Cənnət haradır və necədir? – ARAŞDIRMA

Cənnət haradır və necədir? – ARAŞDIRMA
  06 Mart 2014    Oxunub:31559
Əksər inanclar insanlara ölümdən sonra yaxşı əməl sahiblərnin gedəcəyi gözəl bir dünya vəd edir. Bu səadət dünyası haqqında təsəvvürlər də, onun müxtəlif dillərdə və dinlərdəki adları qədər müxtəlifdir.

O aləmə qədim əcdadlarımız “uçmaq”, qədim romalılar “elizium”, qədim slavyanlar “irıy”, qədim almanlar və skandinaviyalılar “valxalla”, qədim misirlilər “iaru” deyiblər. Yəhudilikdə “Qan Eden”, xristianlıqda “edem”, islamda “cənnət”, Vedalarda “svarqa” adlanan xoşbəxtlik aləmini əbədi sayanlar da var, onun müvəqqəti bir yer olduğuna inananlar da.

Uçmaq

Qədim əcdadldrımızın təsəvvüründəki uçmaq (uçmağ) bol nemətlər, yaşıl bağlar dünyasıdır. Ora həm də işıqlı, sevinc dolu bir məkandır. Bəzi araşdırmaçılar yanlış olaraq “uçmaq” sözünü ruhun bədəni tərk etməsindən sonra quş qılığında cənnətə uçmasına inanc kimi yozurlar. Əslində isə bu sözün özü də tenqriçilikdə can (ruh) barədə mükəmməl bilgilərin olmasından xəbər verir. Belə ki, canın növbəti aləmə gedişinin uçuş kimi xarakterizə edilməsi onun heç bir nəqliyyat vasitəsinin köməyi olmadan fəzada maneəsiz hərəkət etməsinə işarədir. Bunun başqa bir sübutu isə “ölüm” sözünün sinonimi olan“uçabarmaq” sözüdür. Bu isə təkcə uçmağa (cənnətə) yüksəlişin deyil, ümumiyyətlə, canın təni tərk etməsinin bir uçuş kimi dəyərləndirilməsi deməkdir.

İrıy - qədim slavyanların cənnəti

Qədim slavyanlar cənnəti “irıy” və ya “vırıy”adlandırıblar. İrıyda təkcə ölən insanların ruhlarının yox, quşların, ilanların da yaşadığına inanan slavyanlar köçəri quşların qışda irıya, yayda isə “bu dünyaya” köçdüklərini hesab edirmişlər.

Onlara görə, irıy 2 cür olur: quş irıyı və ilan irıyı. İlan irıyı yerin altında iri bir xəndək kimi təsəvvür edildilirdi. Slavyanlar meşəyə gedənlərə ehtiyatlı olmağı, özlərini ilan irıyına açılan qapılardan – dərin yarğanlardan qorumağı tövsiyə edirdilər. Çünki bu yarğanlardan ilan irıyına yixıla biləcəklərindən qorxurdular.

Bu inancla bağlı nağıllarda meşəyə gedən insanlardan bəzilərinin ilan irıyına yıxılaraq bütün qışı ilanlarla bərabər orada əsas qida olan daşı yaladığından bəhs edilir. Yazda ilanlar torpağın üstünə çıxanda onlar da evlərinə qayıdır. Lakin başlarına gələni danışanlar dərhal ölürər.

İlan irıyının padşahı başında tac olan ilandır. O, adi ilanlardan fərqli olaraq, isanlarla danışa bilir.

Tədqiqatçıların bəziləri slavyan “irıy”ı ilə qədim misirlilərin “İaru”su arasında ad yaxınlığına xüsusi diqqət ayırırlar. Lakin Osirisin cənnəti İarunun təsvirində fərqli mənzərələrlə qarşılaşırıq. Misirlilər İarunun qərbdə olduğuna inanırdılar. Onların inancına görə, İaruya Günəş şəfəqlərindən hörülmüş atla səyahət edərək və Osirisin məhkəmə zalından keçməklə çatmaq olar.

Cənnət

Quran cənnəti mömin müsəlmanların əbədi olaraq qalacaqları bir axirət məkanı kimi təqdim edir. Cənnətdə düşənlərə mükafat kimi müxtəlif maddi həzz vasitələri (gənc qadınlar, şərab, dadlı meyvələr, fiziki gözəlliklər və s.) vəd edilir. İslama görə, kafirlər cənnətə ümumiyyətlə, girə bilməzlər. Müsəlmanların günahkarlarını isə Allah ya dərhal bağışlayır, ya da günahkar müsəlman bir müddət Cəhənnəmdə cəzasını çəkdikdən sonra Cənnətə giriş icazəsi qazanır.

Quran cənnəti belə təsvir edir: “… onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandıracaqdır. Onlar orada taxtlara söykənəcək, nə günəş (qızmar isti), nə də sərt soyuq görəcəklər. (Cənnət ağaclarının) kölgələri üstlərinə düşəcək, meyvələri də onların ixtiyarında olacaqdır. (Cənnətdəki xidmətçilər) onların ətrafında gümüş qablar və büllur qədəhlərlə dolanacaqlar. Gümüşdən olan elə büllur ki, onları (sahiblərinə) münasib ölçüdə etmişlər. Orada onlara zəncəfil qatılmış şərab da içirdiləcəkdir. (Zəncəfil) orada bir çeşmədir ki, Səlsəbil adlanır. Onların dövrəsində həmişəcavan (xidmətçi ) oğlanlar olacaqdır. Onları gördükdə sanki (ətrafa) səpilmiş inci olduqlarını zənn edərsən. Hara baxsan nemət və böyük bir mülk görərsən. Əyinlərində taftadan və atlasdan yaşıl libaslar olcaq, onlara gümüşdən bilərziklər taxılacaqdır. Rəbbi onlara çox pak bir şərab içirdəcəkdir. (Onlara belə deyiləcəkdir:) Bu, sizin mükafatınızdır. Zəhmətiniz (Allah yanında) məqbuldur! (əl-İnsan,11-22).

Həmçinin, cənnət sakinlərinin çoxmərtəbəli evlərdə yaşayacağı deyilir: “Lakin Rəbbindən qorxanları (Cənnətdə) bir-birinin üstündə tikilmiş otaqlar (behiştin yüksək məqamları) gözləyir. Onların altından çaylar axar (əz-Zümər, 20).

Edem bağı

Tövratın Qan Eden – Edem bağı adlandırdığı cənnəti uzaqda, xüsusilə də başqa aləmlərdə aramağa ehtiyac yoxdur. Yəhudilərin müqəddəs kitabı möminlərin ölümdən sonra gedəcəyi yerin elə İsrailin yerləşdiyi qitədə olduğuna iddia edir: “Edemdən bütün cənnəti suvaran bir çay axırdı. Sonra həmin çay dörd qola ayrılırdı. Həmin qollardan birinin adı Fisondur. Bu çay bütün Havil torpaqlarından axıb keçir. O torpaqlarda qızıl var və oranın qızılı çox keyfiyyətlidir. İkinci çay Qihondur. Bu çay isə Kuş torpaqlarından axır. Üçüncü çayın adı Hiddekel (Dəclə), dördüncü isə Fəratdır. Bu çaylar Assuriyanın yaxınlığından axıb keçir” (Tövrat, Yaradılış, 2.10-14).

2-ci və 3-cü çayların adları da, coğrafi mövqeyi də burada dəqiq göstərilib və bu adlar yəqin ki, hər birinizə tanışdır. Burada adları çəkilən ilk iki çayı isə əksər mütəxəssislər Hindistandakı Hind və Qanq çayları ilə eyniləşdirirlər. Bu fkri Yəhudi Ensiklopediyası da təsdiq edir: “... yaradılışın ilk günlərinə aid mətnlərdə Hindistana bəzi dolayı işarələr var. Bəzi mütəxəssislər haqlı olaraq, cənnətdən axan Qeon (Qihon) və Fison çaylarının məhz Hindistandakı Hind və Qanq çayları olduğunu qeyd edirlər”.

Beləliklə, Tövrat insanların ulu əcdadı Adəm və Həvvanın bir zamanlar məhz Hind və Qanq çaylarının sahillərində qayğısız həyat sürdüyünü demiş olur (Yaradılış, 3.22). İlk insan cütlüyü qadağan edilmiş meyvəni daddıqdan sonra oradan qovulur və cənnətin qapıları bütün insan nəslinin üzünə bağlanır. Tanrı həmin qapıya əlində odlu qılıncı olan mələyi (heruvini) keşikçi təyin edir (Yaradılış, 3.24).

Xristianlar əcdadlarımızın qovulmuş olduğu bu cənnəti “itirilmiş cənnət” adlandırırlar. Onların inancına görə, əzəli olaraq mövcud olan daha bir cənnət də vardır – Səma Çarlığı. Əzəli keçmişlə son gələcəyin qovuşduğu məkan kimi xarakterizə edilən bu məkan “qazanılmış cənnət” də adlandırılır.

Rəsmi xristian doktrinasına görə, itirilmiş cənnətə qayıtmaq mümkün deyil. İnsanları gözləyən cənnət isə azadlığın dərk edilməsi yolu ilə qazanıla bilər. Müqəddəslər və onların yolunu davam etdrən möminlər ölümdən sonra Səma Çarlığında xəstəlik, kədər tanımayan sevinc və həzz dolu bir həyata qovuşacaqlar.



Tövratın ilk (Yaradılış) bölməsində Edem barədə fikirləri iki hissəyə ayırmaq olar: birinci hissə Adəmlə Həvvanın yaradılışı və onun cənnətdəki həyatından, ikinci hissədə isə onun qoyulmuş qadağanı pozaraq “xeyir və şəri tanıması”, cənnətdən qovulması hadisəsindən bəhs edir. Tövrata (və ümumiyyətlə, Bibliyaya) görə, Tanrı yeri və göyü yaratdıqdan sonra, ilk insanları yaradıb və onları Edem bağında məskunlaşdırıb. Bu bağda müxtəlif meyvə ağaclarının arasında həyat ağacı, həmçinin xeyir və şər ağacı bitir. Tanrı Adəmlə Həvvaya bütün meyvələrdən yeməyə icazə versə də, xeyir və şər ağacının meyvəsini onlara qadağan edib. Hadisənin Quran versiyasına görə burada söhbət buğdadan, bəzi xristian və yəhudi alimlərinin fikrincə adi almadan gedir. Bir qism yəhudi ilahiyyatçıları isə bu meyvənin əks cinslər arasındakı intim münasibətlərə işarə olduğunu deyir. Bu fikrin tərəfdarları sübut kimi qadağanı pozan əcdadlarımızın dərhal öz çılpaqlıqlarını hiss edib utanmaları, Həvvanın cəza olaraq hamiləlik ağrılarına məhkum edilməsi kimi məqamları qabardırlar.

İncilin tanıtdığı cənət

Bibliyaya aid kitablada “yaxşıların dünyası” ideyası ilk olaraq İncildə açılır. Bununla belə, İncil cənnət barədə geniş təsvirlər vermir. Bu mövzuya aid bütün İncil sitatlarını ardıcıl yazsaq, 10 sətirdən çox olmayacaq. Onlardan birində İsa peyğəmbərlə bərabər “dərrakəli quldur”un da cənnətə girdiyi deyilir (Luka, 23.43). Başqa bir yerdə qaliblərə cənnətin ortasında bitən həyat ağacının meyvələri vəd edilir (Vəhy, 2.7). Cənnətin adı cəkilməsə də, rəsmi kilsənin cənnətə dair ayələrdən saydığı bir yerdə belə deyilir: “... əgər evimiz olan bu dünyəvi çadır yıxılarsa, göylərdə Tanrıdan bir mənzilimiz, insan əli ilə qurulmayan evimiz vardır”(2 Kor. 5:1).

Bu yığcamlığa baxmayaraq, xristianlığın cənnət barədə təsəvvürləri cild-cild kitablara sığmır. A. Dantenin “İlahi komediya”sı və digər bu sayaq bədii xristian ədəbiyyatından əlavə, ilahiyyatçıların qələmindən çıxan saysız əsərlərdə cənnət daha ətraflı təsvir edilir. Xristianların mötəbər mənbələrdən saydığı “İoann Boqoslovun vəhyləri”ndə cənnət belə təsvir edilir: “Mən, İoann, müqəddəs Yerusəlim şəhərini gördüm... O, hündür divarlara malikdir. Onun 12 qapısı var və onları 12 mələk qoruyur.... Şəhərin küçələri şüşə kimi şəffaf təmiz qızıldandır...”

Müəllif nədənsə, səmalarda gördüyü müqəddəs şəhəri təsvir edərkən bəzən. cümlələri keçmiş, bəzənsə gələcək zamanda işlədir: “Onun qapıları gündüzlər bağlanmayacaq, gecəsi isə olmayacaq. O şəhərin küçələrinin hər iki tərəfi ilə çaylar axır. Çayların hər iki sahilində ildə 12 dəfə məhsul verən həyat ağacları bitir. Və o ağacın yarpaqları əhalinin müalicəsi üçündür... ”

Göründüyü kimi, burada təsvir edilən cənnət xəstəliklərdən xali deyil. Hərçənd, ənənəvi Bibliya təsəvvürlərində, o cümlədən, Quranda və Vedalarda təsvir edilən cənnət bu keyfiyyətdən xalidir.

Vedalar cənnət barədə

Vedalarda da Quranın, Tövratın və İncilin tanıtdığı cənnətə bənzər aləmlər haqqında danışılır. Lakin Vedalar bu məsələyə daha geniş bucaqdan baxır. Belə ki, günahsız canların bədəni tərk etməsindən sonra onun gedə biləcəyi dünya onun bütün keçmiş həyatları boyunca nail olduğu ruhi inkişaf səviyyəsinə uyğun olaraq: 1) əbədi ruhi dünya, 2) bu maddi dünyadakı svarqa (cənnət) planetlərindən biri və ya 3) yer tipli orta sistem planetlərindən birində rifah dolu həyat olla bilər.

Əbədi ruhi dünya Krişna-lokalar və Vişnu-lokalar adlı dərkolunmaz dərəcədə hüdudsuz planetlərdən ibarətdir. Bu planetlər heç bir başqa ulduzun köməyi olmadan özündən işıqlı, güllü-çiçəkli, əbədi gənc sakinlərin Tanrı Krişna ilə sevinc, həzz dolu transcendental ünsiyyətdə olduğu aləmlərdir. Onların ən üstünü Qolokadır. Burada Uca Tanrı Krişna və onun bu planetdə əbədi həyat qazanmış pak həmrahları bizim planetdəki 14-15 yaşlı yeniyetmələrlə həmyaşıd sayıla biləcək əbədi bir görünüşə malikdirlər. Ruhi dünya sakinlərinin hamısında olduğu kimi, Qolokada da hər şey, o cümlədən, sakinlərin bədənləri maddi yox, ruhidir. Burada hər addım rəqs, hər söz musiqidir. Bütün maddi dünyalar ruhi dünyadakı bu gözəl həyat – Krişna ilə qarşılıqlı transcendental məhəbbətə nail olmaq üçün yaradılıb.

Maddi dünyadakı yüksək sistem planetlərində də yüksək rifah, minillərlə hesablanan xəstəliklərsiz həyat mövcuddur. Orada qocalıq yoxdur, amma ölüm var. Svarqadakı (cənnətdəkı) həyatını necə yaşamasından asılı olaraq canlı varlıq əbədi dünyaya - Krişnalokalardan birinə qayıda, və ya orta system planetlərindən birinə endirilə bilər. Hər şeyi onun əməlləri ilə qazandığı karması həll edir.

Maddi dünyadakı cənnət – svarqalokalar 9 təbəqəyə bölünür. Bunlardan ilk 7-sinə aid bütün svarqalar İndira adlı deva (mələk) tərəfindən idarə olunur. 8-ci təbəqədə müdriklər, 9-cuda isə bu kainatın baş devası (mələyi) dördbaşlı Brahma yaşayır. Brahmanın yaşadığı planet onun adı ilə Brahmaloka adlanır. Bu planet digər svarqalardan fərqli olaraq, qaba materiyadan deyil. Odur ki, onu hətta digər yüksək sistem planeti sakinlərinin görməsi, oraya gedə bilməsi mümkün deyil. Amma svarqalokalar arası viman adlı yüksək sürətli uçan nəqliyyat vasitələriylə gediş-gəliş mövcuddur. Svarqa sakinləri başqa planetlərə də bu vimanlarla gedə bilirlər. Vedalar vimanların 150 növünü sadalayır.

Yer üzünün ən səfalı hissəsini də Vedalar Bhu-svarqa (bhu –yer, svarqa –cənnət. Yəni, Yer üzünün cənnəti) adlandırır. Bhu –svarqa deyərkən, qədim şastralar məhz Qafqaz dağlarınin cənubunu və İranın şimal torpaqlarını, bir sözlə Azərbaycanı nəzərdə tutur.

Qeyd edək ki, axirət barədə veda konsepsiyasının oxşarı sufizmdə də mövcuddur. Sufilər də cənnətin maddi kainat hüdudlarında, əbədiyyət dünyasının isə bu maddi kainatların hüdudlarından kənarda olduğuna inanırlar. Bunu Yunus Əmrənin aşağıdakı beytində də izləmək mümkündür:
Tutulmadı Yunus canı,
keçdi Tamudan, Uçmaqtan
Yola düşüb dosta gedər,
ol əslinə uyaxmağa.


Cənnətin təbəqələri

İslama görə, Cənnət 7 təbəqədən ibarətdir. Bunlar:
1) Nəim
("Məni Nəim cənnətinin varislərindən elə..." Şuəra surəsi, 85);
2) Ədn ("Şübhəsiz ki, iman gətirənlər və gözəl əməl edənlər məxluqatın ən xeyirlisidirlər. Onların mükafatı Rəbləri yanında Ədn cənnətləridir ki onların altlarından çaylar axar, orada onlar əbədi qalacaqlar, Allah onlardan razı olmuştur, onlar da Ondan razı olmuşlardır. Bu Rəbbindən qorxanlar üçündür" (Bəyyinə surəsi, 8);
3)Firdovs ("İman gətirib yaxşı işlər görənlərin mənzili isə Firdovs cənnətləri olacaqdır!" (Kəhf surəsi, 107 və Muminun surəsi, 11);
4) Məva ("İman gətirib yaxşı işlər görənləri etdikləri əməllər müqabilində qonaq qalacaqları (sakin olacaqları) Məva cənnətləri gözləyir. (Onlar orada Allahın əbədi qonaqları olacaqlar)." (Səcdə surəsi, 19 və Nəcm surəsi, 15);
5)Darus-Səlam: (Əmin-amanlıq yurdu) ("Allah (bəndələrini) əmin-amanlıq yurduna (Cənnətə) çağırır və istədiyini doğru yola salır!" Yunus surəsi, 25 və Ənam surəsi, 127);
6) Darul-Huld: ("Elə bir Rəbb ki, Öz lütfü (kərəmi) ilə bizi (əbədi qalacağımız) iqamətgahda yerləşdirdi. Orada bizə nə bir yorğunluq üz verəcək, nə bir məşəqqət (əziyyət) toxunacaqdır!" Fatir surəsi, 35);
7) İlliyyundan ibarətdir.

(Ardı var)

Yazının davamında:


- Xristian cənnətinin neçə təbəqəsi var?
- Cənnətə kimlər girəcək?
- Cənnət huriləri kimlərdir?
- Cənnətdə Tanrı görünəcəkmi?
- `Həyat ağacı` harada bitir?


Cəmşid Bəxtiyar
Xüsusi olaraq, Azvision.az üçün




Teqlər:  





Xəbər lenti