Xan Şuşinskinin qızı: “Cıdır düzündəki qartal bəlkə də atamın ruhu idi” - MÜSAHİBƏ

 Xan Şuşinskinin qızı: “Cıdır düzündəki qartal bəlkə də atamın ruhu idi” -  MÜSAHİBƏ
  19 May 2021    Oxunub:10146
“Şuşaya ayaq basan kimi diz çökdüm, torpağı öpdüm və ətrini ciyərlərimə çəkdim”.
Bunu Azvision.az -a ustad xanəndəmiz, mərhum Xalq artisti Xan Şuşinskinin qızı, Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyeva Şuşa şəhərinə səfərindən danışarkən deyib. Görkəmli xanəndənin qızı Cıdır düzündə təşkil olunan “Xarıbülbül” festivalından unudulmaz təəssüratlarla qayıtdığını söyləyib.

- İşğaldan əvvəl sonuncu dəfə Şuşada nə vaxt olmuşdunuz?

- Mən son dəfə Şuşada 1979-cu ildə olmuşdum. Çünki ailə qurmuşdum, Gəncədə yaşayırdım. Uşaqlarım körpə olduğuna görə sonralar Şuşaya gedə bilmədim. Ancaq hər an ürəyim orada idi. Uşaqlığım, xoşbəxt günlərimin o şəhərlə bağlıdır. Atam Şuşada sonuncu dəfə 1977-ci ildə olmuşdu. Sonra xəstələndi deyə doğma yurdumuza gedə bilmədi. Şuşadan Xarıbülbül gətirməyimizi xahiş etdi. Hətta xəstə olarkən Xarıbülbüllə çəkilmiş şəkli də var. Sanki Şuşanın ətrini xarıbülbüldən alırdı.



- 43 ildən sonra Şuşaya getmək, Vətənə dönmək necə hissdir?

- Bunu sözlə ifadə edə bilmirəm. Keçirdiyim hisslərin qarşısında sözlər acizdir. 44 günlük Vətən Müharibəsi zamanı sanki özüm də vuruşurdum. Elə bilirdim ki, qəhrəman igidlərimizin yanında səngərdəyəm. Yuxunun nə olduğunu bilmirdim. Gecə-gündüz Allaha yalvarırdım. Deyirdim, ay Allah, əsgərlərimiz Şuşanı necə fəth edəcəklər?! Axı Şuşa zirvədədir. Əvvəlcədən hamıya tapşırmışdım ki, mənə Şuşanın azad olunması xəbərini birbaşa deməsinlər. Ürəyim bu xəbərə tab gətirməyib partlaya bilərdi. Şuşanın işğaldan azad olunmasından əvvəl mənə təbriklər gəlməyə başladı. Özümü yavaş-yavaş hazırlamağa başladım. Cənab Prezident “Şuşa bizə bir nəfəs qədər yaxındır” deyəndə 100 faiz əmin oldum ki, Şuşa bizimdir.

Onu da qeyd edim ki, ötən ilin may ayının 7-də bir yuxu gördüm: Şuşanın daşlı, kəsəkli yollarında idim. Yağış yeri parıldadırdı. Başımı yuxarı qaldıranda Şuşanın Gəncə qapısının yanında olduğumu gördüm. Müğənnimiz Zöhrə Abdullayeva da mənimlə birgə idi. O, tərəddüd edirdi, mən isə can atırdım ki, içəri girim. Sevinclə yuxudan ayıldım. Yuxum gerçək oldu. İndi danışanda qəhərlənirəm. Şuşa işğaldan azad olunanda 700-ə yaxın insan məni təbrik etmək üçün zəng vurmuşdu. Mən isə zənglərə cavab verə bilmədim, bir saat oturub hönkür-hönkür ağladım.

1993-cü ildə həyat yoldaşım məni İsveçrənin Sürix şəhərinə apardı. Dedi, sən oradan Şuşanın qoxusunu alacaqsan. Ancaq bu şəhər də Şuşaya çata bilmədi. Ulu babam Qarabağ xanı Pənahəli xan Cavanşirin nəslindəndir. Biz Şuşaya qanı, canı ilə bağlı adamlarıq.



- Bildiyimə görə, Şuşa haqqında ilk mahnı atanıza məxusdur.

- Bəli, “Şuşanın dağları” adlı ilk mahnını atam 1930-cu ildə bəstələyib. Sözləri də özünə aiddir. O, bu mahnını yazanda Azərbaycanın müqəddəs bayrağını gələcək nəsillərə ərmağan etmək istəyib. Bu sözlərə görə, onu dəfələrlə Daxili İşlər Xalq Komissarlığına çağırıblar. Sorğu-sual ediblər ki, Sovet Şuşasının başı dumanlı olarmı? Atam Şuşanı canı qədər çox sevirdi. 1929-cu ildə Xankəndində milli musiqi alətlərindən ibarət böyük ansambl yaratmışdı. Atam həm də gözəl tar ifaçısı idi.

- “Xarıbülbül” festivalında Xan Şuşinskinin illər öncəki ifası səsləndi. Çox təsirli səhnə idi. Şuşanın əsl sahiblərinin səsi Cıdır düzündən ətrafa yayılırdı.

- Xanın Cıdır düzündə ifasının səslənməsi nə demək idi?! Biz illərdir ki, bunun həsrətini çəkmişik. Atamın ifası səslənərkən göydə qartal uçmağa başladı. Bəlkə də bu qartal atamın ruhu idi. Mənə elə gəlir ki, o, haqq dünyasında şad olub. Əziz Prezindetimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə təşəkkür etdim. Şuşaya Qafqazın, Şərqin konservatoriyası, Kiçik Paris deyilirdi. Ölkə başçımız Şuşanı mədəniyyət paytaxtı elan etdi. Onun ideyası ilə “Xarıbülbül” festivalı çox yüksək səviyyədə keçirildi.



- Şuşaya qədəm qoyanda ilk olaraq gözləriniz kimi və ya nəyi axtarırdı?

- Yol boyu elə həyəcan keçirmişdim ki, bütün bədənim əsirdi. Nitqim tutulmuşdu. Dünyanın 30-a yaxın ölkəsində olmuşam. Heç bir ölkəyə gedəndə belə həyəcan keçirməmişəm.

Xalqımızın ziyalıları bir-bir avtobusdan düşdükcə, gözüm mərhum bəstəkarlarımız Vasif Adıgözəlovla Süleyman Ələsgərovu axtarırdı. Onların hər ikisi Şuşa, Qarabağ həsrəti ilə dünyalarını dəyişdilər. Şuşaya ayaq basan kimi diz çökdüm, torpağı qucaqladım, öpdüm və ətrini ciyərlərimə çəkdim. Heydər Əliyev Fondu mənə atamın evinə getməyə şərait yaratdı. Həyat yoldaşım, Xalq artisti Fikrət Verdiyev və kürəkənim, Xalq artisti Murad Hüseynovla birgə ora baş çəkdik. Biz Üzeyir Hacıbəyovla qonşu olmuşuq. Ötən əsrin əvvəlində babamın Şuşanın ətrafında -Xoca, Kor ocaq və Ballıca adlı 3 kəndi olub. Eyni zamanda, Şuşanın mərkəzində 3 böyük mülkə sahib imiş. Sovet dönəmində onlar yandırılıb, talan olunduqdan sonra atam 1960-cı ildə Üzeyir bəyin qardaşı, Zülfüqar bəyin evini satın almışdı. Hər il yay tətilini biz orada keçirirdik.

Uzeyir bəyin evinin pilləkənlərinə ayaq basanda həyəcandan ayaqlarım tutuldu. Mənim qoluma girdilər, su verdilər, xeyli müddətdən sonra özümə gəldim. Evimizi belə vəziyyətdə görəndə narahat oldum, özümü çox pis hiss etdim.

Bağçamızda qalan güllərin ləçəklərindən öpdüm. Bulağımız var idi. İndi yoxdur. Darvazamızı da söküb aparıblar. Həyətin yarısı yoxdur, ağacları qırıblar. Bircə tut ağacımız qalır. Evimizi dağıdıblar, bünövrəsinə möhkəm olduğuna görə toxuna bilməyiblər. Öz həyətimizdən atamın və anamın məzarı üstünə tökmək üçün torpaq götürdüm.



- Şuşada olarkən daha çox hansı xatirələriniz gözünüzün önündə canlandı?

- Şuşada o qədər xoşbəxt günlərimiz olub ki... “Xan Şuşaya gəldi” deyəndə bütün Şuşa ayağa qalxırdı Hamı həvəs və həsrətlə Xanın gəlişini gözləyirdi. Şəhərin mərkəzində “Güllü bağ” deyilən bir yer var idi. Orada elə güllər əkilmişdi ki, başqa ölkələrdə mən elələrini görmədim. Orada atamın skamyası var idi. Əgər bağa 100 adam gəlsəydi və 10-u ayaq üstə qalsaydı, yenə də heç kim oturmurdu. Ora Xanın yeri idi. Ona çox hörmət edirdilər. Bu hörməti, sevgini atam öz şəxsiyyəti, sənəti ilə qazanmışdı.



Şuşa müasir və beynəlmiləl şəhər idi. O dövrdə Şuşaya gələn turistlər atam haqqında eşidəndə onlar atamla görüşmək, avtoqraf almaq istəyirdilər. Atam buxara papağını başına qoyardı, orden və medallarını sinəsinə taxardı. Bizim həyətdə şəkil çəkdirib, avtoqraf alardılar. Soyuducudan istifadə etmirdik. Həyətimizdəki bulağın altına nəyi qoyurduqsa, iki dəqiqədən sonra buz kimi olurdu. Biz Şuşaya çatan kimi bütün qohumlar yığışıb gələrdilər. Şəhər qaynayırdı, Şuşa əsl mədəniyyət mərkəzi idi.

Şuşanın çox maraqlı, gözəl təbiəti var. Bir dəqiqənin içində hava dəyişir, gün batır, yağış yağır. Sonra yenidən günəş çıxır. Oradakı gül- çiçəkdən elə ətir gəlir ki, insan cənnətdə olduğunu düşünür. Şuşa səfəri ilə mənim ömrüm uzandı. Allaha şükür edirəm ki, mən bu günü gördüm. Hamı bir-birini qucaqlayıb, gözaydınlığı verirdi.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: XanŞuşinski   Şuşa  





Xəbər lenti