“AstraZeneca”nın immunitet yaratma gücü yüksəkdir - MÜSAHİBƏ

 “AstraZeneca”nın immunitet yaratma gücü yüksəkdir -  MÜSAHİBƏ
  09 Aprel 2021    Oxunub:8566
“Koronavirusu keçirən hər şəxsdə immunitet yaranmır”
Son məlumatlara görə, Azərbaycanda COVID-19 əleyhinə vurulan vaksinlərin ümumi sayı 1 069 488-dir. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 627 503, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 396 985 təşkil edir. Yanvarın 18-dən ölkədə başlanılan vaksinasiya prosesinə hazırda 40 yaşdan yuxarı şəxslər və risk qrupunda olan əhali cəlb olunur.

Azvision.az -ın əməkdaşı vətəndaşları maraqlandıran bir çox suallara cavab tapmaq üçün Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirova müraciət edib. Həmsöhbətimiz koronavirusa yoluxma zəncirinin qırılmasında vaksinasiya prosesinin vacibl olduğunu vurğulayıb, eyni zamanda ölkəmizə gətirilən vaksinlərin effektivliyindən söz açıb.

Həmin müsahibəni təqdim edirik:

- Bu gün insanlar arasında vaksinasiyaya maraq necədir? Yoluxmanın çoxalması fonunda vəzəyyəti necə qiymətləndirirsiniz?

- 1 milyondan çox insanın peyvənd olunması ölkə əhalisinin 10 faizi deməkdir. Həmin 10 faizə xüsusi riskli qruplar, tibb işçiləri, 40 yaşdan yuxarı şəxslər daxildir. Ümumilikdə bu, qənaetbəxş rəqəmdir. Lakin prosesinin bir az da sürətlənməsində fayda var. Çünki yoluxma dinamikası günü-gündən artır. Biz vaksinasiyanın sürətini yoluxma dinamikasına paralel tutmalıyıq. Daha çox şəxs peyvənd olunmalıdır ki, yoluxmanı heç olmazsa azaltmağa nail ola bilək.

Əvvəllər tibb işçiləri daxil olmaqla vətəndaşlar arasında vaksinasiya ilə bağlı tərəddüdlər var idi. Artıq insanlar könüllü şəkildə tərəddüd etmədən peyvəndlənirlər, çünki yaxınları üçün narahatdırlar. Bu, müsbət haldır. Amma əsas məsələ vaksinasiyanın daha sürətli aparılmasıdır. Biz bilirik ki, vaksinin qorunma müddəti 6-9 ay və ya 1 ilə qədər uzanır. Bu müddətdə vaksinasiyanı tez zamanda başa çatdırmasaq, peyvənd olunanların qoruyuculuğu qalmayacaq və yoluxmanı kontrol etmək mümkün olmayacaq.

- Yoluxma zəncirini qırmaq, kütləvi immunitetin yaranması üçün əhalinin neçə faizi vaksinasiya olunmalıdır?

- Yoluxma sürəti yüksək olanda belə pandemiyalarda əhalinin vaksinasiyası 70 faizi keçməlidir. Bununla yoluxma zəncirini qıra bilərik. Minimum hədəf 50 faizdir. 70 faizdən az vaksinasiya yoluxmanın sayını azalda bilər, amma tamamilə kökünü kəsə bilməz. Ona görə ilk hədəf vaksinasiya olunanların sayının 70 faizi keçməsidir. Yoluxdurma gücü yüksək olan virusda nə qədər çox insan vaksinasiya olunsa, bir o qədər yaxşıdır. Xəstəliyi keçirən insanların sayı az deyil. 10 faizi onlara da şamil etmək olar. Könül istər ki, əhalinin 100 faizi vaksinasiya olunsun. Bunun üçün vaksinin təmini, vaxtında gətirilməsi və tətbiq olunması da asan deyil.

- Əhalinin 10 faizi vaksinasiya olunub və qeyd edirsiniz ki, 10 faiz koronavirus keçirən əhalidə immunitet yaranıb. Demək olar ki, 20 faiz əhalidə COVID-ə qarşı immunitet yaranıb.

- COVID-i keçirən hər insanda immunitet əmələ gəlmir. Bunlar mürəkkəb statistik rəqəmlərdir. COVID-i yüngül keçirən şəxslərin antitelləri əmələ gəlmir, 2-3 ay sonra təkrar yoluxa bilir. Ona görə dəqiq rəqəmləri vermək çətindir. Bu günə qədər olan yoluxma sayı, testi müsbət gələn xəstələr, klinik simptomları olanlarla yanaşı, bir o qədər də xəstəliyin fərqində olmadan yüngül keçirən, test etdirməyən, klinik müəssisələrə müraciət etməyənlər də var. Bunları nəzərə almaq lazımdır. Demək olar ki, əhalinin aşağı-yuxarı 20 faizi COVID-lə həqiqi mənada tanış olub.

- Koronavirusdan sağalan insanlar peyvənd olunmalıdırmı? Bununla bağlı müxtəlif fikirlər səsləndirilir. Siz nə deyə bilərsiniz?

- TƏBİB və Operativ Qərargahın qaydalarına əsasən, xəstəliyi yeni keçirən insanlarda 6 ay ərzində vaksinasiyaya göstəriş yoxdur. 6 aydan sonra əgər antitellər yetərsizdirsə və xəstənin istəyinə uyğun peyvənd oluna bilər.

- Kütləvi immunitet üçün əhalinin 70 faizdən yuxarısının vaksinasiyasının vacib olduğunu qeyd etdiniz. Bu hədəfə nə vaxt nail olmaq olar? Yay aylarında insanların koronavirusdan xilas olacağı iddia edilir Bu barədə nə düşünürsünüz?

- Nəzərə alsaq ki, yanvarın 18-dən vaksinasiya prosesinə başlamışıq, təxminən 3 ay ərzində ökənin 10 faizini vaksinasiya etmişik. Problemlərin çoxu vaksinlərin təminindən qaynaqlanır. Kütləvi şəkildə vaksin əldə edə bilsək, bu müddəti 2-3 dəfə qısalda bilərik. 70 faizin üzərində rəqəmlərə 2-3 ay ərzində nail ola bilərik.

- Ölkəmizə gətirilən yeni peyvəndlərin digərlərindən fərqi nədədir? Effektivliyi necədir?

- Bu gün COVID-19 əleyhinə hazırlanmış peyvəndlərin hamısı 3-cü klinik araşdırma mərhələsini tamamlamış, insanlara tətbiq ounmasına icazə verilmiş, sertifikatlaşdırılmış peyvəndlərdir. Keyfiyyəti və təhlükəsizliyi baxımından nəsə demək mənasızdır. Çünki bunun rəsmi tətbiqinə icazə verilib. Üstünlüklərinə gəlincə, “CoronaVac” inaktivləşdirilmiş, öldürülmüş virus komponentlərindən ibarət peyvəndir. “AstraZeneca” vektor peyvəndidir, burada canlı virusun bəzi genetik materialları peyvənd şəklində vicuda daxil edilir. Belə peyvəndlərdə immunitet əmələ gətirmə gücü daha yüksək olur.

Hazırda bütün peyvəndlər 18 yaşdan yuxarı insanlar üçün nəzərdə tutulub. Üst yaş məhdudiyyəti yoxdur, 80 yaş üzərində insana da vurula bilər. Amma aşağı yaş qrupu 18-dir. Biz hələ gənclərin vaksinasiya mərhələsinə gəlib çatmamışıq. İndiyədək peyvəndin hər hansı əks-göstərişi yoxdur. Ölkəmizdə vaksinasiya prosesi uğurla davam etdirilir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Vaksinasiya  





Xəbər lenti