Vətən Müharibəsinin qəhrəman həkimi: “Hər şey filmlərdə gördüyümüz kimi idi” - VİDEO

Vətən Müharibəsinin qəhrəman həkimi:  “Hər şey filmlərdə gördüyümüz kimi idi” -  VİDEO
  14 Aprel 2021    Oxunub:11245
Vətən müharibəsində həkim kimi iştirak edənlərdən biri də Ağazadə Ağadır. O, 1985-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2002-ci ildə Azərbaycan Tibb Universitetinə qəbul olunub. 2008-ci ildə universiteti bitirib və Türkiyədə “Andrologiya” üzrə təkmilləşmə kursu keçib. 2009-cu ildən həkim- androlq kimi fəaliyyət göstərir. 2009-2011-ci illərdə N saylı hərbi hissədə batalyonun tibb xidmət rəisi olub.
Müharibə təəssüratları barədə Azvision.az -a danışan A. Ağa Tərtər, Suqovuşan, Talış, Ağdərə istiqamətlərində gedən döyüşlərdə yaralılara tibbi xidmət göstərdiyini deyib.



“Mən ehtiyatda olan zabitəm. Səfərbərliklə təlimlərə çağırıldım. Sentyabrın 27-də əmrlə müharibəyə cəlb olundum. Torpaqlarımızın azad olunmasında bir damcı da olsa bizim payımız var. Bu çox qürurverici bir hissdir. Mən Tərtər, Suqovuşan, Talış və Ağdərə istiqamətlərində gedən döyüşlərdə artilleriya bölməsində idim.

Müharibədə iştirak edənlər oradakı stressi də, qorxunu da bilir. Kim deyirsə ki, qorxmuram, o yalan danışır. Nəticədə sən döyüşdəsən, hər şey gözləniləndir, ölüm qaçılmazdır. Müharibə başlayanda 20-30 dəqiqə həyəcanlandım. Təsəvvür edin, 30 -50-100 metr yaxınlığına mərmi düşür. Bu, elə-belə bir şey deyil. Ancaq sonra özümə toxtaqlıq verdim ki, əgər öləcəyəmsə də, ona qədər mən öz missiyamı yerinə yetirməliyəm".



Müsahibimizin sözlərinə görə, əsgər və zabitlərimiz döyüşlər zamanı yüksək əhval-ruhiyyədə olublar:

"Talış yüksəkliyini aldığımız gün çox sevindik. 17-18 yaşında əsgər necə şücaət göstərirdi, ilahi. Bizim aşbaz Qəbələdən olan əsgər idi. O, yan-yörəsinə mərmi düşə-düşə yemək hazırlayırdı və vaxtında paylayırdı. Hər kəs belə idi, çalışırdıq ki, kim nəyi bacarırsa, onun artığını etsin. Digər bir əsgərimiz isə barotravma almışdı, mərminin dalğası onu divara çırpmışdı, burnu sınmışdı, əsgər o situasiyada belə gülürdü. Balaca, cılız bir əsgərdən onu görmək adamı ruhlandırırdı. Döyüşənlərin hamısında qürur var idi.

Çox ağır situasiyalarla qarşılaşırdıq. Elə şeylər yaşamışıq ki, orada gördüyünü adam heç dilinə gətirə bilmir. Yaxınlığa minaatan mərmisi düşdü, 5 əsgər şəhid oldu.



Cəbhə təcrübəm var idi deyə, soyuqanlı olmağa çalışırdım. Bir də görürdün ki, artıq mərminin səsi gəlir. Bəxtin gətirəcəksə, sağ qalacaqsan. Yaralı olan kimi səngərdən çıxıb, onları arxaya çəkirdik. Həkim yoldaşım Amil Məmmədzadə ilə tez bir zamanda hansı xəstəyə necə yardım göstərək deyə qərar verirdik. Mülki xəstəyə xidmət döyüşdə yaralı əsgərə xidmətdən tamamilə fərqlənir.

Döyüş başlayanda sığınacaqda yer olmadı. Mən və Manaf adlı zabit yoldaşımla bir neçə gün çöldə qaldıq. Bu cür vəziyyətin çətin olduğunu görüb, evlərin həyətlərini gəzib özümüzə sığınacaq axtarmağa başladıq. Hər şey filmlərdə gördüyümüz kimi idi. Mərminin səsi gəlirdi, biz isə ziqzaq qaçıb sığınacaqlar axtarırdıq. Döyüşlər bitəndən sonra həmin həyətə girib ağacdan nar qırıb yeyirdim. Ev sahibi məni orada görüb təəccüblənmişdi. Mən onlara döyüş vaxtı həyətlərindəki sığınacaqlarda daldalandığımı dedim".



Həkim Ağa Ağazadə torpaqlarımızın işğaldan azad edilməsinin qürurverici hadisə olduğunu söyləyib:

"Şuşa azad olunan gün orada ağladıq. Çünki uşaq yaşlarından bizdə o torpaqlara sevgi aşılanıb. Qürur hissindən gözümüzdən yaş gəldi. İnsan həsrətində olduğu bir şeyə qovuşanda necə olur? Həmin şeydir. Əvvəllər hava xəbərlərində deyirdilər ki, bu gün Şuşada hava belə olacaq və s. Amma Şuşa bizdə deyildi. İndi isə o xəbərlərə baxanda müharibə dövrünü, döyüşləri xatırlayıb sevinc qarışıq qəribə hislər keçirirəm. Qızım məktəbdə deyib ki, mənim atam əsgərdir, Qarabağda döyüşüb. Bu, mənim üçün böyük bir qürurdur. Övladımın üzünü ağ etdim. Bundan böyük sevinc hissi yoxdur”.







Şahanə Rəhimli
Azvision.az


Teqlər: Vətən-Müharibəsi   Həkim  





Xəbər lenti