Atası “azərbaycanlı” olan erməni general: Kamonun Xocavənddəki evindən VİDEOREPORTAJ

  Atası “azərbaycanlı” olan erməni general:  Kamonun Xocavənddəki evindən  VİDEOREPORTAJ
  21 Aprel 2021    Oxunub:30704
Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının işğal edilməsində "xüsusi xidmətləri" olan separatçı general Kamo Ağacanyan əslən Xocavənd rayonunun Edilli kəndindəndir. Günahsız azərbaycanlıların qətlində iştirak edən Ağacanyanın gerçək kimliyi Kərimov Kamo Əkbər oğludur.
O, Edilli kəndində doğulub boya-başa çatıb. Atası Əkbər Kərimov azərbaycanlı, anası isə erməni olub. Ağacanyan 1988-ci ilədək sənəddə Kərimov soyadını daşıyıb, bir müddət sonra ata adını və soyadını dəyişib. Belə ki, 1989-cu ildə orta məktəbi bitirərək Kamo Ağacanyan Akbaroviç kimi ortaya çıxıb. Erməni canilərinə qoşulan Ağacanyan Azərbaycana qarşı döyüşlərdə fəal iştirak edib. Elə bu fəallığına görə sonradan müxtəlif "vəzifələrə" yüksəlib.



Vaxtilə bir məktəbdə oxuduğu, eyni məhəllədə yaşadığı azərbaycanlıların didərgin düşdüyü kənddə işğal dövründə özünə yeni ev və obyektlər tikdirən cani generalın ağlına gəlməzdi ki, bir gün bu torpaqların əsl sahibləri qayıdacaq və işğalçılar öz cəzalarını alacaqlar. Həmkəndlilərinə dönük çıxan Ağacanyan erməni dostları ilə çiyin-çiyinə dolaşdığı Edillidə bayraq kimi qaldırdığı əski parçasının Azərbaycan əsgərlərinin ayaqları altında əziləcəyini də yəqin təsəvvür etməzdi. Amma Müzəffər Ordumuz Vətən Müharibəsində tarixi qələbə qazanaraq mənfur düşməni torpaqlarımızdan iti qovan kimi qovdu, Edilli daxil olmaqla Qarabağımızı işğaldan azad etdi. "Dəmir yumruq"la əzilən Ağacanyan və onun kimi cəlladlar Ordumuzun qarşısında diz çökdülər, biabırçı şəkildə məğlub oldular. Bununla da 28 illik həsrətə son qoyuldu.



Bu gün biz Edillidəyik. Doğma kəndimizə səfərə gəlmişik. Qarşısında durduğumuz ev qondarma qurumun “təhlükəsizlik xidməti”nin keçmiş rəhbəri Kamo Ağacanyana məxsus olub. Separatçı generalın uşaqlığı bu evdə keçib. O, ailəsi ilə burada yaşayıb.



Kamo ilə eyni məktəbdə təhsil almış Xocavəndin Axullu kənd sakini Şaiq Aslanov deyir ki, özünü Ağacanyan kimi təqdim edən şəxsin ata tərəfdən nənə və babası azərbaycanlı olub:

"1980-ci illərdə ermənilər bizimlə paralel sinifdə oxuyublar. Kamo məndən bir sinif aşağı oxuyub. Onun kimi qardaş və bacısının adı erməni olsa da, soyadları Kərimov idi. 1987-ci ilin sonlarında bir idman yarışında fərqlənməyə görə bizə fəxri fərman verildi. Orada adı çəkiləndə Kamonun soyadı Ağacanyan kimi qeyd olundu. Biz ona lağ etdik ki, elə soyadın Kərimin sonuna "yan" artırardın olardı Kərimyan. Buna görə bizə aqressiv münasibət göstərdi".



Müsahibimizin sözlərinə görə, Birinci Qarabağ müharibəsinin ilk günlərindən Kamo Ağacanyan azərbaycanlılara qarşı aktivliyi ilə seçilib və erməni qruplarına rəhbərlik edib:

"Azərbaycanlılara qarşı ermənilərdən də qat-qat artıq nifrət etdiyini, başkəsən mövqedə olduğunu bilirdik. 2000-ci illərdə araşdırdım ki, Qarabağ müharibəsi dövründə birlik komandiri vəzifəsinə qədər yüksəlib. Ondan sonrakı dövrlərdə müxtəlif "vəzifələr" tutub. İkinci Qarabağ müharibəsi dövründə etimadı tamamilə itirib. Erməni KİV-lərində onun guya vaxitlə bizim xeyrimizə işlədiyi kimi fikirlər irəli sürürdülər. Bu, tamamilə absurddur. Biz ilk gündən onun ermənidən də qatı erməni olmasını öz gözümüzlə görmüşük".

29 ildən sonra Edilli kəndinə səfər edən Ş.Aslanov qeyd edib ki, Kamo kimi canilər 44 günlük Vətən müharibəsində öz cəzalarını aldılar, Azərbaycan ordusu onları darmadağın edərək doğma torpaqlarımızı işğaldan azad etdi. İndi bu torpaqlara əsl sahibləri qayıdıb.







Anar Kəlbiyev
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Azvision.az


Teqlər: Xocavənd   Edilli   Kənd   Kamo   Ev  





Xəbər lenti