Şəhidin son sözləri: “Ana, sənin oğlunu mələklər qoruyur” - VİDEO

 Şəhidin son sözləri:  “Ana, sənin oğlunu mələklər qoruyur” -  VİDEO
  21 Aprel 2021    Oxunub:13417
44 günlük Vətən Müharibəsinin qəhrəmanlarından biri də şəhid Rüfət Əsgərovdur. O, 29 yanvar 1997-ci ildə Rusiya Federasiyasının Rostov şəhərində anadan olub. 2004-cü ildə valideynləri ilə birlikdə Bakıya qayıdıb, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada təhsil alıb. Rüfət 2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetindən məzun olub. Həmin ilin iyul ayında hərbi xidmətə yollanıb.
Ötən il sentyabrın 27-dən başlayan Vətən Müharibəsində iştirak edən Rüfət oktyabrın 29-da Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.



Şəhid əsgərin anası Aynur Əsgərova oğlu il bağlı xatirələrini Azvision.az -la bölüşüb. Onun sözlərinə görə, Vətən Müharibəsində igidlik nümayiş etdirən Rüfət erməni snayperinin hədəfinə tuş gəlib.

“Rüfət döyüşlərdə iştirak etdiyini mənə deməmişdi. Biz onunla dəfələrlə danışırdıq, deyirdi ki, təlimdəyəm. Bir dəfə də zəng edəndə dedi ki, “sənin oğlunu mələklər qoruyur, nədən qorxursan”. Deyirdim ki, Rüfət, axı avtomat səsləri eşidirəm. Deyirdi ki, “yox ana, narahat olma, biz təlimdəyik. Əsgərləri təlimə aparırlar. Sənin oğlun pulemyotçudur, ona ən böyük silahı veriblər”. O qədər fikir vermədim, dedim yəqin elədir. Heç vaxt yalan danışmazdı, cavab verməyəndə deyirdi ki, “məndən heç nə soruşma, sənə yalan danışmaq istəmirəm”.



Aynur Əsgərova oğlu ilə sonuncu dəfə oktyabrın 28-də telefon əlaqəsi saxlayıb:

“Axırıncı dəfə zəng edəndə dedi ki, “ana, ürəyin nə qədər istəyir danış”. Onunla həmin gün çox danışdıq, hər şeydən söhbət etdik. Bilməzdim ki, bu, bizim son danışığımız olacaq. Elə hey narahat olmamağımı deyirdi. Səhəri gün şəhid xəbəri gəldi.

Evin tək oğlu idi. Ərköyün böyümüşdü. Həmişə deyirdim ki, həyatında olacaq hadisələrə özün qərar ver. Universiteti bitirəndən sonra hərbi xidmətə tələsirdi. İstəyirdi ki, əsgərliyini bitirib, yeni həyata atılsın, işləsin. Bir il əsgər olub qayıdacaqdı, amma şəhid oldu, qayıtmadı”.



Övladının hər zaman cəsur olduğunu deyən Aynur xanım onun heç nədən qorxmadığını, yalnız irəli atıldığını söyləyib:

“Qarşısına bir məqsəd qoyurdusa, ona çatırdı. Döyüş yoldaşları o qədər qürurverici sözlər deyirlər. Bu günə kimi mən həyatdayamsa, bu, o sözlərin sayəsindədir. Oğluma çox yaxın olmuşam, onu anlayacaq qədər dost idim. Döyüş yoldaşları deyir ki, Rüfət çox mərd idi, kiməsə kömək lazım idisə, tez özünü çatdırırdı. O, məktəb illərindən belə idi. Dostlarını itirmək istəmirdi, hər zaman onlarla danışırdı. Amma əsgərliyə gedəndə heç kimə xəbər etməmişdi”.



Rüfət Əsgərov Bakının Binə qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunub.

“Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Onların sayəsində bizim Binə qəsəbəsində şəhidlərin abidəsini çox gözəl düzəldiblər, demək olar ki, muzeydir. Bütün şəhid anaları tərəfindən onlara təşəkkür edirəm.

Eyni zamanda, Rüfətin bəzi əşyalarını Zəfər Muzeyinin Fonduna təqdim etdim. Onun ən sevimli köynəyini, qol saatını, xoşbəxt anını əks etdirən şəklini, hərbi formada olan fotosunu təhvil verdim. O şəkillərdə çox xoşbəxtdir, gözləri gülür. Onun əsgərlikdəki dəftərçəsini mənə verdilər, orada yazmışdı ki, “kişi kimi yaşa, kişi kimi öl”. Oğlum bilirdi ki, şəhid olacaq”, - şəhid anası söyləyib.

Qeyd edək ki, şəhid Rüfət Əsgərov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.









Aytən Zəhra
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Azvision.az


Teqlər: Vətən-müharibəsi   Şəhid   Əsgər  





Xəbər lenti