kimi dəstəkləmir, 20 faizi bu haqda suala cavab verməkdə çəkinlik çəkib. Yəni elektoratın 44.6% kimi böyük hissəsi hələ mövqeyini müəyyənləşdirməyib. Bu kütlə böyük ehtimalla, sürprizlər yarada bilər.

Belə bir məqamda Paşinyan hökumətinin Rusiya ilə təmaslarının sıxlaşması da maraq doğurur. Aprelin 1-də xarici işlər nazirləri Ara Ayvazyan və Sergey Lavrov bir araya gəlmişdilər. Bir gün sonra Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk Paşinyanla görüşdü. Dörd gün sonra isə - aprelin 7-də Paşinyan Putinlə görüşmək üçün Moskvaya uçacaq.

Ermənistanın baş nazirinin istefa vermək ərəfəsində Putinlə görüşə getməsi maraq doğurmaya bilməz. Aydın məsələdir ki, bu görüşdə mütləq Paşinyanın gələcək siyasi taleyi və ümumiyyətlə, taleyi müəyyən oluna bilər. Hazırda Möskva Paşinyan iqtidarının davamına o şərtlə “yaşıl işıq” yandıra bilər ki, sülh razılaşmasının şərtlərinin həyata keçməsinə heç bir əngəl törətməsin. Çünki Moskvanın bölgədəki nüfuzu və mövqelərinin möhkəmliyi məhz bundan asılıdır. 10 noyabr razılaşmasının isə hazırda ən vacib və həssas bəndlərindən birini həyata keçirməyin vaxtıdır. Söhbət regionda iqtisadi əlaqələrin bərpasından və nəqliyyat kommunikasiyaların açılmasından gedir. Bu isə Ermənistan cəmiyyətində birmənalı qarşılanmır və məlum deyil ki, seçkiyə qədər kommunikasiyalar açılarsa, bu, Paşinyanın Karlson sayağı “qayıtmaq üçün getmək” planlarına hansı təsiri göstərə bilər.
Maraqlı vəziyyət yaranıb: Rusiyanın Paşinyan hakimiyyətinin gələcəyinə müsbət yanaşması üçün o, kommunikasiyaların açılmasını yubatmamalıdır. Kommunikasiyaların açılması isə daxildə Paşinyanın seçkiqabağı şanslarına böyük zərbə vura bilər. Bu qapalı dairədən necə çıxılacağı yaxın həftələrdə məlum olacaq.


***

Bu təmaslar fonunda Rusiya prezidenti Vladimir Putinin azərbaycanlı həmkarı İlham Əliyevlə telefon danışığı olub. Rusiyanın baş nazirinin müavini Aleksandr Overçuk İrəvana getməzdən qabaq Bakıya gəlmişdi.

Bütün bu danışıqlarda Azərbaycanın da ya birbaşa, ya dolayı yolla iştirakı göstərir ki, hazırda iki yox, üçtərəfli proses gedir və Ermənistanda hakimiyyətin taleyindən daha çox, regionda 10 noyabr razılaşmasında göstərilən nəqliyyat infrastrukturunun açılması istiqamətində sıx addımlar atılır. Bu haqda dövlət başçımız Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfransında da məlumat vermişdi:

- Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər.

Kommunikasiyaların açılması münaqişənin həllində növbəti çox vacib addım olacaq, çünki atəşkəs hələ sülh demək deyil, amma iqtisadi əlaqələr artıq sülhin ilk əlamətləri kimi anlaşıla bilər. Məhz bu mərhələ təsdiqləyəcək ki, doğrudan da, cənab Əliyevin dediyi kimi, münaqişə artıq yoxdur. Və Ermənistanın günü bu gün də davam edən “münaqişə Minsk qrupunun çərçivəsində həll olunmalıdır” tələbi özü-özünə mənasızlaşaraq, aradan qalxacaq. “Minsk qrupu” demişkən, bu həftə onun Amerikadan olan keçmiş həmsədri Riçard Hoqlandın maraqlı bir məqaləsi yayımlandı. “Konfliktlərin həllinin Beynəlxalq Mərkəzi”nin saytında dərc olunan yazıda səfir Hoqland son dərəcə maraqlı etiraflar edir.

Bütün bunları indiyə qədər Azərbaycanın prezidenti də açıq şəkildə deyirdi, bu həftə də təkrarladı. Faktik olaraq, səfir Hoqland elə cənab Əliyevin dediklərini təsdiqləyir. Özü də bu formada: “Biz anlayırdıq ki, o, düz deyir, sadəcə, etiraf etmirdik”.

Minsk qrupu artıq o vaxt mənasız idi, indi isə konkret olaraq geosiyasi atavizmə dönüb. Bununla yanaşı, Minsk qrupunun taleyilə bağlı dərk edilməsi vacib bir məsələ var. O, budur ki, hazırda erməni tərəfin “Qarabağın statusu” dediyi uydurma məsələnən taleyi ilə Minsk qrupunun taleyi arasında haradasa bərabərlik işarəsi qoymaq olar. Minsk qrupu mənasız quruma çevrildikcə, onunla eyni dərəcədə Qarabağın statusu da mənasız suala çevrilir. Azərbaycanın bu məsələdə tutduğu mövqe hazırda çox ağıllı yanaşmadır: Problem yoxdursa, onun müzakirəsi də yoxdur. “Qarabağın statusu” adlı bir problem isə yoxdur.

Diplomatiyada və siyasətdə başqa bir maraqlı vəziyyət də olur ki, Azərbaycan hazırda böyük məharətlə onu yaratmaqdadır. Əgər hansısa sualın müzakirəsi üçün format, platforma yoxdursa, demək, o sualın özü də yoxdur. “Qarabağın statusu” adlı uydurma problemi biz həm də bu cür ortadan çıxarırıq. Həmin məsələ Minsk qrupu çərçivəsində müzakirə olunmalı idi, amma artıq sualın özü qalmadığı üçün Minsk qrupu yoxdur, Minsk qrupu olmadığı üçün də sualı yenidən qaldırmağa platforma mövcud deyil. İndi qarşıda başqa böyük və vacib işlər var. Qarşıdakı illərdə onların həm özünü, həm də nəticələrini görmək üçün səbirli və möhkəm olun!

Azvision.az


Teqlər: AzVision   Real-TV   Təhlil  





Xəbər lenti